Gəl Dənizlə Barışaq XII bölüm
Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur, Vay o qəlbə ki, boşdur! Hər üfüqdə bir həvəs, hər bucaqda bir umud, İnsanlar daha mə'sud
22/Aug/23
1087
Gəl Dənizlə Barışaq
On İkinci Bölüm
Yenə o bağ olaydı sevdalar ölkəsində,
O söyüd kölgəsində.
İnci qumlar üstündə yenə verib baş-başa,
Yayı vuraydıq başa.
Günlərimiz keçəydi qızğın fərəhlər kimi,
Dolu qədəhlər kimi.
Yarpaqlar arasından uzadaraq əlini,
Oxşayaraq telini.
Mikayıl Müşfiq. “Yenə O Bağ Olaydı.”
Bəlkədə bir saat kontakt listimdə Nicatın adına baxdıqdan sonra “yes” düyməsinə toxunmaq bu axşam etdiyim ən cəsarətli hərəkətdir. Telefonu qulağıma qoyuram. Çağırmasını dinləyərkən gözüm sağ əlimə qaçır. Əlim titrəyir. Yumruğumu sıxıram. Xeyri yoxdur. Titrəməni saxlaya bilmirəm.
Nicat üçüncü çağırışda “Alo” deyir.
Mən tərəfdən səssizlik.
“Yaxşısan, Əli?”
“Alo” demək cəsarəti tapıram. “Yaxşıyam” deyə yalandan əlavə edirəm.
Daha bir səssizlik.
“Niyə zəng vurmusan?”
“Sabah mənimlə konsertə gələ bilərsən?”
“Nə konserti?”
“Milk&Shake konsertinə”, - deyirəm. Ən azından maraqlanmasından aldığım cəsarətlə biletlərdən birini götürüb təfərrüfatına baxaraq: “Dəniz kənarında olacaq. Sea Breeze-də. Saat doqquzda. Zaurla Lamiyə də gəlir. Onları tanımırsan, amma tanış edərəm”, - deyirəm.
“Alo? Dinləyirsən?”
“Sən nə vaxtdan o cür qruplara qulaq asan olmusan?”, - soruşur Nicat. Cavab verməyimə fürsət qoymadan davam edir: “O bir qırağa, Əli. Bu qədər vaxt sonra heç nə olmamış kimi məni konsertə çağırmaq, üstəgəl heç vaxt tanımadığım iki dostunla. Nədir bu? Sənin üzr istəmə tərzin? Ya barışmaq təklifi? Yoxsa...”
“Xaiş edirəm, gəl”, - deyə sözünü kəsirəm.
“Sən yaxşısan? Ağlayırsan? Alo?”
Səsimi düzəltməyə çalışıram. “Yaxşıyam” deyirəm.
“Hardasansa de, gəlirəm”, - deyir Nicat. Xəttin o biri tərəfindən qarışıq səslər gəlməyə başlayır.
“Yox, gəlmə”, - deyirəm. Burnumu çəkirəm. “Sabah gəl. Xahiş edirəm.”
“Yaxşı. Orda olacağam.”
“Söz verirsən?”
“Söz verirəm. Narahat olma.”
Bu cür canyananlığı məni daha da kövrəldir. Ancaq gecələr olur bu. Yaşadıqlarımdan sonra həyatda yaxşı insanların da olduğunu unuduram bəzən. Amma belə anlarda məni kədərləndirən onların yaxşılığına kifayət qədər yerində qarşılıq verə bilməməyimdir.
“Sənə qarşı çox haqsızlıq elədiyimi bilirəm”, - deyirəm. Özümü saxlaya bilmirəm. Hıçqıra-hıçqıra ağlamağa başlayıram. “İnan mənə, bilirəm.”
“Hey, hey, sakit ol. Sakit ol, Əli. Qulaq as mənə.”
“Sabah yanımda ol. Ondan sonra sənə hər şeyi danışacağam. Söz verirəm.”
“Yaxşı”, - deyir Nicat.
Telefonu bağlayıram.
