ABŞ Ali Məhkəməsi “konversiya terapiyasına” qoyulan qadağanı ləğv edə bilər

Məhkəmə LGBTQİ+ yeniyetmələrin “düzəldilməsi” kimi təhlükəli praktikaya hüquqi əsas verə bilər

Kolorado ştatında, eləcə də ABŞ-ın iyirmidən çox digər ştatında azyaşlıların seksual orientasiyasını və ya gender kimliyini “düzəltməyə” yönəlmiş praktikaları qadağan edən qanun qüvvədədir. İndi bu qadağa ləğv edilə bilər.

Xristian terapevt Kaley Chiles məhkəməyə müraciət edərək bildirib ki, bu qanun onun söz azadlığı hüququnu pozur. Onun sözlərinə görə, o yalnız “söhbət terapiyası” aparır və tibbi prosedurlar həyata keçirmir, buna görə də hesab edir ki, “dövlət onun şəxsi inanclarına və fikir ifadəsinə müdaxilə edir”.

Kolorado ştatının nümayəndələri isə bildirirlər ki, bu, senzura deyil, peşə fəaliyyətinin tənzimlənməsidir — yəni, əsas məqsəd aparıcı tibb təşkilatları tərəfindən təhlükəli hesab edilən zərərli praktikaların qarşısını almaq və yeniyetmələri qorumaqdır.

Amerika Tibb Assosiasiyası, Psixoloqlar Assosiasiyası və Pediatriya Akademiyası artıq uzun illərdir ki, “konversiya terapiyasını” qeyri-effektiv və travmatik adlandırır. Araşdırmalar göstərir ki, gənclərin “düzəldilməsi” cəhdləri depressiya, narahatlıq və intihar düşüncələri riskini artırır.

Buna baxmayaraq, Ali Məhkəmənin doqquz üzvündən altısı mühafizəkar baxışlara malik olduğundan, onların əksəriyyəti Kolorado nümayəndələrinin arqumentlərinə skeptik yanaşıb.

Əgər məhkəmə Chiles-ın xeyrinə qərar çıxararsa, “konversiya terapiyası” ABŞ-da yenidən qanuni olacaq. Hüquqşünaslar xəbərdarlıq edirlər ki, belə bir qərar LGBTQİ+ yeniyetmələrin hüquqi müdafiəsini zəiflədə və tibbi cəhətdən təhlükəli sayılan praktikaları faktiki olaraq leqallaşdıra bilər.

İş üzrə qərarın 2026-cı ildə elan ediləcəyi gözlənilir.

Powered by Froala Editor