Joe Biden prezidentliyə namizədliyini geri çəkib
ABŞ prezidenti Joe Biden “X” (əvvəlki Twitter) platformasındakı hesabında yaydığı bəyanatda ikinci dəfə prezidentliyə namizədlik fikrindən daşındığını elan edib
22/Jul/24
584
Joe Biden prezidentliyə namizədliyini geri çəkib
ABŞ prezidenti Joe Biden “X” (əvvəlki Twitter) platformasındakı hesabında yaydığı bəyanatda ikinci dəfə prezidentliyə namizədlik fikrindən daşındığını elan edib. Biden bildirib ki, bu addımı üzvü olduğu "Demokratlar Partiyasının və ölkənin mənafelərini nəzərə alaraq" atıb. O, əlavə edib ki, indiki prezidentlik dövrü başa çatanacan səlahiyyətlərini icra edəcək.
Sosial mediada öz partiyadaşlarına müraciətində Biden builki seçkilərdə prezidentliyə namizəd kimi Kamala Harrisi dəstəkləyib. O bildirib ki, Harris-i 4 il əvvəl özünə vitse-prezident seçməklə “özünün ən yaxşı qərarını vermiş olub”. İndi isə onun prezidentliyə namizəd olmasını istəyir. “Demokratların bir araya gəlib Trump-ı məğlub etmək vaxtıdır”, – deyə o bildirib.
ABŞ-ın ən nüfuzlu LGBTQİ+ təşkilatı "Human Rights Campaign"-in prezidenti Kelley Robinson Biden-ə təşəkkür edib və açıqlayıb:
“Biz prezident Biden-ə 50 ildən artıq ictimai xidmətinə və LGBTQ+ icmasına uzunmüddətli dəstəyinə görə dərin minnətdarıq.
Bugünkü elan onun irsini və prezident Biden-in bütün karyerasında gördüyü işləri əks etdirir: amerikalıların və ölkəsinin ehtiyaclarını öz ehtiyaclarından üstün tutaraq. Biz Biden-Harris komandasına keçmiş prezident Trump-ın dövründə ölkəni xaos və daimi böhran vəziyyətindən çıxardığına görə minnətdarlıq borcumuz var.
Biden-Harris administrasiyası tarixdə ən çox LGBTQ+ bərabərliyi tərəfdarı olan administrasiya olub: ən inklüziv administrasiyanı bir araya toplayıb, nikah bərabərliyinə qarşı hücumlardan qorumaq üçün "Eynicinsli Nikaha Hörmət Aktı”nı imzalayıb və transgender icmamızı və LGBTQ+ tələbələri qorumaq üçün mühüm addımlar atıb. Prezident Biden və Vitse-Prezident Harris işləri görmək və bizi bərabərliyə daha da yaxınlaşdırmaq üçün HRC və başqaları ilə sıx əməkdaşlıq ediblər. Biz bu həftənin sonunda prezident Biden-in xalqa müraciətini dinləməyi səbirsizliklə gözləyirik".
Həmçinin HRC bu il prezident seçkilərində Demokratlar partiyasının və Biden-in qalib gəlməsi üçün 15 milyon dollar vəsait xərcləyəcəyini açıqlayıb. Təşkilat keçmiş prezident Donald Trump-ı və "Layihə 2025" gündəliyini LGBTQİ+ hüquqlarına və demokratik cəmiyyətə təhdid olduğunu hesab edir.
Müəllif: Aleks Şah
Powered by Froala Editor