Azərbaycan Avroviziya 2026 üçün təmsilçi axtarışına başlayıb
İctimai Televiziya və Radio Yayımları Şirkəti Avroviziya mahnı müsabiqəsində ölkəni təmsil edəcək ifaçı və mahnının seçilməsi prosesinin başladığını elan edib
27/Dec/25
104
Azərbaycan Avroviziya 2026 üçün təmsilçi axtarışına başlayıb
İctimai Televiziya və Radio Yayımları Şirkəti Azərbaycanda rəsmi yayımçı qismində Vyanada keçiriləcək Avroviziya 2026 mahnı müsabiqəsində ölkəni təmsil edəcək ifaçı və mahnının seçilməsi prosesinin başladığını elan edib.
Açıqlamaya əsasən, seçimdə iştirak etmək istəyən ifaçılar öz müraciətlərini və hazır mahnılarını 18 yanvar tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər. Təqdim olunan mahnılar müsabiqənin rəsmi qaydalarına uyğun olmalı, xronometrajı üç dəqiqəni keçməməlidir.
Avropa Yayım Birliyinin (EBU) tələblərinə görə, namizəd mahnı 2025-ci il 1 sentyabr tarixindən əvvəl kommersiya məqsədilə yayımlanmamalı, televiziya, radio və ya internet vasitəsilə ictimaiyyətə təqdim edilməməlidir. Müraciət paketinə ifaçı barədə qısa bioqrafik məlumatın daxil edilməsi də şərtdir.
İctimai Televiziya seçim meyarlarına cavab verməyən müraciətlərin etibarlı sayılmayacağını bildirir. Eyni zamanda, kanal seçiləcək mahnı üzərində redaktə və əlavə dəyişikliklər etmək hüququnu özündə saxlayır.
Powered by Froala Editor