AZAL açıqlama verdi
Dünən özünü Azerbaijan Airlines - AZAL əməkdaşı kimi təqdim edən Nazilə Muradova profilində transgender şəxsə məxsus şəxsiyyət vəsiqəsini paylaşaraq, onu gülüş obyektinə çevirmişdi.
27/May/19
7851
Transgender fərdin sənədinin yayılması ilə bağlı AZAL-dan rəsmi açıqlama
Dünən özünü “Azərbaycan Hava Yolları” QSC-nin əməkdaşı kimi təqdim edən Nazilə Muradova profilində transgender şəxsə məxsus şəxsiyyət vəsiqəsini paylaşaraq, onu gülüş obyektinə çevirmişdi.
Nazilə Muradova şərhlərdə onun hara uçduğunu da qeyd etmişdir. Vətəndaşın kimliyindən asılı olmayaraq, ona aid məxfi məlumatların icazəsiz yayılması kimi ciddi hüquq pozuntusuna yol vermiş, vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir.
Aktivist Gülnara Mehdiyeva Feysbukda: “Bilirik ki, əgər vətəndaş sosial qəliblərə sığışan biri olsaydı, onun pasportu paylaşılan deyildi. Bu, aşkar transfobiyadır” - deyə qeyd etmişdir.
"Belə hallar AZAL-a etibarı azaldır, məxfi bilgilərimizi təhlükə altına qoyur."
Digər bir fəal Həmidə Qiyasbəyli: “Ölkənin vətəndaşı olaraq, vəzifə səlahiyyətlərindən süi-istifadə edənlərə öz şəxsi məlumatlarımızı etibar edə bilməyəcəyik ki, sabah hansısa məlumatımız xoşlarına gəlməz, bizim də pasportumuzu paylaşıb lağa qoya bilərlər?” - deyə narahatlığını ifadə etmişdir.
Bu addım sosial şəbəkələr üzərindən qınanıldı və fəallar “Azərbaycan Hava Yolları” QSC-dən Nazilə Muradovanın işdən çıxarılmasını və bu hala görə rəsmi şəkildə üzr istənilməsini tələb etmişdi.
Bu gün “Azərbaycan Hava Yolları” QSC Feysbuk üzərindən, fəallara rəsmi cavab yazmışdır. Cavabı olduğu kimi sizə təqdim edirik:
“26 may 2019-cu il tarixində “Azərbaycan Hava Yolları” QSC-nin əməkdaşı Nazilə Muradovanın sosial şəbəkələrdə etdiyi paylaşım cəmiyyətimizdə rezonans doğurmuş və bununla əlaqədar olaraq, aviaşirkət tərəfindən dərhal daxili araşdırma aparılmışdır.
Araşdırmanın yekunlarına əsasən məlum olmuşdur ki, “Azərbaycan Hava Yolları” QSC-nin əməkdaşı Nazilə Muradova və digər iki əməkdaş sərnişinin şəxsi məlumatlarını paylaşaraq ciddi səhvə yol vermişdir. Bununla əlaqədar olaraq, hər 3 əməkdaş dərhal işdən azad olunmuşdur.
Bu məsələ ilə bağlı sərnişinimizdən və cəmiyyətimizdən üzr istəyirik.
Sözügedən məsələni ictimailəşdirdiyinə və haqqlı mövqe nümayiş etdirdiyinə görə cəmiyyətimizə dərin təşəkkürümüzü bildiririk.”