Qürura məğlub olma – Röyadan yeni musiqi

Röya bu yaxınlarda yayımladığı “Qürur” adlı mahnısıyla yenidən emosional və dərin bir toxunuş edib. Mahnının sözlərində peşmançılıq, sevgi, ayrılıq və ən əsası qürur hissinin insanlar arasında necə səddlər çəkə bildiyi vurğulanır. Klipin yayımlandığı dövr isə maraqlı bir təsadüfə — LGBTQ+ icmasının bütün dünyada qeyd etdiyi Qürur Ayına tuş gəlib.

"Qürura məğlub olmayın. Qoy həmişə sevgi qalib gəlsin..." Bu çağırış bir çox LGBTQ+ fərdləri üçün tanış duyğularla səsləşir. Çünki sevginin özü belə, bu insanlar üçün çox vaxt gizli yaşanmalı, qürura — daha doğrusu, qorxuya, təcridə, cəmiyyətin təzyiqlərinə — "məğlub" olmalı olur.

Mahnıda deyilən “Qorxuram, çox düşünərsən, ayrılıq yetsin...” misrası LGBTQ+ münasibətlərində tez-tez qarşılanan bir reallığı əks etdirir — sevgini yaşamaqla onu qorumaq arasında gedib-gələn qərarsızlıq. Röya öz mahnısında yalnız hisslərə deyil, zamanın keçiciliyinə də işarə vurur. Sevgiyə qalib gələn tək şey, onu yaşamaqdan qorxmaq ola bilər.

Bəzən bir mahnı, bir sətir, bir səssiz jest cəsarətli olmağa kifayət edir. Bəlkə də bu mahnı Qürur ayında kiminsə içində gizlətdiyi sevgini qorumağa, ya da onu qorxmadan yaşamağa bir addım ola bilər.

Siz nə düşünürsüz, bu təkcə eşqdir, yoxsa həm də qürur ayına dair bir mesaj ola bilərmi?

“Etmə qürur, sevgi budur,

Adam uduzur, torpaq udur.”

Bu misralar sadəcə münasibətlərə deyil, həm də insanların öz kimliklərini qorumaq uğrunda verdiyi mübarizəyə oxşayır.

Minority Azərbaycandan mahnının kuir oxunuşu

“Qürur” sözünün Azərbaycan kontekstində adətən neqativ istifadə olunması (təkəbbür, inad) ilə beynəlxalq Pride (Qürur) anlayışı arasında maraqlı bir ziddiyyət var. Röya bu mahnıda “qürur”un sevgini məhv edə biləcəyini deyir – bəlkə də bu, özünü inkar, qorxu və susqunluq kimi daxili qürura (təkəbbürə) bir işarədir.

Röya YouTube-da yazdığı şərh isə bunu daha da aydınlaşdırır — “Qürura məğlub olmayın. Qoy həmişə sevgi qalib gəlsin.” Bu çağırış bir növ Sedgwick-in “dolab” diskursuna işarə edir: deyilənlə nəzərdə tutulan arasında qalan məqam, arzuların və kimliklərin açıq deyil, kodlu jestlərlə ifadə olunduğu məkan.

Dolabın epistemologiyası 

Kuir nəzəriyyəçi Sedgwick-ə görə, səssizliklər və boşluqlar bəzən açıq bəyannamələrdən daha səmimi danışır. Röyanın “Qürur”unda heç vaxt “kuir” kəlməsi işlədilmir, açıq şəkildə kuirliyə dair mesaj yoxdur. Lakin Röyadan çağırış var— “Qürura məğlub olmayın. Qoy həmişə sevgi qalib gəlsin.” Bundan əlavə, Röyanın TikTok-da paylaşdığı səhnəarxası videoda sanki səssizlik və jestlər ona “kuir” hekayəni danışdırır. Röya videoda deyir:

“Gecə birdən ağlıma gəldi ki, fotosessiya etməliyəm, çünki yeni mahnımız çıxacaq. Və gecə klassik kostyum (red: kişi geyimi) və rubaşka (red: kişi köynəyi) tapa bilmədim, ona görə də, oğlumun şalvarını geyinmişəm.”

Bu səhnəarxası an—kişi geyiminin feminen bədən üzərində görünməsi—“dolab”ın nitq çərçivəsində deyilənlə nəzərdə tutulan arasındakı gərilməni səhnəyə daşıyır.

Gender performativliyi 

Sedgwick-in performativlik anlayışını tətbiq edərək, Röyanın səhnə obrazları və “Boomerang” klipi kimi vizualları təkrarlanan performans kimi oxuna bilər—həm gender rollarını yaradan, həm də pozan.

Röyanın mahnıdakı səs-fonografiyası ilə yanaşı, fotosessiyadakı kostyum seçimi də performativ aktdır. Kişi şalvarı və köynək — göstərilməyən, qaranlıq otaqda hiss edilən heteronormativ basqı. Zərif, incə paltar və mirvari boyunbağı — ənənəvi feminenliyin parlayan tərəfi.

Bu dəyişmə — “Adam uduzur, torpaq udur” misrası ilə sanki paralel gedir — hər ikisi “qüruru” parçalayan, kimliyin axıcılığını görsədən vizual jestlərdir.

Kuir rezonans

Sedgwick kimlik kateqoriyalarından çox affekti önə çəkir— kuir affekt kateqoriyalardan üstündür. Kuirlər üçün “Qürur” şəxsi bir etiraf deyil, kollektiv bir çağırışdır. Röyanın gecə fotosessiyası və “dolab” ritualı (geyimləri dəyişməsi) sadəcə onun şəxsi hekayəsi deyil, hamımızın gizli qalan arzularımızı xatırladan rezonansdır.

Minority Azərbaycanın özünütənqidi

Biz etiraf edirik ki, Röyanın mahnısını, gecə kostyum ritualını və fotosessiyasını reparativ oxunuşla qəbul etməyimiz Azərbaycan auditoriyasının gender oyununun yerli oxunuşlarını gözardı etmə riskini daşıyır. Biz bəlkə də Qərb kuir nəzəriyyəsini lokal kuir incəliklərdən üstün tutmuşuq. Pop-sənaye kooptasiyası və Azərbaycan kontekstində kaminq-autun reallıqları ilə bağlı etibarlı skeptik nüansları nəzərdən qaçırmış ola bilərik.

Powered by Froala Editor