***
O hadisədən sonra dənizə heç getməmişdim. Bütün bu vaxt ərzində bulvar gəzintiləri, ya da dənizkənarı əyləncə mərkəzlərində keçirilən hər hansı bir tədbirə qatılmaqdan o qədər boyun qaçırmışdım ki, Bakının dillərə dastan, nəğmələrə mövzu olan bu su yığının ətrafında yerləşdiyini az qala unutmuşdum desəm, yalan olmaz. Ailəmin bunu mənə görə etmədiyini qəti surətdə bilsəm də, həmin yaydan sonra onlar da Buzovnadakı bağ evimizə köçüb, bütün yayı orda keçirmək ənənəmizi dayandırdılar. Buna kədərlənən yeganə insan nənəm oldu, amma həyat yaşlı bir insanın dilxorluğunu ciddiyə almaq üçün çox həyəcanlı idi. Atamın onsuz da çiçəklənən ət biznesinin daha da böyüməsi, anamın isə sosial şəbəkələr üzərindən qazandığı influenser şöhrətindən sonra bahalı Baltik səyahətləri, Avropa, Flippin, Tailand turları yaylarını keçirdikləri əsas məntəqələr olmağa başlamışdı.
Mən bunların heç birinə qatılmamışdım. Elə həmin il tamam olan on səkkizinci yaş günümdən sonra bəzi şeylərə yox deyəcək qədər böyüdüyümü, ailəmin də buna hörmət etməyə başladığını kəşf etmişdim. Ya da nə bilim... Bəlkə də həmişə başına pis hadisələr gələn evin uğursuz övladını yanlarında aparmaq istəməmişdilər? Səbəb nə olur olsun, bunun içi mən qarışıq evdəki hər kəsin ürəyindən olduğuna əmin idim.
Bir insanın xəyalındakı ideal istirahət ideyasının niyə dəniz kənarında şezlonqda uzanaraq günəşlənməkdən ibarət olduğunu anlamırdım.
Amma hər şeydən çox Lamiyənin konsert təklifinə hə deyəcək axmaqlığı niyə etdiyimi anlamırdım.
Nicatla danışandan sonra bütün gecəni yata bilməmişdim. Sabahı düşündükcə ürəyim ard-arda altı fincan kofe içmişəmmiş kimi çırpınmağa başlayırdı ki, sabahı düşünməkdən özümü saxlaya bilmirdim. Gözlərimi yuman kimi burnuma dənizin yosunlu qoxusu dolurdu və bədənimdən soyuq tərlər axa-axa yerimdən dik atılırdım. Ora aid bütün kabuslarım məni əhatəyə alırdı. Gözlərimi yuman kimi uşaqların səsini eşidirdim. Məktəbin arxasındakı zibil qablarının yanında məni dövrəyə almış uşaqların naxoş sözlərini... Zakirin toxunuşunu və... Yenidən ayılırdım.
Bir qərar verdim həmin gecə. Dəyişəcəyimə and verdim özümə. Allahla şərt kəsməkdən fərqli hiss etdirirdi bu dəfə. Bu dəfə əmin idim və necəsə bunu düşünmək məni az da olsa sakitləşdirmişdi. Bu günü geridə qoya bilsəm, həyatımı kökündən dəyişib, yeni bir həyata başlayacağıma dair and içdim. Lamiyəyə həqiqəti deyəcəkdim. Niyə onunla birlikdə ola bilməyəcəyimizi və əgər məni belə qəbul edəcəksə, bundan sonra dost qala biləcəyimizi təklif edəcəkdim. Nicata da hər şeyi danışacaqdım. Hətta Rövşənin seansa qatılmaq təklifini belə qəbul edib, ona da ürəyimi boşaldacaqdım.
Gələcəkdə nə vaxtsa bunu bacaracağım xəyalı həmin gün və sonrası məni ayaqda tutan əsas güc qaynağım oldu.
