2025-ci il icmalı:  İrəliləyiş və geriləmə arasında qalan LGBTQİ+ hüquqları

Həmidə Qiyasbəyli 

Hüquqi qələbələrdən zorakı reydlərə qədər, 2025-ci il dünyada LGBTQİ+ icmalarının mübarizəsini, həyatda qalması və müqaviməti necə davam etdirdiyini göstərib.

2025-ci il qlobal miqyasda LGBTQİ+ hüquqları baxımından ziddiyyətlərlə dolu bir il kimi yadda qalacaq. Qitələr üzrə icmalar bir tərəfdən tarixi irəliləyişlərə şahid olub, digər tərəfdən isə yenidən güclənən repressiyalarla üzləşib. Bu, bərabərlik sahəsində əldə olunan nailiyyətlər nə xətti, nə də təminatlı olduğunu göstərib.

Bəzi hökumətlər hüquqi tanınmanı və müdafiə mexanizmlərini genişləndirdiyi halda, digərləri ayrı-seçkiliyi dərinləşdirən qanunlara, senzura və “əxlaq panikası”na üstünlük verib. Bütün bunlar birlikdə təzyiq altında olan, lakin məğlub edilməmiş bir qlobal hərəkat mənzərəsi yaradıb.

Hüquqi tanınmada tarixi irəliləyişlər

2025-ci ilin qlobal məlumatlarına görə, bir çox ölkədə stiqma və hüquqi repressiyalar davam etsə də, onlarla dövlət ayrı-seçkilik qanunlarını islah edib və hüquqi müdafiəni genişləndirib. Bu isə qeyri-bərabər, lakin dəyişən bir dünya mənzərəsini ortaya qoyub.

2025-ci ilin əvvəlində Tailand Cənub-Şərqi Asiyada eyni-cinsli nikahı leqallaşdıran ilk ölkə olub. Bir gün ərzində təxminən 1800 cütlüyün nikahını rəsmiləşdirməsi və Bangkokdan tutmuş xaricdəki Tailand səfirliklərinə qədər keçirilən mərasimlər dünya mediasında geniş rezonans doğurub.

Bu hüquqi dəyişiklik mülki qanunvericilikdə genderə əsaslanan terminləri “həyat yoldaşı” kimi gender-neytral anlayışlarla əvəz edib, eyni-cinsli cütlüklərə övladlığa götürmə və miras hüquqlarını tanınıb və onilliklər boyu davam edən aktivizmin mühüm mərhələsi olub.

Avropada Lixtenşteyn də ilin əvvəlində eyni-cinsli nikahı qanuniləşdirərək nikah bərabərliyini genişləndirib. Bu addım əvvəllər mövcud olan qeydiyyatdan keçmiş tərəfdaşlıq və övladlığa götürmə hüquqlarını tamamlayaraq qitənin bəzi hissələrində qanunvericilik impulsunun davam etdiyini göstərib.

Avropa İttifaqında isə məhkəmələr mərhələli şəkildə üzv dövlətləri — o cümlədən Polşanı — azad hərəkət hüquqları çərçivəsində xaricdə bağlanmış qanuni eyni-cinsli nikahları tanımağa məcbur edən qərarlar çıxarıb. Hüquq müdafiəçiləri bu qərarları Aİ miqyasında daha geniş bərabərliyə doğru atılan addım kimi qiymətləndirib.

Qlobal səviyyədə ILGA World kimi təşkilatlar 2025-ci ilin ortalarına qədər bütün çətinliklərə baxmayaraq nikah bərabərliyinin artıq otuzdan çox ölkədə qanuni olduğunu sənədləşdirib.

