Aseksual yaxınlıq (intimlik)
Partnyorlu aseksuallar qeyri-cinsi yaxınlıq təcrübələrini bölüşür
18/Aug/23
1329
Aseksual yaxınlıq (intimlik)
Partnyorlu aseksuallar qeyri-cinsi yaxınlıq təcrübələrini bölüşür
“İntim olmaq” ifadəsi çox vaxt “cinsi əlaqədə olmaq” ilə sinonim kimi istifadə olunur. Romantik münasibətlərdə yaxınlıq çox vaxt partnyorunuzla aktiv cinsi əlaqədə olmaqla əlaqələndirilir, sanki bu, kimləsə intim münasibətdə olmağın yeganə yoludur. Gəlin, intimlik haqqında söhbətlərdən tez-tez kənarda qalanların (aseksuallar) təcrübələrini müzakirə edək və “Romantik olub-olmamasından asılı olmayaraq münasibəti intim edən nədir?” sualı haqqında düşünək.
Aseksuallıq nədir?
Aseksuallıq – cinsindən asılı olmadan başqalarına qarşı az cinsi cazibə hiss edənlər və ya ümumiyyətlə hiss etməyənlər üçün nəzərdə tutulmuş termindir. Həyatdakı hər şey kimi, aseksuallıq da aşağıdakıları əhatə edən bir spektrdir:
Boz-aseksuallıq ( gray asexuality) - nadir hallarda cinsi cazibə hiss edirlər və “Ace” spektrinə daxildirlər.
Demiseksual – boz-aseksuallığın növüdür, demiseksual fərdlər yalnız güclü emosional və ya romantik bağ qurduğu insana cinsi cazibə hiss edə bilir.
Bu spektrdə olan fərdlər başqalarına romantik hislər bəsləyə bilər və ya bunu arzulaya bilər. Romantik cazibəni yaşamayanlar isə aromantiklərdir.
Yaxınlıq ≠ Seks
Yaxınlığı cinsi əlaqə ilə eyniləşdirmək düzgün deyil. Bu, cinsi əlaqə olmadan romantik münasibətin pis olduğu və romantik aseksual əlaqələrin real olmaması barədə yanlış təsəvvürə gətirib çıxarır.
Kortni Leyn və Roys 9 ilin aseksual cütlüyüdür. Onlar evliliklərini düzgün hesab etməyənlər tərəfindən təhqir və hücumlara məruz qalıblar: “İnsanlar deyəcəklər ki, biz “sadəcə otaq yoldaşıyıq” və ya evliliyimiz saxta bir məntiq evliliyidir.” Bu, həmçinin insanları belə düşünməyə vadar edə bilər ki, aseksual insanlar tez-tez cinsi əlaqədə iştirak etməməklə, seksdə “bacarıqsız” və ya anadangəlmə “istəksiz”dirlər.
Aseksual yaxınlıq hansı formada özünü göstərir?
Kortni və Roys üçün bu, kifayət qədər qiymətləndirilməyən yataq otağı fəaliyyətidir – birlikdə çarpayıda kitab oxumaq. "Eyni kitaba fokuslanıb, onu növbə ilə bir-birinə ucadan oxumaqda inanılmaz dərəcədə yaxınlıq var." Digər aseksual fərd olan Bubbli üçün bu yaxınlıq, sadəcə olaraq "yanaşı olaraq noutbuklarımızla işləmək"lə də təmin oluna bilər.
Birgə fəaliyyətlər
Keti ərindən boşandıqdan sonra indiki kuir-platonik münasibət yaşadığı partnyoru ilə yaxın dostluq münasibətləri qurub. "Biz tez-tez başqalarının “date” adlandırdığı yerlərə, məsələn, axşam yeməyinə, tamaşaya və ya muzeyə gedirik ”. Kortni və Roys üçünsə belə fəaliyyətlər stolüstü və video oyunları kimi qeyri-cinsi oyun növləridir.
Mari aromantik-aseksualdır və poliamor (çox partnyorlu) münasibətdədir və onlar bir-birilərinin çılpaq şəklini çəkməkdən həzz alırlar. “Qismən çılpaq olmaq və partnyorlarımın bədənimə bu qədər diqqət yetirmələri müdafiəsiz və həssas hiss etdirir. Fırçanın və ya karandaşın yumşaq və incə toxunuşu adamı sakitləşdirir və bunun mənim partnyorumdan gəlməsi bu dərin bağı gücləndirir.
