Sabiq deputat LGBTQİ+ icmasını yenidən hədəfə alıb

Azərbaycanın sabiq deputatı Tahir Kərimli LGBTQİ+ icmasına qarşı təhqiramiz və nifrət dolu bəyanatlarla çıxış edib. 1 oktyabr tarixində Pravda.az saytına verdiyi açıqlamada Kərimli LGBTQİ+ları “mənəvi pozğun”, “xəstə” və “cəmiyyət üçün təhlükə” kimi təqdim edib, onların “müalicə olunmalı və ya izolyasiya edilməli” olduğunu bildirib.

“LGBT mənəvi pozuntu ilə məşğul olur, əhalini pozur… Onlar xəstədirlərsə, xəstəxanalarda müalicə olunmalıdırlar. Cinayətkardırlarsa, izolyasiya olunmalıdırlar,” – deyə sabiq deputat bildirib.

O, LGBTQİ+ hüquqlarının müdafiəsini “95 faiz əhalinin mənəviyyatına zərbə” kimi qiymətləndirərək, azlıq qruplarının hüquqlarını “əksəriyyətin dəyərlərinə qarşı təhdid” adlandırıb.

Kərimlinin bu açıqlamaları, Azərbaycanda son aylarda artan kuirfobik ritorikanın bir hissəsidir. Qeyd edək ki, sentyabr ayında o,  Pravda.az saytına danışarkən də LGBTQİ+lara qarşı kəskin ifadələr işlədib, onları “murdarlıq” adlandırıb və hətta xəstəxanaya salınaraq müalicə almalarının lazım olduğunu deyib.

İnsan hüquqları təşkilatları belə bəyanatları nifrət nitqi kimi qiymətləndirir və dövlət rəsmilərini, ictimai xadimləri seksual oriyentasiya və ya gender kimliyi əsasında ayrı-seçkilik və təhqirə yol verməməyə çağırır.

Azərbaycanda LGBTQİ+ icmasının hüquqları hələ də qanunla qorunmur. ILGA-Avropa ölkəni Avropada kuir insanlar üçün “ən repressiv mühitlərdən biri” adlandırır.

Powered by Froala Editor