Geriləmə, məhdudiyyətlər və kriminallaşdırma

Bu qələbələrə baxmayaraq, 2025-ci il eyni zamanda ciddi hüquqi və sosial geriləmələrlə də yadda qalıb. Cənubi Qafqazda Gürcüstan parlamenti “Ailə Dəyərləri və Yetkinlik Yaşına Çatmayanların Müdafiəsi haqqında” qanunu qəbul edib. Bu geniş hüquqi paket eyni-cinsli nikahı, gender adaptasiyası əməliyyatları və hüquqi gender dəyişikliyini qadağan edib, övladlığa götürmə hüquqlarını məhdudlaşdırıb və mediada, eləcə də ictimai məkanda LGBTQİ+ münasibət və kimliklərinin təsvirinə senzura tətbiq edib.

Ermənistanda 2026-cı il parlament seçkiləri yaxınlaşdıqca LGBTQİ+ hüquqları siyasi kampaniya alətinə çevrilib. Müxalifət partiyaları və bəzi deputatlar eyni-cinsli nikahı qadağan edən qanun layihələri irəli sürüb, LGBTQİ+ görünənliyini isə “əxlaqsız təbliğat” kimi təqdim edərək mühafizəkar seçiciləri səfərbər etməyə çalışıb.

Mərkəzi Asiyada Qazaxıstan “LGBT təbliğatı”nı qadağan edən qanun qəbul edib. Bu qanun seksual oriyentasiya və gender kimliyi ilə bağlı ictimai məlumat və ifadəni kriminallaşdırdığı üçün Rusiyanın repressiv tədbirləri ilə müqayisə olunub. Tənqidçilər xəbərdarlıq edib ki, bu addım kuir icmalarını daha da marjinallaşdıracaq və ifadə azadlığını məhdudlaşdıracaq.

İnstitusional reaksiyalar və qlobal normaların qeyri-sabitliyi

Beynəlxalq institutlar qarışıq siqnallar verib. Bir tərəfdən, BMT ilə əlaqəli ILGA World məlumatları göstərib ki, on milyonlarla LGBTQİ+ hələ də kriminallaşdırma və ya toplaşma və ifadə azadlığına hüquqi maneələr altında yaşayır.

Ən azı 64 BMT üzv dövlətində razılığa əsaslanan eyni-cinsli münasibətlər cinayət sayılır, bir çox ölkə isə LGBTQİ+ aktivizmi və toplaşma azadlığına hüquqi məhdudiyyətlər tətbiq edir.

Digər tərəfdən, Gürcüstan və digər ölkələrdə ayrı-seçkili qanunvericiliyə qarşı koordinasiyalı diplomatik tənqidlər və insan hüquqları hesabatları göstərib ki, qlobal normalar dərin mübahisə predmetidir, lakin hələ yekunlaşmayıb.

Vətəndaş cəmiyyəti təşkilatları və beynəlxalq ekspertlər LGBTQİ+ hüquqlarının universal insan hüquqları çərçivəsinə daxil olduğunu israrla vurğulamağa davam ediblər.

Sosial mühit: zorakılıq, təzyiq və səhiyyəyə çıxış

Məhkəmə və parlamentlərdən kənarda LGBTQİ+ların gündəlik həyatı düşmənçilik və məhdudiyyətlərlə formalaşmağa davam edib. 2025-ci ilin dekabr ayının sonlarında Azərbaycan polisi Bakıda yerləşən kuir-dostu “Labyrinth” gecə klubuna reyd keçirib və 100-dən çox insanı saxlayıb. Bildirilib ki, insanların bir çoxu saatlarla soyuq havada çöldə saxlanılıb, bəziləri isə saxlanma zamanı fiziki zorakılıq və təhqirlərə məruz qalıb.

Gürcüstanda trans model və aktivist Kesaria Abramidzenin qətli ölkəni sarsıdıb və sosial izolyasiya ilə güclənən hüquqi düşmənçiliyin necə ekstremal zorakılığa yol aça biləcəyini acı şəkildə göstərib.

ABŞ-da bir neçə ştat trans gənclər üçün gender adaptasiyası tibbi xidmətinə çıxışı məhdudlaşdıran, gender kimliyinə uyğun idmanda iştirakı qadağan edən qanunlar qəbul edib. Digər ştatlarda isə tualetlərə çıxışa qadağalar və məktəblərdə məcburi “ifşa” praktikaları tətbiq olunub.