Lamiyə ilə Zaur Nicatın aramıza qatılmağını qəribə baxışlarla qarşıladılar. Nicatın gələcəyini son dəqiqəsinə kimi xəbər etməmişdim, amma xoşbəxtlikdən Nicat canayaxın və əlaqə qurmağı sevən biri olduğu üçün elə yolun başlanğıcında onlara isinməyi bacarmışdı. Yol boyunca seçdiyi mahnılarla, açdığı mövzularla, etdiyi zarafatlarla hər kəsin başını elə qatmışdı ki, kim görsə, elə bil mənim onların arasına ilk dəfə qatıldığımı düşünərdi.
Bütün yolu günəş eynəyimi taxıb, yola baxaraq keçirmişdim.
Hər şey normal gedirdi, amma Buzovna yolundan keçdiyimiz o qısa aralıqda başqa bir dünyaya girmiş kimi hiss etdim. Uşaqlıqda xəstələndiyinizə görə az sonra sizə iynə vurulacağını bilərkən, ya da gələcəyinizi həll edəcək vacib bir imtahana girərkən duyduğunuza bənzər bir hiss idi bu. Axırıncı dəfə burdan ayrılarkən içimdə olan duyğuların daha da iltihablanmış, daha da qaranlıqlıqlaşmış şəkildə üzə çıxması idi. Görüntü olaraq çox şey dəyişmişdi, amma həm də heç bir şey dəyişməmişdi. Əksinə, daha pis olmuşdu.
Ürəyim bulandı. Ardıyca başım gicəllənməyə başladı. Heç nə yemədiyimə görə olduğunu düşünüb, dözdüm. Amma bu hiss konsert yerinə çatandan sonra daha da şiddətləndi.
Maşından enən kimi dənizin duzlu qoxusu üzümə şillə kimi dəydi. Külək qulaqlarımda pır-pır əsərkən qırx dərəcəlik yay havasında üşüməyə başladım. Yosunlu qoxusu içimi zəhərləyərkən illər sonra ilk dəfə Xəzəri görürdüm. Okeanlar geri çəkildikdən sonra geridə buraxdıqları bu mavi su yığınını. Öz çirkli, dibi görünməyən qaranlıq sularında min illərdir ki, insanları içinə dartıb aparan bu təbiət abidəsi mənə orda durub şikarını gözləyən yırtıcı bir heyvan kimi görünürdü.
“Yaxşısan?”
Yerimdə dik atıldım. “Yaxşıyam”, - dedim. Heç də elə görünmürsən deməyini gözləmədən “Bir az içəri keçib, üzümə su vuracağam”, - əlavə etdim.
“Onsuz da biz də suya gedirik”, - dedi Nicat. Dənizi göstərərək: “Gəl suya gir, yaxşı təsir edər.”
Onu qınaya bilməzdim. “Mən dənizdən iyrənirəm. Sizi burda gözləyəcəyəm.”
“Səninlə gəlim?”
“Yox, onlarla get.”
Ora necə gedib çıxdığımla bağlı heç bir fikrim olmasa da, konsert başlayana kimi kafelərdən birinin ərzaq ambarında gizləndim. Vəziyyətin qəribəliyinin fərqində idim, amma bir az sakitləşən kimi qalxıb getməyə çalışanda yenidən əvvəlki kimi olurdum. Beləcə axşama yaxın əlində bir tas yuyulmuş tərəvəzlə məni tapan orta yaşlı bir qadın gələnə kimi ordan çıxmadım. Qadın məni görən kimi tərəvəzləri üstümə atıb, qaçmaqla qışqırmaq arasında seçimlərini dəyərləndirirmiş kimi qorxmuş görünürdü. Böyük ehtimalla, əyyaş, ya da narkoman olduğumu düşünmüşdü ki – sanki ambara soxulmaq kifayət qədər qəribə deyilmiş kimi – gecə yatmadığıma görə üzümün halını fikirləşəndə ona haqq verdiyimi deyə bilərəm.
Qadın oranın müştərisi olmadığımı öyrənəndən sonra daha qınayıcı olmağa başlayarkən dərhal ordan ayrıldım.
Dostlarımı tapanda günəş artıq batmışdı və hər kəs məni axtarırdı. Sanki bu da kifayət qədər qəribə deyilmiş kimi, onlara ətrafda gəzib dolandığımı rahat bir şəkildə dedim.
