“İncəsənətin sərhədi yoxdur” — Trans müğənni Samira Şahla söhbət

Son həftələrdə trans müğənni Samira Şah sosial mediada və bəzi KİV-lərdə aparılan məqsədli qarayaxma kampaniyasının mərkəzinə düşüb. O, Bülbülə qəsəbəsində yerləşən Mirzə Ələkbər Sabir adına Mədəniyyət Evində keçirilən anım tədbirində çıxışından sonra həm nifrət nitqinə, həm də cəmiyyətin səssizliyinə cavab olaraq Prezidentə və Birinci vitse-prezidentə videomüraciət edib.

Minority Azərbaycan Samira Şah ilə baş verənlər, cəmiyyətin reaksiyası, incəsənət və “aidlik hissi” haqqında danışıb.

“Cəmiyyətin maariflənməyə ehtiyacı var”

Minority Azərbaycan: Son günlərdəki paylaşımlardan sonra adınız medianın və ictimai müzakirələrin mərkəzinə düşdü. Bu reaksiyaları necə qiymətləndirirsiniz?

Samira: Sosial şəbəkələrdə neqativ yaymağı sevən cəmiyyətin bir hissəsi, təbii ki, olduqca mənfi reaksiya verdi. Kimə fərq etmirsə, sadəcə yanından keçir. Məni dəstəkləyənlərdən isə bəziləri susur, bəziləri müsbət rəylər yazır, digərləri isə şəxsi mesajlarla dəstəyini bildirir.

Bu vəziyyətə mənim fikirim budur ki, cəmiyyətin maariflənməyə ehtiyacı var. Tanımadığın və anlamadığın hər şeyi sadəcə olaraq inkar etmək və uzaqlaşdırmaq olmaz.

“O gün bütün xalqımıza aiddir”

MA: Şəhidlərə həsr olunan anım mərasimi sizin üçün nə ifadə edirdi?

Samira: O gün birbaşa bütün xalqımıza aiddir, respublikamızın hər bir vətəndaşına.

Mən də bir transgender qadın olaraq, bütün qadınlar kimi öz əsgərimi, sevdiyim insanı müharibədən gözləyirdim. Şükür Allaha ki, medallarla geri döndü.

“Jurnalistlər insanların emosiyalarını oyuncaq etdilər”

MA: Sizin ifanızla bağlı yayılan videolar barəsində nə düşünürsünüz?

Samira: Mən hesab edirəm ki, kifayət qədər ləyaqətlə çıxış etdim və şəhidlərin xatirəsini andım. Jurnalistlərə sadəcə ajiotaj lazım idi və onlar bunu təşkil etdilər. Başlıqları vasitəsilə məni hədəfə çevirdilər. Belə edəcəklərini və bunun böyük mənfi reaksiya yaradacağını yaxşı bilirdilər. Onlar üçün insanların emosiyaları oyuncaqdır.

“Mən bu ölkənin vətəndaşıyam, bu torpaqda doğulmuşam”

MA: “Mən bu ölkənin vətəndaşıyam, bu torpaqda doğulmuşam” dediniz. Sizcə, bir sənətçi və trans qadın kimi Azərbaycanda “aidlik” hissini yaşamaq nə dərəcədə mümkündür?

Samira: Azərbaycanın mənim vətənim olması danılmaz bir faktdır. Şübhəsiz ki, mən doğma şəhərimi, ölkəmi sevirəm. Mən də, hər bir LGBT+ kimi, bu dünyada öz yerim uğrunda mübarizə aparıram.

İnanıram ki, bir gün Azərbaycanda da bütün insan hüquqları heç bir ayrı-seçkilik olmadan qorunacaq və təmin olunacaq. Amma bunun üçün birlik olmalıdır, insanlar daha dərin düşünməlidir, lakin hazırda əksəriyyət çox səthi düşünür.

“İncəsənətin sərhədi yoxdur”

MA: Sizi tənqid edənlər arasında mədəniyyət sahəsində olanlar da var. Ümumiyyətlə, incəsənət və tolerantlıq münasibətinə necə baxırsınız?

Samira: Mənim fikrimcə, məni tənqid edən insanlar mədəniyyətin nə olduğunu anlamadan yaşayırlar. Yaradıcılıq, mədəniyyət və bir çox elmi kəşflər məhz LGBT+lar tərəfindən edilmişdir. İncəsənətin sərhədi yoxdur. Məhdud dar düşüncəli insanlar heç vaxt öz uydurduqları sərhədlərdən çıxmadan böyük bir şey yarada bilməzlər.

“Mənim də öz yaradıcı enerjimi xaric etməyə ehtiyacım var”

MA: Gələcək planlarınız nələrdir? Bütün bu təzyiqlərə baxmayaraq, səhnədə qalmaq və sənətlə məşğul olmaq sizə nə verir?

Samira: Gələcək planlarım möhtəşəmdir. Hazırda mən yaradıcılığıma əldə etdiyimdən daha çox sərmayə qoyuram. Daha dəqiq desəm, mən buna ruhumu, gücümü, vaxtımı, enerjimi, sevgimi və maliyyəmi sərf edirəm.

Hər bir ulduzun, günəşin xüsusiyyəti - istilik, işıq və enerji saçmaqdır. Əgər o, yalnızca toplayarsa - partlayar və məhv olar. Mənim də öz yaradıcı enerjimi xaric etməyə ehtiyacım var.

Samira Şahın səsi təkcə bir trans qadının vətəndaşlıq mövqeyi deyil, həm də incəsənətin azadlığının və insan ləyaqətinin müdafiəsidir. O, səhnədən və sosial mediadan aldığı hücumlara baxmayaraq, “bu torpaqda qalmaq” və “yaradıcı enerjisini paylaşmaq”la cəmiyyətə ən vacib sualı xatırladır:

“Nə üçün bir insan sadəcə var olduğu üçün cəzalandırılmalıdır?”

Powered by Froala Editor