Özünü aegoseksual* fərd adlandıran və aseksual bir qadınla münasibətdə olan Migel üçün birgə fəaliyyət pornoya baxmaq və tərəflərin öz cinsi zövq və ya fantaziyalarını düşünərək masturbasiya etmələridir.
Seksual olmayan toxunuşlar
“Mən qucaqlayır, baş sığallayır və partnyorumun ağrıyan oynaqlarını masaj edirəm. Biz öpüşməkdən həzz alırıq, amma alın öpüşü, qısa öpüş kimi kiçik öpüşlər yaxınlığı nümayiş etdirməyin ən sevdiyim üsuludur”, - Bubbli deyir.
Həm Migel, həm də partnyoru cinsi əlaqədən çəkinsələr də, digər fiziki təmas formalarından həzz alırlar. Onun həmçinin ayaqlardan xoşu gəlir və qarşı tərəfə ayaq masajı etməyi xoşlayır. Seks istəməmələri onların bir-birilərinə cazibə hiss etmələrini istisna etmir. "Mən onu indiyə qədər tanış olduğum ən cazibədar qadın hesab edirəm və bildiyim qədər, o da məni cəlbedici hesab edir."
Aseksual olan Elissa 10 ildir ki, panseksual qadınla romantik münasibətdədir. “Bir-birimizin önündə əynimizi dəyişirik, yarıçılpaq olanda belə qucaqlaşır, bir-birimizin döşlərinə çoxlu şillə vururuq. Bu, tamamilə qeyri-seksualdır və həmişə əyləncə üçün edirik." Onlar münasibətlərinin başlanğıcında bir müddət cinsi aktiv imişlər, lakin Elissa bunun davamını istəmədiyini və partnyorunun "narahatlığına hörmət etdiyini” də qeyd edir.
Danışmaq
“Mənim üçün yaxınlıq daha çox jestlərlə əlaqəlidir… İstəyəcəyimi düşündüyünüz bir kitabı mənə borc vermək, məni şənləndirmək üçün ikimizin də bildiyi axmaq bir şeydən sitat gətirmək və s.”, - Migel deyir.
Keti bildirir ki, hetero bir kişi ilə evli olduğu vaxt "fiziki yaxınlığın bir növ mütləq və məcburi olduğunu" hiss edirdi. İndi isə onun partnyoru ilə yaxınlığı "bir-birimizi verəcəyimiz reaksiyaları təxmin edəcək qədər yaxşı tanıdığımızın təzahürü olan dərin söhbətlərdə və həzz alacağımız gəzintiləri planlaşdırmaqda" özünü göstərir.
“Sevildiyimi eşitmək mənim üçün yaxınlıq göstəricisi olan bir addımdır. Partnyorumla birlikdə buludları seyr edərək səssizcə vaxt keçirmək də kifayət qədər səmimi və intimdir. Həqiqətən də hər hansı sakit, səmimi sevgi ifadəsi mənim üçün elə yaxınlıqdır”, - deyə aromantik-asexual olan İzabel qeyd edir.
Sonluq fikirləri
Aseksuallıq – təməlində yaxınlığın durduğu uğurlu münasibətin inkişafının ayrılmaz hissəsi ola bilər, bu, məhdudiyyət və ya limit olmamalıdır. Castinin dediyi kimi: “Mənim üçün aseksual olmaq intim əlaqəni cinsi olmayan yollarla ifadə etmək, araşdırmaq və bəsləmək deməkdir. Mənim üçün yaxınlıq cinsi cazibə və ya cinsi hərəkətlərdən daha çox məna ifadə edir. O, ünsiyyət, həssaslıq və partnyoruma qayğı göstərməkdən irəli gəlir”.
Aseksuallıq və yaxınlıq bir-biri ilə ziddiyyət təşkil etmir. Əslində onlar bir-birilərinə kömək edir.
*aegoseksual - seksual fantaziyalara sahib olan, lakin seksual aktlarda iştirak etmək istəməyən şəxs. O, seksual məzmunlu kontentə baxa, masturbasiya edə bilər.
Məqalə müəllifi: Yasmin Benoit
Tərcümə etdi: Alsu
Powered by Froala Editor