Eyni zamanda, Böyük Britaniyada LGBTQİ+ xeyriyyə təşkilatları maliyyənin kəskin azalmasından xəbər verib. Bu, 2025-ci ildə vətəndaş cəmiyyətinə ayrılan resursların qlobal miqyasda daralmasının daha geniş tendensiyasını əks etdirib.

Dözümlülük hekayələri və icma innovasiyası

Çətin şəraitlərə baxmayaraq, kuir icmalar diqqətəlayiq dözümlülük nümayiş etdirib. MacarıstanPolşada Qürur yürüşləri qanuni şəkildə qadağan edildikdən sonra təşkilatçılar yeraltı mədəni tədbirlərə, film festivallarına və sənət sərgilərinə yönəlib, repressiyalara baxmayaraq görünənlik və həmrəylik məkanları yaradıb.

Meksiko şəhərində icma şəbəkələri zorakılıq və ayrı-seçkiliklə üzləşən LGBTQİ+lar üçün sürətli hüquqi yardım və sığınacaq mexanizmləri qurub. Cənub-Şərqi Asiyada isə onlayn dəstək qrupları sürətlə genişlənərək kənd və mühafizəkar bölgələrdən olan LGBTQİ+ gənclər üçün təhlükəsiz əlaqə və özünüinkişaf məkanları yaradıb.

Bu nümunələr siyasi təzyiqə uyğunlaşan, alternativ infrastrukturlar quran və formal hüquqi müdafiələr zəiflədikdə belə ümidi qoruyan təşəbbüslərin və hərəkatların yaradıcılığını və qətiyyətini göstərib.

2026-cı ilə doğru irəlilədikcə 2025-ci ilin dərsləri aydındır: irəliləyiş və geriləmə çox vaxt bir-birinə bağlıdır, hüquqi qələbələr kövrək ola bilər və sosial dəyişiklik sektorlararası davamlı səylər tələb edir. LGBTQİ+ hüquqları üzrə qlobal standartlar məhkəmələrdə, parlamentlərdə, sinif otaqlarında və icma məkanlarında müzakirə olunmağa davam edir.

Lakin dünya üzrə kuir hərəkatlarının davamlılığı təkcə optimizm deyil, ləyaqətin, bağların və müqavimətin hətta ən sərt siyasi mühitlərdə belə yaşaya və zamanla dəyişdirə biləcəyinə dair sübutdur.

Yerli kuir medianın əhəmiyyəti və necə dəstək ola bilərsiniz

Cənubi Qafqaz və xüsusilə Azərbaycan kimi regionlar üçün müstəqil kuir media lüks deyil — həyati zərurətdir. Əsas media çox vaxt kuir təcrübələri ya görməzdən gəlir, ya da təhrif edir, rəsmi mənbələr isə onları ümumiyyətlə istisna edir. Məhz bu boşluğu Minority Azərbaycan doldurur: ingilis və Azərbaycan dillərində araşdırma jurnalistikası, şəxsi təcrübə hekayələri, kontekstual analiz və maarifləndirici məzmun istehsal edir.

Əgər real təcrübələrə söykənən, ekspert baxışı və cəsarətli jurnalistika ilə seçilən müstəqil kuir mediaya dəyər verirsinizsə, Minority Azərbaycanı Patreon vasitəsilə dəstəkləmək haqqında düşünün. Abunəliklər məqalələrin, multimedia hekayələrinin, icma reportajlarının və başqa cür işıq üzü görməyəcək hüquq-yönlü jurnalistikanın maliyyələşdirilməsinə imkan yaradır. Ayda cəmi 3 avro dəstəyiniz, görünənliyin özünün belə riskli olduğu mühitlərdə azərbaycanlı kuir səslərin eşidilməsini mümkün edir.

Müstəqil LGBTQİ+ medianı bu gün dəstəkləyin —

Minority Azərbaycan Patreon abunəçisi olun.

Powered by Froala Editor