Qapılar Bakı metrosunda yenə bağlanır
Nəhayət ki, cəsarətinə və gücünə güvəndiyim rəfiqəmlə birgə Sahil metrostansiyasına tərəf addımlayıram
18/Aug/23
1813
Qapılar Bakı metrosunda yenə bağlanır
Nəhayət ki, cəsarətinə və gücünə güvəndiyim rəfiqəmlə birgə Sahil metrostansiyasına tərəf addımlayıram. Bu, mənim illər sonra Bakı metrosuna ilk minişimdir. 5 avqust, saat 17:30-dur. Bakı mənim üçün arzularımın öldüyü yerdir. Vətəndaşı olduğum ölkədə bir gün cəsədim küçədən tapılmasın deyə, günümə əncam qılaraq, bahalılıqla şəhərin mərkəzinə piyada gələ biləcəyim evdə yaşayıram. Əmin olun ki, qazandığım maaşın demək olar, hamısını kirayə puluna ödəmək mənim zövqüm deyil. Bu gün ilk dəfədir ki, pulum qalmadığı üçün metroya minmişəm. Metronun giriş ödənişi artıq 40 qəpik olubmuş. Son dəfə 1-2 il öncə metrodan istifadə edəndə hələ yeni artımla 30 qəpiklik nəqliyyat üçün bütün xalq olaraq deyinirdik. Metrodan istifadə etməsəm də heç yerdə qəfildən artmış qiymətlərin müzakirələrini görməmişdim. Yəqin ki, artıq qalib xalq “dövlət büdcəsini doldurmaq” bəhanəsi ilə cibgirliyi qəbul edib. Saçlarım göy rəngdədir və qulağımda sırğalar var, rəfiqəmin sinəsində isə “hürr” yazılı tatu var. Mərkəzə yaxın qaldığımız evdən çıxmaq məcburiyyətində olduğumuz üçün rəfiqəmin anasının Neftçilər metrostansiyasının yanında yerləşən evinə gedirik. Sahil stansiyasının eskalatorundan enərkən arxamızca platformaya tərəf yaxınlaşan 6 nəfərlik potensial problemli azərbaycanlını müşahidə edirdim. Onlar hamısı təriqət üzvləri kimi uzun kəkil saxlayıb, mokasin ayaqqabı geyinmişdilər. Birdən-birə aralarında bizə söz eşitdirərcəsinə bir cümlə səsləndi: “Qaqa, dəyməz, belələrinə görə dalaşma, keç bu tərəfə!”
Onların hər biri bizimlə eyni vaqona mindilər və yol boyu arxamızca söyüş söyərək, gülərək yollarına davam etdilər. Həmin dəstənin yaş ortalamasının 20 olduğuna əminəm. Onların heç bir provakasiyasına uymadan gedəcəyimiz stansiyaya çatmağımızı gözlədik. Bu periodda isə vaqonun güzgüsündəki kofe reklamını izləyərək metro xatirələrimi düşünməyə başladım.
Uşaqlığımdan bəri bir küncündə ailəmi, dostlarımı, dəyərlərimi - hər şeyimi itirdiyim bu şəhərdə get-gedə küçələrimi də itirmişəm. İlk dəfə 16 yaşım yeni tamam olduqda evdən çıxdığım günü xatırlayıram. Hər zaman sosial media vasitəsi ilə özü kimiləri tapmağa çalışan balaca uşaq kimi ilk cəsarətimi göstərmişdim. Feysbuk vasitəsilə tanış olduğum LGBTQ+ icması ilə nəhayət görüşmək şansım var idi. 2019-cu il, 17-18 yanvar günündə söhbət qruplarımızda mərhum aktivist İsa Şahmarlı üçün anım günü keçiriləcəyi elanı paylaşılmışdı. Tədbirin olacağı gün mənim ingilis dili hazırlığım var idi. Lakin həmin görüşü qaçıra bilməzdim, necə yəni, mənim bütün virtual dostlarım və tanışlarım orada olacaq, özü də həyat hekayəsini oxuyaraq aktivizmə həvəsləndiyim yoldaşımızın anım günündə! Ona görə də dərsi qırmaq üçün planlarımı qurmağa başladım. Həmin günün yaxınlaşdığını hiss etdikcə kəpənək kimi evdə süzürdüm, bütün gün öz həyat hekayələrimi təkrarlayaraq ən yaxşı nitqi qurmağa çalışırdım, özümü necə təqdim edəcəyimi düşünürdüm. Eləcə də gün yaxınlaşdıqca hamıya “müqəddəs” yalanımı necə deyəcəyimi planlayırdım. İlk dəfədir ki, yaşadığım mikrorayondan bu qədər uzaqlaşaraq onlarla yeni insanın əhatəsində, heç bilmədiyim məkanda - anamın məni həmişə görməkdən qorxduğu o “kruq”da olacaqdım! Gün gələndə metroya sürətlə qaçıb, bir-bir stansiyaların 28 Maya tərəf getməyini gözləyirdim. O vaxt metro gözümə alternativi olmayan vasitə kimi görünürdü. O vaxt elə bilirdim ki, hər dəfə bu yeraltına belə səbrsizliklə girəcəyəm. O vaqonlar məni azad zonalarıma götürən ilk vasitəçilər idi. Əlimdən telefonum alınsa belə, dostlarımın yanına qaçmağım üçün yol idi. Təbii ki, o zamanlar bir gün bunun da əlimdən alınacağını bilmirdim.
