Azərbaycan universitetlərində LGBTQİ+ tələbələr üçün yer varmı?
Azərbaycanda LGBTQİ+ tələbələr üçün "təhlükəsiz" və ya "dəstəkləyici" universitet mühiti mövzusu ictimai müzakirədə demək olar ki, mövcud deyil
06/Sep/26
41
Azərbaycan universitetlərində LGBTQİ+ tələbələr üçün yer varmı?
Azərbaycanda LGBTQİ+ tələbələr üçün "təhlükəsiz" və ya "dəstəkləyici" universitet mühiti mövzusu ictimai müzakirədə demək olar ki, mövcud deyil. Lakin son illərdə bəzi ali təhsil müəssisələrinin öz daxili sənədlərində, yəni "İnklüziv Təhsil", "Bərabərlik və Müxtəliflik" və ya "Ayrı-seçkiliyə qarşı Siyasət" adlı, çox nəfərin diqqətini çəkməyən sənədlərdə bu mövzuya münasibətin fərqli formalarda əks olunduğu görünür. Minority Azərbaycan olaraq, dörd universitetin rəsmi sənədlərini nəzərdən keçirərək bu şəklin necə göründüyünü araşdırdıq.
Qanunvericilik və ümumi mənzərə
Azərbaycanda milli qanunvericilikdə seksual oriyentasiya və ya gender kimliyinə əsaslanan ayrı-seçkilik bir kateqoriya kimi qadağan edilmir. ILGA-Avropanın 2025-ci il reytinqində ölkə 49 Avropa dövləti arasında LGBTQİ+ hüquqi müdafiəsi baxımından 48-ci yerdə qərarlaşıb. Bu kontekst universitet sənədlərində rast gəlinən istənilən irəliləyişi qiymətləndirərkən əsas arxa fon rolunu oynayır.
UNEC: "inklüzivlik" əlillik anlayışı ilə məhdudlaşır
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2015-ci ildən "İnklüziv Təhsil Mərkəzi" fəaliyyət göstərir. Mərkəzin öz təsvirində deyilir:
"Missiyamız əlilliyi olan tələbələr, müəllim heyətə xüsusi diqqət yetirməklə UNEC icmasının bütün üzvləri üçün inklüziv və dəstəkləyici mühit yaratmaqdır."
Mərkəzin adı "Müxtəliflik, İnklüzivlik, Bərabərlik" olsa da, rəsmi broşürdə sadalanan bütün fəaliyyət istiqamətləri — yaşayış yerlərinin uyğunlaşdırılması, Brayl və işarə dili ilə material hazırlanması, psixoloji dəstək yalnız əlilliyi olan tələbələrə yönəlib. Mərkəzin məqsədləri sırasında bu ifadə var:
"Mərkəzin əsas məqsədi əlilliyi olan universitet tələbələrinə hər cür şəraitin yaradılması və Azərbaycan Dövlət İqtisad Universitetində onların təhsil prosesinə tam inteqrasiyasının təmin edilməsidir."
Sənədlərdə seksual oriyentasiya, gender kimliyi və ya LGBTQİ+ tələbələrə heç bir istinad yoxdur. Bu, ölkədə "inklüziv təhsil" ifadəsinin hazırkı ictimai və institusional mənasının nə qədər dar olduğunu göstərir.
Bakı Dövlət Universiteti: seksual oriyentasiya rəsmi sənəddə açıq şəkildə qeyd edilir
Ölkənin ən böyük və ən köhnə dövlət universiteti olan Bakı Dövlət Universitetinin (BDU) Dayanıqlı İnkişaf Məqsədləri (SDG) portalında yerləşən “Bərabərlik, Müxtəliflik və İnklüzivlik Siyasəti” sənədinin missiya bəyanatı belədir:
"Bərabərlik, Müxtəliflik və İnklüzivlik Siyasəti müxtəlif irqlərdən, genderlərdən, dinlərdən, yaşlardan, etnik müxtəlifliklərdən, sosial-iqtisadi mənşələrdən, maliyyə çətinliklərindən, nikah və vətəndaşlıq tərəfdaşlığından, hamiləlik və ya analıqdan, seksual oriyentasiyadan və əlilliyi olan insanlardan olan nümayəndələr üçün bərabər hüquqları qorumağı hədəfləyir."
BDU-nun "Təcavüzə və ayrı-seçkiliyə qarşı mübarizə siyasəti" sənədində isə "gender kimliyi" ifadəsi iki dəfə keçir:
"Buna görə də, qanunsuz olmasa belə, hərəkətlər qadağandır, əgər bunlar: Yaş, rəng, gender, gender kimliyinə, əlillik statusuna, boyuna, ailə vəziyyətinə, milli mənşəyə, siyasi əqidəyə, irqə, dinə və ya çəkiyə əsasən uyğunsuz şəkildə məşğulluq imkanlarını, universitet mənzilinə çıxışı və ya akademik, idman, sosial, mədəni və ya digər universitet fəaliyyətlərində iştirakı məhdudlaşdırırsa; və ya Universitet icmasının hər hansı bir üzvünü yaşına, irqinə, dininə, veteran statusuna, boyuna, ailə vəziyyətinə, ölkə mənşəyinə, gender kimliyinə, əlillik statusuna və ya çəkisinə görə təqib edirsə."
