Kral III Charles LGBTQ+ abidəsinin açılışını edib

Böyük Britaniya kralı III Charles tacqoymasından sonra ilk dəfə LGBTQİ+ mövzusunda keçirilən tədbirdə iştirak edib. O, seksual orientasiyasına görə ordudan qovulmuş Britaniya hərbçilərinə həsr olunan “Açıq məktub” adlı abidənin açılışını edib.

Abidə Staffordshire-də yerləşən Milli Memorial Dendrariyasında ucaldılıb və illərlə ədalət uğrunda mübarizə aparan LGBTQİ+ veteranlarının və fəallarının səylərinin nəticəsidir. 1967–2000-ci illər arasında Britaniya ordusunda gey və digər qeyri-heteroseksual şəxslərin xidmət etməsi qadağan idi. Seksual orientasiyasına görə şübhələnilən hərbçilər, hətta cinsi əlaqə faktı olmasa belə, ordudan “rüsvayçılıqla” qovulur, hərbi tribunal qarşısına çıxarılır və bəzən həbs edilirdi. Rəsmi məlumatlara görə, bu səbəbdən ən azı 1145 nəfər ordudan uzaqlaşdırılıb.

2000-ci ildə dörd hərbçi Böyük Britaniyaya qarşı Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) iş qazanaraq bu ayrı-seçkilik praktikasının dayandırılmasına nail olub. Lakin illərlə hökumət keçmiş hərbçilərə qarşı törədilmiş haqsızlıqları düzəltmək üçün heç bir addım atmayıb. Yalnız 2021-ci ildə hakimiyyət LGBTQ+ veteranlarından alınan medalları geri qaytarmaq qərarına gəlib, 2023-cü ildə isə baş nazir onlardan rəsmi şəkildə üzr istəyib.

Ədalətin bərpası uğrunda mübarizənin öncüllərindən biri “Fighting With Pride” təşkilatı olub. Məhz onların təşəbbüsü ilə yaradılan “Açıq məktub” abidəsi cırılmış bir məktubu xatırladır və onun üzərində ordudan qovulmuş hərbçilərin ifadələri həkk olunub. Açılış zamanı kral III Charles abidənin önünə gül dəstəsi qoyaraq, adlarının bərpasını görmədən dünyasını dəyişənlərə ehtiramını bildirib.

Powered by Froala Editor