Metro mənim üçün insanlarla qapalı ünsiyyət vasitəsi olmuşdu. Hətta bir gün metronun sütunlarına, vaqonlara şüarlar belə yapışdırmışdıq. Bu şüarlara görə metropoliten polisinə çağırılmışdım. O zaman polislərə dediyim bir cümləni təqribən xatırlayıram: “Metro xalqındır, mən də sərnişinlərə mesaj çatdırmaq istəmişəm”. O zamanlar öz ağlımla bomba vətənpərvər cümlə dediyimi düşünürdüm, əlbəttə.
Bir gün anam dizlərimə rezin şəpiklə vurduqda əşyalarımı toplamağa başladım. Bir neçə həftə sonra sadəcə məqalə yazaraq özümə aldığım xırda paltar yığını ilə evi tərk edib, metroya üz tutdum. Özümü göstərməyimə, geyinməyimə, soyunmağıma və əylənməyimə məni aparan vaqonların uzun müddət qorxuma çevriləcəyini bilmirdim. Artıq metrodan istifadə etməyə ehtiyacım olmayacağı bir yerə köçmüşdüm. Bir müddət sonra görünüşümü dəyişdim, sırğalar taxdım, geyimlərim “arvad paltarları” ilə əvəzləndi. İnsanların da baxışları tədricən mənə qarşı dəyişdi. Əvvəl baxmırdılar, sonra yavaş-yavaş diqqətlərini çəkdim, sonra isə üzərimdə mənşəyini hələ tam müəyyənləşdirmədiyim qəzəbi topladım. Bir gün yenə metroya endikdə mənimlə birlikdə Bakıkart terminallarından, üzü platformanın sarı xəttlərinə qədər gələn qəzəbli insanları gördüm. Müvafiq istiqamətdə gedən qatar yaxınlaşdıqda bir neçə insanla vaqona mindim. Bu zaman başımın üzərində dayanan 2 cis-hetero kişi “beləsinin cibinə nəşə atıb, tutuzdurmaq lazımdır” deyərək arxamca qışqırdı. Duruxdum, tutacaqlardan bərk sıxaraq kənar baxışları müşahidə etdim. Deyəsən heç kim petuxun şərlənərək tutulmasından narahat olmayacaqdı. Sadəcə özümü itirməməyə çalışaraq gülümsədim və rezinlə yığdığım saçlarımı cəsarət göstəricisi olaraq açdım. Bu zaman həmin 2 nəfər vaqondan endi və qapıya tərəf baxaraq tüpürdü. Vaqonda məndən başqa heç kim vaqona tüpürülməyindən narahat deyildi. Orada sadəcə mən baş verənlərə qarşı agah idim. Bu zaman metro gözümdə sanki enmək və qalxmaq üçün eskalatoru olmayan Dərnəgül stansiyasının da son olmayacağı, bilinməz uzunluqda yola sahib tunel oldu. Həmin gündən sonra bir daha metroya minməmişdim. İctimai nəqliyyatın hamı üçün quraşdırılmadığı da artıq mənə agah olmuşdu. Bir dəfə isə bir trans qadın metroda hücuma məruz qaldıqda onunla birlikdə metropoliten polisinə şikayət zamanı köhnə qatarlardakı kameraların işləmədiyini bizə demişdilər. Bakı metrosunun gediş məsafələrinin limitli olması, təhlükəsizliyin heç bir marginallaşdırılmaya məruz qalan insan üçün qorunmaması, əlilliyi olanların istifadəsinə yararsız şəkildə quraşdırılması həmin çuxura qarşı məndə qorxu və nifrət yaratdı. Metro götə oxşayır. İçəri doğru gedən anus kimi keçidi, eskalatoru var. Bağırsaqlarda isə insanlar vaqonlarla səyahət edərək lazımi yerlərə getməyə çalışırlar - amma həm metro, həm də bağırsaqlar pox doludur. Di gəl ki, bu qarışıqlığı düzəltmək metropolitenin, daha da konkretləşdirsək hökumətin, davamında isə hər sahəni monopoliyaya almış Əliyevlərin məsuliyyətindədir. Biz isə ictimai nəqliyyatın hər kəsə xitab edən vasitə yox, məhz kasıblar üçün idarə olunan qurğu kimi saxlanıldığını müşahidə edirik.
Həsəd apardığımız 3-5 Avropa ölkəsindən arada deputatların metro ilə işə getdiyi xəbərlərini görürük. Azərbaycanda isə insanlar artıq öldürülməmək üçün metroya minmir. Bir dəfə Nizami metrostansiyasında şortikimə görə mənə hücum etmək istəyən şəxsi oradaki polisə şikayət etdikdə “bu mövzu mənim işim deyil” demişdi. Mən də buna görə polisin yanında həmin şəxsin üzərinə dostumla birgə yeridim və onu söyüb, videosunu çəkərək uzaqlaşdım. Deyə bilərəm ki, metropoliten də hər mənada dərəbəylikdir. İndi isə köhnə Bakı romantikası ilə sosial mediada metro şəkilləri paylaşanları görərək qəzəbli şəkildə bu bloqu yazıram. Bakı metrosu heç bir zaman romantik yer deyil, əksinə, bizim hər yerdə olduğu kimi sağ qalma mübarizəmizi göstərməli olduğumuz başqa bir parkurdur. Məni neçə müddət sonrasında Sahil metrosunda narahat edən hadisə isə həmin ortalama 20 yaşı olan gənclərin heç birinin baş verənlərdən agah olmamalarıdır. Həyatlarındakı hər bir şans əllərindən alınaraq, ucuz əmək kimi görülən gənclərə, onları kölələşdirən sistemin üzlərinə təhqir kimi verdiyi çirkab metroya hər minişdə sistemə etiraz etməmələri məni incidir. İndi isə Bakı metrosunda qapılar bağlanır, amma petuxlar yenə qapının çölündə qalacaq.
Müəllif: Əli Məlikov
Powered by Froala Editor