ADNSU: ən irəli gedən nümunə
Araşdırmanın ən diqqətəlayiq tapıntısı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin sənədlərində ortaya çıxıb. Oktyabr 2025 tarixli “Bərabərlik, Müxtəliflik və İnklüzivlik” sənədinin giriş hissəsində deyilir:
"ADNSU gender, yaş, etnik mənsubiyyət, əlillik, sosial-iqtisadi mənşə, din və ya inanc, seksual oriyentasiya və digər şəxsi xüsusiyyətlərdəki fərqləri əhatə edən müxtəlifliyin akademik və peşəkar həyatı zənginləşdirdiyini, innovasiyanı təşviq etdiyini və institusional mükəmməlliyi gücləndirdiyini qəbul edir."
Eyni sənədin "Ayrı-seçkilik formaları və qəbuledilməz davranış" bölməsində isə:
"ADNSU gender, yaş, əlillik, etnik mənsubiyyət, milliyyət, din və ya inanc, dil, seksual oriyentasiya və ya sosial və ya iqtisadi mənşəyə əsaslanan ayrı-seçkilik də daxil olmaqla, lakin bunlarla məhdudlaşmayaraq, bütün qanunsuz və ya ədalətsiz ayrı-seçkilik formalarını qadağan edir."
Mart 2025 tarixli "Təcavüz və Ayrı-seçkiliyə qarşı Siyasət" sənədində isə vəziyyət daha irəli gedir. Sənəd ayrı-seçkiliyin tərifində "gender və ya gender kimliyi" və "seksual oriyentasiyanı" ayrı-ayrı sadalayır, üstəlik ayrıca bir kateqoriya kimi gender adaptasiyasını da qeyd edir:
"Gender adaptasiyası ilə Bağlı Təcavüz: Gender Adaptasiyası prosesinden keçən və ya keçirmiş şəxslərə qarşı təhqir, zarafat, kənarlaşdırma, yanlış gender ifadəsi, alçaldıcı və ya qeyri-bərabər rəftar daxildir."
Sənəddə universitetin öhdəliyi belə ifadə olunur:
"Universitet irqindən, genderindən, seksual oriyentasiyasından, dinindən, gender kimliyindən, əlilliyindən və ya yaşından asılı olmayaraq bütün işçilərə bərabər münasibət təmin etmək üçün hüquqi və etik öhdəliyini yerinə yetirir."
ADNSU və BDU beynəlxalq SDG hesabatlılığı çərçivəsində oxşar şablondan istifadə edib.
Azərbaycan Tibb Universiteti: Bir az sükut
Maraqlıdır ki, oxşar beynəlxalq şablon üzrə hazırlanmış sənədlər hər zaman eyni nəticəyə gəlmir. Azərbaycan Tibb Universitetinin (ATU) "Bərabərlik, Müxtəliflik və İnklüzivlik Siyasəti" və "Ayrı-seçkiliyə və Təcavüzə Qarşı Siyasət" sənədləri struktur cəhətdən ADNSU və BDU-nun sənədlərinə oxşayır. Lakin "Əsas prinsiplər" bölməsində qorunan xüsusiyyətlər belə sadalanır:
“İrqindən, Milliyyətindən, Dinindən, Dilindən, Genderindən, Mənşəyindən, Maddi vəziyyətindən, İnancından, Siyasi partiyalara, həmkarlar ittifaqlarına və ya digər ictimai birliklərə üzvlükdən asılı olmayaraq, bütün işçilərə və tələbələrə bərabər münasibət göstərilməlidir”.
Bu siyahıda "seksual oriyentasiya" və ya "gender kimliyi" ifadələrinə heç bir yerdə rast gəlinmir. ATU-nun "Tələbələrin Rifahı və Təhlükəsizlik Siyasəti" sənədində də bu mövzuya heç bir istinad yer almayıb.
Minority Azərbaycanın qeyd edir ki, bu qeyd olunanlar ehtiyatla şərh olunmalıdır. Yazılı siyasət sənədinin mövcudluğu real institusional mədəniyyəti, kadrların hazırlıq səviyyəsini və ya bir kuir tələbənin universitetdə faktiki necə qarşılanacağını avtomatik təmin etmir. Bununla belə, kağız üzərində olsa belə, Azərbaycanda dövlət universitetlərinin rəsmi, rəhbərlik təsdiqli sənədində "seksual oriyentasiya" və "gender kimliyi" terminlərinin qeyd olunması nadir haldır və qeyd olunmağa dəyər.
Powered by Froala Editor