Təhsil sistemi və Kuirlər
Azərbaycanda son illərdə təhsil müəssisələrində kuir şagird və tələbələrin məruz qaldıqları bullinqi ictimailəşdirdiyinin şahidi oluruq
08/Aug/23
1534
Təhsil sistemi və Kuirlər
Azərbaycanda son illərdə təhsil müəssisələrində kuir şagird və tələbələrin məruz qaldıqları bullinqi ictimailəşdirdiyinin şahidi oluruq. 2019-cu ildə kuirfobiya və bullinq qurbanı olan Elina Hacıyevanın intiharı sosial şəbəkələrdə kütləvi etirazlara səbəb oldu. Böyük əksəriyyət məhz bu hadisədən sonra bullinq termini ilə tanış olmuş, dövlət qurumları isə müxtəlif bullinq əleyhinə tədbirlər həyata keçirməli olmuşdular.
Elm və təhsil naziri Emin Əmrullayev 2021-ci ildə bildirmişdi ki, məktəbdaxili qısnama halları ilə mübarizə mexanizmi hazırlanır. Lakin hələ də anti-bullinq qanunu qəbul edilməyib və fərdləri qoruyacaq heç bir işlək mexanizm yoxdur. Bullinq əleyhinə qanun qəbul edilmədiyindən zərərçəkənlərə qarşı törədilmiş hadisələr ağırlaşdırıcı hal kimi hesab olunmur və bullinq edənlərə ədalətli cəza tətbiq edilmir. Anti-bullinq qanunundan savayı, Azərbaycan Respublikası qanunvericiliyində kuirləri qoruyan anti-diskriminasiya qanunu yoxdur. Buna görə də, kuirlər həyatın istənilən sahəsində ayrı-seçkiliyə, qısnamaya, zorakılığa məruz qalır.
2021-ci ildə bullinqlə mübarizə aparmış Əli Məlikov, daha sonra isə mən, Aleks Şah bizə qarşı baş vermiş qısnama hadisəsinə təhsil müəssisəsinin və dövlət qurumlarının mövqeyindən şikayətçi olmuşuq.
Əli Məlikov bildirir:
"Düşünürəm ki, bullinq əleyhinə qanun qəbul edilərsə belə, əsas mövzu o mexanizmin işlək olmasındadır. Məzunu olduğum 244 nömrəli məktəbdə Elina işindən sonra bullinqlə bağlı tədbirdə bizim şəklimizi çəkdikdən sonra “gedə bilərsiniz” demişdilər. Maarifləndirmə işləri zəifdir deyə, uşaqlar heç bullinqin nə olduğunu bilmir.
Kuir kimliklər Azərbaycanda tanınmır deyə, kuirfobiyaya məruz qalmış məktəbliyə müdafiəçi tapılmır. İmtiyazlı ailələrin övladlarını oxutdurduğu özəl məktəblərdə nisbətən vəziyyət ürəkaçandır, lakin kasıb təbəqənin uşaqlarının oxuduğu məktəblərdə hər şey göstəriş üçün icra edilir. Həmçinin pedaqoqların özlərində ciddi problemlər var, məktəblərdə biologiya müəllimlərinin dindən danışmağı buna misal ola bilər. Təhsil sistemimiz millətlərə, müxaliflərə, dinlərə qarşı nifrəti təbliğ edir. Bu cür ən böyük ayrı-seçkiliyi, nifrəti təbliğ edən sistemdən necə gözləyə bilərik ki, bullinq əleyhinə qanunu qəbul etsin.”
Bullinq əleyhinə qanun və ya effektiv qanunvericilik olmadığına görə, mənə qarşı cinayət törətmiş şəxslərə cinayət işi açılmadı. Məktəb rəhbərliyim iki il mənim pozulmuş hüquqlarımı bərpa etməkdə maraqlı olmadılar. Kuir olduğuma görə nazirlikdən gələn rəsmi nümayəndələrlə danışıq zamanı ikiqat diskriminasiyaya məruz qalırdım. Bakı şəhər təhsil idarəsinin rəsmisi Anar Mustafazadə mənə qanunda cinsi oriyentasiya sözü yazılmadığına görə məni qoruya bilməyəcəklərini söyləmişdi. Yasamal Rayon Prokurorluğunda isə prokuror köməkçisi anama: "Bu məsələni bağlasaq, yaxşıdır, utancverici söhbətdir, siz uşağı idmana qoyun və mühitini dəyişin", - demişdi.