Bir tərəfdən kafe işçisinin məni azarlaması ilə özümə gəlmişdim. Ürəkbulanmam ilə baş gicəllənməm keçmişdi. Bu, uşaqlıqdan bəri işə yarayan metod idi. Valideyinlərim də etdiyim qəribə hərəkətlərə görə məni utandırdıqdan sonra – bunu edərkən işlətməyi ən çox sevdikləri söz “artistlik” idi – möcüzəvi bir şəkildə normal davranmağa başlayırdım.
Şou başlamağına bir az qalmış hər kəs konsert ərazisindəki üstü açıq məkanın ön tərəflərində yerlərini tutmağa çalışdı. Sponsor olan McDonalds öz milkşeyklərini yarı qiymətə payladığı üçün hər kəsin əlində bunlardan böyük ölçü vardı. Qabların üstünə Milk&Shake qızlarının seksual görünməyə çalışarkən pedofil porno saytına poz veriblərmiş kimi görünən şəkilləri vurulmuşdu. Böyük bir marketinq uğuru sayıla bilərdi.
Ən azından sərinlik verər deyə, şübhəylə əlimə aldığım karton bardağı ehtiyatla ağzıma apardım. Bəlkə də bir gündən çoxdur yemək yeməməyim o dəqiqə özünü büruzə verdi. Qısa bir zamanda üç dolu bardaq çiyələkli milkşeyk bardağını boşaltdım.
Lamiya ilə Zaurun baxmadığı bir vaxt Nicat mənə yaxınlaşıb: “Yaxşı görünmürsən”, - dedi.
“Yaxşıyam”, - deyə yalan dedim. Dizimi əsdirdiyimin fərqinə varıb dayandırdım.
“Bu axmaqlığı davam etdirmək məcburiyyətində deyilik. Gəl, gedək.”
“Yox. Söz vermişəm.”
Dərin bir nəfəs alıb: “İnan mənə, hər şey yaxşıdır”, - dedim. “Sadəcə bu günü yola verməyimə kömək ol. Sonra hər şey yaxşı olacaq.”
Nicatın cavabı konsertin başladığını bildirən səs-küyün içində batdı. Milk&Shake qızları vəhşi kimi səhnəyə atılıb, bir andaca hər kəsi coşdurmağa başlamışdılar. Hamı sürü kimi səhnəyə tərəf axışmağa başlayarkən biz də onlara qoşulduq. Lamiyə çoxdan dəli kimi fanatı olduğu qrupun anlaşılmaz sözlərlə zəngin bu mahnısına öz cingiltili səsi ilə qarşılıq verməyə başlamışdı.
Öz musiqi zövqümün alicənablığı həyatda düzgünlüyündən əmin olduğum az şeydən biri idi. Və bu zövqün indi dinlədiyim səs-küylə yaxından-uzaqdan əlaqəsi yox idi. Musiqi dünyasının fast food-u sayılacaq bu mahnılar rokla elektronikanın ishalından yaranmış iyrənclikdən başqa bir şey deyildi. Yenə də orda durub, neçəncisi olduğunu unutduğum şeykimi qurtumlayarakən Lamiyəyə etdiyim o haqsızlıqlardan sonra bu xırda narahatlığa bir neçə saat dözə biləcəyimi düşünürdüm.
Yanıb sönən rəngbərəng işıqlar, dəlicəsinə atılıb-düşən bir yığın gəncin arsında heykəl kimi durmuşdum. Özümü Blade Runner filminə çəkilirəmmiş kimi hiss edirdim. Ətrafdakı hər kəs mənim hərkətsizliyimə necəsə onlara mane olurammış kimi qəribə baxışlarla baxırdı. Sanki bir az da belə dayansam, onlardan biri olmadığımı anlayıb, məni parçalayacaqdılar.
