Bakıda trans fərdə qarşı hücum olub
Zərərçəkən bu barədə polisə şikayət etməyib.
09/Jul/19
4843
Şənbə günü 6 iyulda Bakıda klubların birinin qarşısında trans fərdə qarşı hücum olub
Zərərçəkən bu barədə polisə şikayət etməyib, lakin Minority-ə danışıb. Hadisəyə səbəb trans fərdin içkili şəxsin suallarını cavablandırmaması olub. Daha ətraflı məlumat üçün müsahibəni aşağıda oxuya bilərsiz.
- Hadisənin baş vermə səbəbi nə idi?
Taksi gözləyərkən klubun qarşısına çıxdım, pilləkənlərin baş hissəsində oturub gözlədim. Sonra isə bir taksi saxladı, gördüm ki, həmin taksidən aşan bir şəxs düşür. Aşan şəxsdən, içkili olan şəxslərdən həmişə özümü qoruyuram. Sifətimi hər zaman hansısa bir hadisədən və yaxud zərbələrdən qorumuşam ki, üzümə bir zərər gəlməsin. Bu səbəbdən ayaqlarım oturduğum vəziyyətdə bir az qabağa idi, ayaqlarımı özümə yığışdırdım ki, bu içkili insan tam rahat şəkildə düşsün getsin. Sözün qısası, bu insan pilləkənlərdən düsdü, son pilləkəndə isə bu insan qayıdıb mənə diqqətlə baxdı. Mən söhbətimə davam etdim, rəfiqəmlə söhbət edirdim. Oğlan isə mənə diqqətlə baxırdı. Oğlan mənə sual verdi ki: “Üzərində nə qədər pul var? Əməliyyatlarına nə qədər pul xərcləmisən?”
Oğlana cavab verdim ki: “Əməliyyatlarımdan sənə nə? İlk növbədə insana salam verərlər, sonra suallara davam edərlər. Öz işinizlə olun.” Demək istədim ki, keçin. Mədəni surətdə bu insanı yola verdim ki, getsin içəri.
Mən pilləkənlərin başında idim, o isə aşağı düşmüşdü, klubun qapısının yanında idi, pilləkənlərin aşağısında. Dedim ki: “Ay oğla,n keç içəri, görürsən ki, rəfiqəm ilə söhbət edirəm, danışarıq. Keç içəri, indi mən də gəlirəm kluba, danışarıq.” Dedim, döndüm bir də baxdım ki, saçımdan tutub oğlan məni. Heç bilmədim ki, nə oldu, nə olmadı, nə baş verdi ki, mən yıxıldım pilləkəndən, zərbə ilə. Yuxarı başdakı pilləkəndən hoppandım ən aşağıdakı pilləkənə. Qapının qabağına düşdüm, dartdı içəri. Səbəb isə bu idi ki, sadəcə içkiliydi və mən onun içkili suallarına cavab vermədim, dedim ki, “keç içəri, danışarıq”. Ona görə də aqressivləşdi.
- Həmin vaxt sizi görən, onu uzaqlaşdırmağa və ya sizə kömək etməyə çalışan kimsə oldu?
Gəldilər, kimlərsə gəldi, tanışlarım da gəldi uzaqlaşdırmağa. Sadəcə klub üç otaqdan ibarət idi və sonuncu otaqda idi diskoteka. Səs-küydən gec eşidildi deyə gec gəldilər. Diskoteka olan otaqdan koridora gəlmək üçün iki dənə otağı keçmək lazım idi. Bunun üçün gec oldu. Kömək oldu, amma gec oldu. Yalnız köməkdən nə qədər sonra uzaqlaşdı.
- Bu barədə polisə şikayət etmisiniz?
Xeyr, polisə şikayət etmədim. Klub sahibləri yaxınlarım olduğu üçün bir az problem yaşamasınlar deyə, polisə şikayət etmədim.
- Sizə zorakılıq edən şəxsin kimliyini necəsə müəyyən edə bildiniz və ya müəyyən etmək mümkündür?
Müəyyən etməyə bəlkə də ehtiyac yox idi. Çünki bizim partiyə hansısa homofob bir insan gələ bilməz. Çünki homofob bir insan həmin şeyləri heç oxumaz, oxuyarsa da önəm verməz, önəm versə də gəlməz ən azından. Sadəcə, mən belə düşündüm ki, içkili insanlar çox aqressiv olduğundan, aqressiv idi. Amma məni görüb bəyəndiyi üçün sual verdi ki: “Necə dəyişmisən? Belə gözəl olmusan?" Sadəcə istədiyi bir sualın cavabına nail ola bilmədi deyə aqressivləşdi və bunu aqressivlikdən etdi. Əslində bir az naz-qozları var idi, naz edərək danışırdı. Demirəm ki, cinsi azlıqdır, demirəm ki falan-filan, belə-elə. Sadəcə, nə bilim, 4-5 il ərzində gördüklərimdən bilirəm ki, qıraqdan, çöldən normal bir tərzdə insan, kişi görürük. Bizə belə pis baxır, pisləyir. Ancaq məlum olur ki, özü cinsi azlıqdır, hətta bizi belə vurub keçib. Deyirik ki, vay vay vay, belə olarmış. Bu hallar mənə əvvəllər çox qəribə gələrdi. Ancaq mənə indi çox adi gəlir. Kimsə deyəndə ki, filankəs xoşlamır belə şeyləri-filan, gülürəm. Hərdən öz atama belə şübhə edirəm.