Bakıda kuir gəncin qətlində təqsirləndirilən şəxs məhkəmə qarşısına çıxarılıb

Dünən, 26 yanvar tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində Bakının mərkəzində baş vermiş ağır LGBTQİ+ qətli işi üzrə məhkəmə prosesi keçirilib. İş üzrə 2006-cı il təvəllüdlü Yasin Seymur oğlu İbadovun qətlində təqsirləndirilən onun əmisi, 38 yaşlı Babək İbadov qəsdən adam öldürmədə ittiham olunur.

Yerli medianın məlumatına görə, proses hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilib. Məhkəmədə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, o isə ittiham aktı ilə tanış olmadığını bildirib. Qısa müşavirədən sonra növbəti məhkəmə baxışı fevralın 2-nə təyin edilib.

Hadisə 2025-ci il noyabrın 4-də Bakının Səbail rayonunda, Bəşir Səfəroğlu küçəsində baş verib. 20 yaşlı Rüzgar adı ilə tanınan Yasin İbadov çoxsaylı bıçaq zərbələri alaraq öldürülüb. Polis əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən əmisi Babək İbadov saxlanılıb.

Mərhum Yasin İbadovun kuir olduğu bildirilir. O, yaxın çevrəsində “Rüzgar” ləqəbi ilə tanınıb. Hadisə ölkədə LGBTQİ+ icması arasında ciddi narahatlıq doğurub və kuirlərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib.

Faktla bağlı cinayət işi açılıb və Babək İbadova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə), 221.3-cü (silahdan istifadə etməklə xuliqanlıq) və 228.5-ci (qanunsuz soyuq silah gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb. 

Faktla bağlı araşdırma davam edir.


Yerli kuir medianın əhəmiyyəti və necə dəstək ola bilərsiniz

Cənubi Qafqaz və xüsusilə Azərbaycan kimi regionlar üçün müstəqil kuir media lüks deyil — həyati zərurətdir. Əsas media çox vaxt kuir təcrübələri ya görməzdən gəlir, ya da təhrif edir, rəsmi mənbələr isə onları ümumiyyətlə istisna edir. Məhz bu boşluğu Minority Azərbaycan doldurur: ingilis və Azərbaycan dillərində araşdırma jurnalistikası, şəxsi təcrübə hekayələri, kontekstual analiz və maarifləndirici məzmun istehsal edir.

Əgər real təcrübələrə söykənən, ekspert baxışı və cəsarətli jurnalistika ilə seçilən müstəqil kuir mediaya dəyər verirsinizsə, Minority Azərbaycanı Patreon vasitəsilə dəstəkləmək haqqında düşünün. Abunəliklər məqalələrin, multimedia hekayələrinin, icma reportajlarının və başqa cür işıq üzü görməyəcək hüquq-yönlü jurnalistikanın maliyyələşdirilməsinə imkan yaradır. Ayda cəmi 3 avro dəstəyiniz, görünənliyin özünün belə riskli olduğu mühitlərdə azərbaycanlı kuir səslərin eşidilməsini mümkün edir.

Müstəqil LGBTQİ+ medianı bu gün dəstəkləyin —

Minority Azərbaycan Patreon abunəçisi olun.

Powered by Froala Editor