Bu halımı hər kəs öz milkşeyk bardağını var gücü ilə çalxalayıb, ətrafa sıçratmağa başladığı ana qədər davam etdirə bildim. Konsertə gələn kər kəs bunun olacağını bilirdi, hətta səbirsizliklə gözləyirdi desəm, yeri olar. Milk&Shake qızları hər konsertdə – bəzən kliplərində də – dinləyiciləri adrenalinin zirvəsinə çatdırdıqlarından əmin olduqları anda bu hərəkəti etməyə təşviq edirdilər. Bu, onların sloqanı, ya da qəbilənin üzvü olduğunuzu bildirən işarəsi kimi bir şey idi. Mənə görə isə, açıq şəkildə ereksiyanı simvollaşdırarkən dinləyicilərə daha çox milkşeyk aldırmaq yolunda atılmış başqa bir uğurlu marketinq strategiyası.
Üst-başım buzlu südlə örtülmüş şəkildə özümü kütlənin arasından sıyırıb, çölə atdım. Sənədli filmdə gördüyüm dişi fillərin doğuş etmə səhnələrinə bənzəyirdi halım.
Təmiz havanı ciyərlərimə çəkib, ləngər vuraraq ordan bacardığım qədər uzaqlaşmağa çalışdım. Maşınımıza getməyi fikirləşsəm də, ətrafda o qədər maşın var idi ki, hansının bizimki olduğunu unutmuşdum.
İstədiyim yeganə şey ordan kifayət qədər uzaqlaşmaq, özümü toplamaq və geri qayıtmaq idi. İlk ikisini müvəffəqiyyətlə bacarsam da, üçüncüsü alınmadı.
Səs o an gəlməyə başladı. Çətir və şezlonqların arasından dəniz məni çağırırdı elə bil. Sanki o qədər səs-küyün içindən ancaq mənim üçün səslənən melodiya imiş kimi səslənirdi o dalğa səsləri. Keçmiş bir dostun uzaqdan görüb sizə səslənməsi kimi bir şey idi bu. Səhərdən bəri varlığına məhəl qoymamışdım, amma o məni tanımış, indi də mənə səslənirdi.
İşin məni ən çox təəccübləndirən tərəfi o idi ki, bəlkə də hər gecə İlkini yenidən və yenidən o dalğalara qapdırmağıma baxmayaraq o anda dənizə doğru addımlayarkən nə qorxur, nə də əzab çəkirdim. Sözün düzü, həmin dəqiqlərədə xəyalımda ancaq burda keçirdiyimiz xoş günlər canlanırdı. Qumun üstündə günəşləndiyimiz günlər. Fürsət var ikən bir-birimizin bədəninə toxunduğumuz günlər. Onun günəş şüaları altında parıldayan dərisi. Baxdığımı tutan kimi mənə göz vurması...
Daha da irəli gedib, ayaqlarım suya girənə kimi dayanmadım. Az qala, nəfəsim kəsilirdi, amma bu dəfə hər şey yaxşı idi.
Xatirələr isə qaldığı yerdən axmağa davam edirdi.
Bir insanın doğuşdan ola biləcəyi hər şəkildə xətalı idik, amma birlikdə olarkən bu xətalar yoxa çıxardı sanki. Homoseksual idik. Nə o danışa bilirdi, nə də mən. Nə o yerini tapa bilmişdi ailəsində, nə də mən. Heç birimiz heç vaxt heç kimin sevimlisi olmağı bacarmamışdıq. Mən onun işarələrlə qurduğu cümlələrin bircə sözünü belə qaçırmamaq üçün daimi bir şəkildə əllərinə baxmalı idim. O da mənim dodaqlarıma. Fikirlərimizin minlərlə bildiriş, minlərlə reklam, minlərlə xəbər tərəfindən özünə çəkildiyi bu modern dünyada necə də böyük bir lütf idi buna sahib olmaq. Onunla tanış olana kimi yaradılışımdakı xətaların lənətim olduğunu düşünürdüm. Həyatımın onunla keçirdiyim bir göz qırpımı qədər qısa sayılacaq anlarında isə bundan ilk dəfə şübhə duymağa başlamışdım. Nə bilim. Bəlkə də bacarardı. Bəlkədə sağ qalsaydı, hər şeyə rəğmən sevilməyə layiq biri olduğuma inandıra bilərdi məni. Münasibətimizin sonlarına doğru ona pis davranmağımın səbəbi də bu idi. Bunun ola biləcəyi həqiqəti qorxutmuşdu məni. Mənə göstərdiyi şərtsiz sevginin gücü qorxutmuşdu məni.
