Cəmiyyətin qəliblərinə sığmayan qadınlar üçün SevilFest

Bu yay Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı artıq altıncı dəfə feminizm, sənət və azadlıq ruhunu bir araya gətirəcək. 5-13 iyul tarixlərində Bakı, Şəki və Lənkəranda baş tutacaq festival bu dəfə də cəmiyyətin qadınlardan gözlədiyi ziddiyyətli rolları sorğulayır: İtaətkar, amma güclü. Görünməz, amma hər zaman göz önündə.

Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalının builki çağırışı belədir:

“Niyə bu qədər ziddiyyətli çərçivələr var? Niyə bu qəliblərə sığmayan qadınlar “yanlış” sayılır?”

Bu suallar bizi düşünməyə, paylaşmağa, danışmağa səsləyir. Təşkilatçıkar öz sərhədlərini özü çəkən, azad seçimi ilə var olan hər kəsi SevilFest 2025-ə dəvət edir.

Festivalın müsabiqə proqramındakı filmləri seçən heyət bu dəfə də diqqətlə formalaşdırılıb:

  • Fidan Axundova – rəssam və animasiya rejissoru, yaradıcılığı Venesiyadan Berlinə qədər sərgilənib.

  • Sofia Məlikova – rejissor, BMT-də öz etnik icmasını təmsil edən ilk saxur.

  • Afaq Yusifli – sənədli film rejissoru, WARM və goEast festivallarında iştirakçı, Kinematoqrafçılar İttifaqında beynəlxalq layihə meneceri.

SevilFest 5-13 iyul tarixlərində yenə də fərqli mövzular, cəsarətli suallar və ilham verici filmlərlə qarşınızda olacaq.

Powered by Froala Editor