Şikayətimə görə üz tutduğum 26-cı polis bölməsində isə cinsi qısnama xarakterli məntiqə əsaslanmayan suallara tuş gəldim. Ümumiyyətlə, məktəbdə məruz qaldığım hadisələr yüngülləşdirildi və zorakı şəxslər sadəcə yazılı üzrlə cəzalandırıldılar.
Təhsil müəssisələrində kuirlərin hazırkı vəziyyətindən məlumatlı olmaq üçün müxtəlif şəxslərə sorğu ünvanladım:
1) Oxuduğunuz müəssisədə LGBTQİ+lar hansı problemlərlə qarşılaşırlar?
2) Yardıma ehtiyacı olan LGBTQİ+lar təhsil müəssisələrindən yetərincə dəstək ala bilirlərmi?
3) LGBTQİ+lar özlərini açıq şəkildə ifadə edə bilirmi?
4) Müəssisə rəhbərliyi LGBTQİ+ları qorumaq üçün nələr edir?
5) LGBTQİ+ların təhsil ocaqlarında təhlükəsiz, inklüziv, bərabər təhsil almağına maneə törədən əsas səbəblər kimi nələri nümunə göstərə bilərsiniz?
6) Təhsil müəssisələri LGBTQİ+ları qorumaq üçün nə kimi tədbirlər həyata keçirə bilər?
132-134 nömrəli Təhsil Kompleksinin məzunu, şərti adı Jalə Hüseynli olan biseksual qadın deyir:
“Oxuduğum müəssisədə kuirlər heteroseksual oğlanların təzyiqlərinə məruz qalır, utandırılır və ayrı-seçkilik görürlər. Buna görə, özlərini rahat hiss edə bilmirlər. Açıq şəkildə kimliyini demək hazırda təhlükəsizliyi poza bilər. Kuirləri qorumaq üçün rəhbərlik tərəfindən heç bir addım atılmır. Məsələn, kuirlər dərsə cavab verməyə və ya hər hansı fəaliyyətə qoşulmağa çalışdıqda onlar sayılmır və sinif yoldaşları tərəfindən zəif bir insan kimi qəbul edilir. Uşaqlara və müəllimlərə bunun normal bir hal olduğunu, seçim olmadığını başa salmalıdırlar və onlara təzyiq göstərən şagirdlərlə ciddi şəkildə söhbət aparılmalıdır, əgər davam edərlərsə, cəza tətbiq edilməlidir.”
Azərbaycan Dövlət Neft və Sənaye universitetində təhsil almış kuir fərd Murad Miri deyir:
“Təhsil həyatımda kuirlərin və mənim ən böyük problemim ifadə azadlığımızın olmamasında idi. Məktəblərdə kuirlər geyimləri seçməkdə çətinlik çəkir. Bioloji cinsə görə təyin edilmiş geyimlərin olması translara problem yaradır. Təhsil ocaqlarında heç bir maarifləndirmə işləri aparılmadığından kuirlər təhlükəsiz deyillər və dəstək ala bilmirlər. Hətta biz şikayət verdikdə, ehtimal var ki, üz tutduğumuz şəxslərdən təzyiq görək.
Ona görə də, kuirlər şikayət etməkdən çəkinirlər. Qanundan əlavə, ilk əvvəl təhsil verən pedaqoq homofob olmamalıdır və işəgötürən bu mövzuda şəxsin düşüncələrinə diqqət yetirməlidir. Dəyişməsi lazım olan birinci şey sistemdir, hal-hazırda biz homofob birini homofob müəssisəyə şikayət edirik deyə, nəticə göründüyü kimidir.
Məncə, həmçinin müəssisədaxili kuir icma şəbəkələşsə və birgə mübarizə aparsalar, müəyyən uğur qazanmaq olar. Amma hələ ki, təhsil sistemində vəziyyət ürəkaçan deyil, ona görə də, hər kəsi təşkilatlanmağa dəvət edirəm, dövləti isə maarifləndirmə işləri aparmasına səsləyirəm.”
20 nömrəli məktəb-liseyin məzunu Sofiya deyir:
“Məzun olduğum müəsissədə başıma heç bir hadisə gəlməyib. Biseksual olduğumu dostlarıma deyəndə heç bir mənfi reaksiya ilə üzləşməmişəm. Səbəbini isə məktəbimizin başqalarına nisbətən müasir olduğunda görürəm. LGBTQİ+lar əgər özlərini bildirirsə, özləri kimi olduğlarına görə dəstək görmürlər. Lakin lezbiyanlara normal baxıldığı halda, geylərə nədənsə bullinq olunur.
Məktəbimiz kuirləri qorumaq üçün heç bir tədbir və ya fərqindəlik keçirtməyib. Aktivistlərin səyləri nəticəsində inkişafı hiss edirəm. Lap yaxın gələcəkdə hər şeyin düzələcəyinə əminəm.”