Bütün bu illər niyə bir də dənizə yaxınlaşa bilməyəcəyimi düşünmüşdüm ki? Niyə dənizdən nifrət etməyi seçmişdim? Niyə küsmüşdüm ki, bu sulardan?
Halbuki indi rahatlıqla gəlmişdim bura qədər. Əlimi o sərin, o qaranlıq suya salmaq heç də çətin olmamışdı. Əksinə, ləpələr sevimli bir ev heyvanının mehribanlığı ilə qabağa gəlib, qamarlamışdı əlimi.
Birdən sərin suyun içində qəribə bir istilik hiss etdim. Mənim burda olduğumu anlayıb sahilə qədər gəldiyini düşünməkdən özümü saxlaya bilmədim.
İlkinin cənazəsinə qatılmamışdım. Cansız bədəni torpağa basdırıla bilərdi, amma mənim üçün onun ruhu hələ də burda idi.
Gülümsəmə yayıldı üzümə.
Ayağa qalxıb, paltarlarımı çıxardım və suyun içinə addımladım. Suyun səviyyəsi dizlərimdən yuxarı doğru qalxdıqca həmin istiliyi hər yerimdə hiss etməyə başladım.
Bütün bədənimə yayılmış milkşeykin qurumuş, yapışqanlı qalıntılarını yuyub, keçmişin istənməyən ləkəsi kimi geridə qoyub, daha da irəlilədim.
Su sinəmə qədər gəlmişdi. Bu, mənə İlkinlə dənizə girdiyim o günü xatırladırdı. Həmin gün ilk dəfə İlkin məni suyun üstündə dayandırmağa çalışmışdı. Qolları ilə məni suyun üstünə qaldırdığı hər səfərində yenidən bacara bilməyib, batmışdım.
“Çox gərginsən. Suya təslim ola bilimirsən”, - başa salmışdı işarələrlə.
Görəsən indi bacaracara bilərdimmi?
Qollarımı yanlara açıb, suyun üstündə yarpaq kimi qalmağa çalışdım. Amma nə qədər çalışdımsa, alınmadı. Hər dəfəsində suyun dibinə çəkilməkdən özümü güclə saxlayırdım. Buna rəğmən durmadan çabaladım.
Getdikcə bu vəziyyət məni əsəbləşdirməyə başladı. Sanki bunu bacara bildiyimi İlkinə göstərə bilsəm, ona dəyişdiyimi də gösətərə biləcəkdim. Sanki bunu bacara bilsəm, onun məni bağışlayacağından əmin olacaqdım. Sanki bunu bacara bilsəm, bura gəlməzdən əvvəl özümə verdiyim anda sadiq qala biləcəkdim. Həyatım yaxşılığa doğru dəyişəcək, axır ki, özümü qəbul edə biləcəkdim.
Nə qədər də axmaq bir ümid idi. Hər şey filmlərdəki kimi romantik olmurdu təəssüf ki.
Dənizdən nə qədər aralandığımın fərqinə vardığım an qorxmağa başladığım an idi. O qədər çabalamışdım ki, qollarımda güc qalmamışdı və mən, yavaş-yavaş batırdım. Qollarımda qalan son güclə ancaq suyun üstündə qala bilirdim. Sahil bəzən cəsarət edib mənim də həyatımı normal insan kimi yaşamağa dair qurduğum ideal həyat kimi uzaq görünürdü.
Batırdım.
Bir nöqtədən sonra müqavimət göstərməyi dayandırdım.
Kömək edin deyə qışqırmadım da.
Suya təslim ola bilimirsən... Bəlkə İlkinin demək istədiyi bu idi? Duzlu su ağzıma dolarkən heç nəyə mane olmadım.
Ardı var…
Powered by Froala Editor