Son 10 ilin güzgüsü: Azərbaycanda LGBTQİ+ qətlləri

Azərbaycanda LGBTQİ+lar, xüsusən də trans qadınlar illərdir ki, nifrət və ayrı-seçkiliklə üz-üzədir. Onların həyatı hər an təhlükə altındadır və zorakılıq riski ilə doludur. Queer Radarın son hesabatında deyilir.

“Ölkədə LGBTİQ+ məsələləri, xüsusən zorakılıq aktları ilə bağlı kifayət qədər məlumat bazasının olmaması mövcud problemlərin miqyasını tam dərk anlamağa ciddi maneə yaradır. LGBTQİ+ hüquqları üzrə təşkilatlar və kuir-inklüziv media bəzən bu məsələləri ictimailəşdirsə də, zorakılıq və qətl hadisələri haqqında məlumatlar əsasən natamam təqdim olunur. Bunun səbəbi isə medianın hadisələri düzgün işıqlandırmaması, zərərçəkənlərin gender kimliyinə hörmətsiz yanaşması və LGBTİQ+ üçün inklüziv qaynar xətt xidmətlərinin olmaması ilə əlaqədardır.”

Araşdırma son on ildə LGBTQİ+lara qarşı zorakılıq hadisələrini sənədləşdirmək və bu qətllərin xarakteristikasını daha yaxşı anlamaq üçün 2013-2023-cü illəri əhatə edir. 

“Media monitorinqimizə görə, 2013-2023-cü illər arasında ən azı 15 LGBTİQ+ vətəndaş silah və ya kəskin alətlərlə fiziki hücuma məruz qalıb və 12 nəfər öldürülüb. “Ən azı” deməyimizin səbəbi odur ki, kuirlərə qarşı törədilən bir çox zorakılıq halları sənədləşdirilmir. Paytaxtdan kənarda LGBTİQ+ vətəndaşlara fokuslanan yerli platforma və ya təşkilatlar fəaliyyət göstərmədiyi üçün ölkə üzrə real mənzərəni tam başa düşmək mümkün deyil,” - hesabatda qeyd edilib.

Mediadan toplanan ifadələr və məhkəmə sənədləri göstərir ki, LGBTQİ+ların qətlə yetirilməsində və ya bıçaqlanmasında ən çox üç əsas bəhanə istifadə olunub:

  1. LGBTQİ+ olmağı biabırçılıq və cəmiyyət üçün zərərli məfhum kimi görmək. Bu bəhanəni həm şəxsi tanışlar, ailə üzvləri, həm də yad şəxslərin törətdiyi cinayətlərdə eşitmək olar.

  2. Namus cinayəti. Burada əsasən cinayəti törədənlər ailə üzvləri və ya qohumlar olur. Birinci və ikinci bəhanələr çox vaxt birlikdə də özünü büruzə verə bilir.

  3. Münasibət qurduğu şəxsin cinsi oriyentasiya və ya gender kimliyindən xəbərsiz olub, sonradan bu barədə öyrənmək. Xüsusilə trans qadınlara qarşı qətllərdə, qatillər çox vaxt öldürdükləri qadının trans olduğunu əvvəlcədən bilmədiklərini iddia edirlər, lakin araşdırmalar göstərir ki, bu arqument əslində özlərini təmizə çıxarmaq məqsədi daşıyır. 

Queer Radar qeyd edib ki, bu cinayətləri törədənlərin çoxu hüquqi məsuliyyətə cəlb edilmir, media isə hadisələri düzgün və obyektiv işıqlandırmaq əvəzinə sensasiyaya çevirmək üçün istifadə edir.

Ətraflı məlumat əldə etmək üçün sizi hesabatın tam versiyasını oxumağa dəvət edirik.

Powered by Froala Editor