225 nömrəli məktəbin məzunu, şərti adı Sevgi İsayeva deyir:
“Oxuduğum məktəbdə LGBTQİ+lar bir çox problemlərlə qarşılaşırlar, ən əsası, onları qəbul etmirlər. Öz dəyərlərinə görə əzirlər, həmin şəxslərə qarşı alçaldıcı sözlərdən istifadə edirlər. Düzdür, qəbul edib hörmət bəsləyənlər də az deyil, lakin bəzən iyrənc sözlərlə qarşılaşırlar, bunların qarşısı alınsa, çox sevinərəm. Çünki dinindən, irqindən, kimliyindən aslı olmayaraq hər birimiz insanıq. Həmrəy olmaq borcumuzdur.
Qısnama görən insan, təbii ki, özünü açıq şəkildə ifadə edə bilmir, lakin düşünürəm ki, onlara dəstək olan yoldaşları ilə birlikdə olanda bunu bacarırlar. Maarifləndirmə yoxdur deyə, müəssisə rəhbərliyi LGBTQİ+ın nə olduğundan xəbərsizdir. Kuirlər arasında birlik olsa, düşünürəm ki, təhlükəsiz həyat olar. Məktəb rəhbərliyi və pedaqoji heyət kuirlərə qarşı heç bir ayrı-seçkilik, bullinq etməsələr, bunun özü böyük bir tədbirdir.”
Sosial işçi Elnur Musayev deyir ki, anti-bullinq qanunun olması vacibdir. Çünki, bu qanunun olmaması bizi ciddi şəkildə çətin prosesin içinə aparırır.
Belə ki, 18 yaşından aşağı şəxslərin hüquqi öhdəliyi ya valideynlərində, ya da dövlətin üzərində olur. Lakin məktəblilər bu qanunun olmamasına görə, hara müraciət edəcəklərini və nə edə biləcəklərini bilmirlər:
“Sosial işçilər də bu qanunun olmamasına görə, müraciət edən benefisiarlarına əsaslı şəkildə dəstək göstərə bilmirlər. Belə ki, onların 18 yaşından aşağı şəxslərlə işləmək hüququ olmadığı üçün və sözügedən qanunun da olmamasına görə, bu, bizim üçün ciddi çətinlik yaradır. Sosial işçilərə müraciət edən şəxslərin problemlərini həll etmək üçün yeganə variant olaraq dövlət qurumlarına yönləndirmə edirlər, burada isə sözügedən qanunun olmaması və olanlar üçün işlək mexanizmlərin olmaması kuirləri və xüsusilə, məktəbli kuirləri çıxılmaz vəziyyətə salır.”
Bəs digər ölkələrin təcrübələri nə deyir?
BMT üzvü olan 193 ölkədən 130-da LGBTQİ+ olmaq leqaldır. Üzv olan 63 ölkədə isə cinsi oriyentasiyaya görə nifrət, zorakılıq və ayrı-seçkilik edənlərin cəzalandırılması barədə qanunda maddə var. Qonşu Gürcüstanda cinayətin cinsi mənsubiyyətə görə törədilməsi məsuliyyəti ağırlaşdıran amil hesab olunur. Avropa ölkələrində isə mənzərə belədir:
İsveçrə: LGBTQİ+lara cinsi oriyentasiyasına görə açıq şəkildə nifrət və ayrı-seçkilik edən, gender mənsubiyyətinə görə ona xidmət göstərməkdən imtina edən, sözlə, hərəkətlə, yazıyla açıq şəkildə alçaldıcı hərəkətlər edənlər 3 ilədək azadlıqdan məhrum edilir.
İspaniya və Yunanıstan: cinsi oriyentasiyaya görə edilən cinayət məsuliyyəti ağırlaşdıran hal sayılır.
Albaniya: şəxsi cinsi mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qoyan dövlət orqanı işçisi pul və ya 5 ilədək həbs ilə cəzalandırılır.
Xorvatiya: kiminsə gender mənsubiyyətinə görə hüququnu pozub, ləyaqətini alçaldanlar 5000$ cərimələnirlər.
Avstriya, Macarıstan, Monteneqro: LGBTQİ+ları gender mənsubiyyətinə görə zorakılığa məruz qoyan və ya bunu açıq şəkildə təbliğ və təhrik edənlər Avstriyada 2 il, Macarıstanda 5 il, Monteneqroda isə 6 aydan 5 ilədək həbs oluna bilərlər.
Müəllif: Aleks Şah
İllustrator: Aydan Həsənova
Powered by Froala Editor