TƏCİLİ: Azərbaycan LGBTQ təşkilatlarının bəyanatı
LGBTQ icmasından Nəfəs LGBT Azərbaycan Alyansına və Minority Azərbaycan təşkilatına daxil olan məlumata əsasən, bir neçə trans və gey fərd 27 və 28 oktyabr tarixlərində Bakı şəhərinin müxtəlif polis bölmələrinə qeyri-formal görüşə çağırılıb.
30/Oct/19
7821
Bəyanat
Azərbaycanın LGBTQİ icmasından Nəfəs LGBT Azərbaycan Alyansına və Minority Azərbaycan təşkilatına daxil olan məlumata əsasən, bir neçə trans və gey fərd 27 və 28 oktyabr tarixlərində Bakı şəhərinin müxtəlif polis bölmələrinə qeyri-formal görüşə çağırılıb. Görüş zamanı onlara ödəniş qarşılığında aksiya keçirmək, LGBTQİ icmasının polisin tərəfində olduğunu bəyan etmək, öz indiki vəziyyətlərindən məmnun olduqlarını bildirmək təklif olunub. Məlumatda deyilir ki, təklif edilən məbləğlər 100, 200, 300 manat civarında olub. Bu məlumatı bizlə paylaşan icma üzvləri bu cür mövzularda onların adının istifadə olunmasından narahatlıq ifadə ediblər. Həmçinin maraqlı məqam bundan ibarətdir ki, təkliflər əsasən 2017-ci il hadisələrində zərər çəkməyən, həmin dövrdə saxlanılmayan icma üzvlərinə edilib.
Həmçinin, dünən, oktyabrın 29-da “Azad söz” Youtube kanalında yayımlanan canlı müsahibədə qeyd edilmişdir ki, LGBTQİ icmasının mitinqlərdə müxalifətə qarşı istifadə olunacağı barədə məlumatlar var.
Biz, Nəfəs LGBT Azərbaycan Alyansı, Minority Azərbaycan və Azad LGBT təşkilatları olaraq, ölkənin LGBTQİ icmasına çağırış edirik: Təklif olunan məbləğlərdən və s. asılı olmayaraq, bu cür məkrli oyunların bir hissəsi olmayın. Bu cür təxribatlar ilk növbədə LGBTQİ icmasının fiziki təhlükəsizliyini sual altında qoyur.
Sadalanan təşkilatlar olaraq, LGBTQİ icmasının çirkin planlarda istifadə olunmasını qəti şəkildə pisləyirik və bütün icma üzvlərini kütləvi aksiyalar zamanı öz təhlükəsizliklərini qorumağa çağırırıq.