Əsərlərimizdə niyə homoseksual eşq yoxdur?
Kinomatoqrafiyamızda eynicinslilərin sevgi həyatından, yaşam tərzlərindən bəhs edəcək filmə rastlamamışam. Belə bir cəmiyyətdə olmaması da anlaşılandır. Tabular bəlli, xarakterlər, tiplər, radikallıq və mühafizəkarlıq bəlli.
29/Oct/19
9694
Oğlan şəhid olan, hissələrə parçalanan sevgilisinə görə nə edə bilərdi? Silahı götürüb düşmən üzərinəmi cumardı, ahmı çəkərdi, fəryadmı qoparardı, ağlayardımı, yoxsa ağlını itirib gülərdimi? Yoxsa silahı beyninəmi sıxardı? Yazmaq olmaz məgər? O yazılan yazıda özünü tapan, gizlin də olsa oxuyub ağlayan, hıçqıran olmaz? Olar axı.
Əsərlərimizdə niyə homoseksual eşq yoxdur?
Kinomatoqrafiyamızda eynicinslilərin sevgi həyatından, yaşam tərzlərindən bəhs edəcək filmə rastlamamışam. Belə bir cəmiyyətdə olmaması da anlaşılandır. Tabular bəlli, xarakterlər, tiplər, radikallıq və mühafizəkarlıq bəlli.
Yaxınlarda eşq mövzulu kinolarımız məhz homosekuallara aid olarsa, ssenari, oyun necə olardı deyə düşündüm. Düzü, məsələn, "Təhminə və Zaur" filmini xatirimdə canlandırıb konsepsiyama uyğunlaşdırsam da, bəzi reallıqlar fikirlərimi alt-üst elədi. Məsələn, inanmıram, Fəxrəddin Manafov hansısa eynicinsli aktyor həmkarı ilə tərəf müqabili olmaq istəyərdi. Və ya Meral Konrat eynicinsli bir münasibəti canlandırardımı?
Hələ əsərin özü. " Beşmərtəbəli evin altıncı mərtəbəsi". Bu altıncı mərtəbədə iki eyni cinsə mənsub şəxsin bir dastanlıq xatirəsi əks oluna bilməzdimi? Görünən odur ki, bilməzdi. Dönüb müəllifə baxırsan və başını yelləyirsən, əlini yelləyirsən, köks ötürürsən. Ola bilməzdi.
Təəssüf ki, bizdə iki homoseksualı dəqiq və real tonlarla qələmə alacaq yazıçı, yazıçı təfəkkürü, yazıçı əqli formalaşmayıb. Hamısı cəmiyyətə yarınmaq, sırınmaq istəyir. Illərdir çeynənmiş mövzuları bir daha, bir daha çeynə-tüpür eləməkdən yorulmayan adamlar o mövzuları "qazanc yeri"nə, "çörək ağacı"na çeviriblər. Nəyi? Məsələn, demoqrafik böhranda çırpınan coğrafiyamızı. Ana, ata, valideyn, dəyər, həsrət, darıxmaq, ulamaq və sair. Hamı darıxır. Ünvan bəlli deyil, istiqamət heç kimin vecinə deyil. Təki sarı simə toxunasan. Ya da bütün zilləti, dərdi, ictimai-sosial əzabları hansısa lax gülüşlə anlıq da olsa onların içindən çıxarasan.
Qarabağ faciəsini eşqlə vəhdətə salıb dastanlar yazdılar. Şeirlər qoşdular, mahnılar oxudular. Bəlkə...
Bəlkə o şəhidlərdən kiminsə məhz hansısa postda əlində silah tutmuş ayrı bir əsgər sevgilisi vardı? Və bəlkə ikisi də şəhid oldu? Bəlkə biri güllələndi, biri sağdır, hansısa şəhərdədir, yaşayır?
Eh, bilmirəm. Axtarıb tapmaq çətin olar. Bəlkə mümkünsüzdür. Amma yazıçı nəyə lazımdır? Sən təxəyyülünü işə salırsan. Nə ola bilərdi? Hansı situasiyalar yaranardı? Oğlan şəhid olan, hissələrə parçalanan sevgilisinə görə nə edə bilərdi? Silahı götürüb düşmən üzərinəmi cumardı, ahmı çəkərdi, fəryadmı qoparardı, ağlayardımı, yoxsa ağlını itirib gülərdimi? Yoxsa silahı beyninəmi sıxardı? Yazmaq olmaz məgər? O yazılan yazıda özünü tapan, gizlin də olsa oxuyub ağlayan, hıçqıran olmaz? Olar axı.
Yox. Məsələ odur ki, ən istedadlı hesab etdiyimiz yazarlar da qələmini məhz kütləyə hesablayır. Kütlənin daş-qalağından qorxur.
Eh, bədbəxt yazıçı! Onsuz da belə bir cəmiyyətdə sən kitab satıb ev ala bilməyəcəksən. Sən bu toplumda kitab satıb dolana bilməyəcəksən. Bəs niyə yazmırsan? Çünki özün də bu tabu əsiri toplumdan hələ qopmamısan. Qopanlar qorxur.
Rejissor da qopmayıb. Qopubsa, qorxur. Aktyor da, ssenarist də. Bəs inqilab nə vaxt olacaq?
Bilmirəm. Doğrudan, bilmirəm. Bildiyim odur ki, bu qədər təsəvvürdən sonra çox yoruldum və çox acdım. Çünki təsəvvür etməkdən yorulmuşam.
Barı çay içim.
Müəllif: Leyla