Fem-Utopia 8 martla bağlı informativ video yayımlayıb
Fem-Utopia feminist kollektivi 8 martın tarixi və məqsədləri haqqında informativ video yayımlayıb.
06/Mar/21
2077
Fem-Utopia feminist kollektivi 8 martın tarixi və məqsədləri haqqında informativ video yayımlayıb
Fem-Utopia-ın həmtəsisçisi Gülnara Mehdiyeva videonun əvvəlində 8 martla bağlı uşaqlığımızdan bizə təlqin edilən fikiləri qeyd edib. Onun sözlərinə görə, uşaqlıqda 8 mart bizim üçün “qadın müəllimlərə sinif adından pul yığıb verməli”, “8 martda ətir, gül, kosmetika dəsti” almalı olduğumuz bayram idi. O, eyni zamanda, 8 martı “zərif qadınların, gözəl qadınların bayram günü” kimi təqdim edilməsini də qeyd edib.
Bəs 8 mart günü tarixə necə düşüb? Mehdiyevanın sözlərinə görə, “hələ 1908-ci ildə Nyu-Yorkda sosial-demokrat qadın hərəkatının təşəbbüsü ilə 15 mindən çox qadın yürüş keçirib”. Feministlərin ilk uğurlarına qədər qadınlar gündə 16 saat işləyirdilər, əmək haqları isə yaşayış minimumundan aşağıda idi. Yürüş edən qadınlar “10 saatlıq iş, ədalətli maaş, eləcə də seçki hüququ tələb edirdilər,” - deyə Fem-Utopia fəalı əlavə edib.
İlk dəfə 1910-cu ildə Kopenhagendə Əməkçi Qadınların Beynəlxalq Konfransında Klara Setkin Beynəlxalq Qadınlar Günü ideyasını təklif edib. “Klara Setkinə görə, hər il eyni gündə dünyanın bütün ölkələrindəki qadınlar küçələrə çıxaraq öz haqlarını tələb etməlidirlər,” - deyə Gülnara Mehdiyeva əlavə edib.
Bundan sonra dünyanın bir sıra ölkələrində hər il mart ayında qadınlar kütləvi aksiyalar, mitinqlər, yürüşlər keçirərək öz haqları uğrunda mübarizə aparıblar.
1975-ci il martın 8-i BMT ilk dəfə Beynəlxalq Qadınlar Gününü qeyd etdi. Elə o vaxtdan da hər il bu gün qadın hüquqları uğrunda mübarizəyə həsr olunur. Mehdiyevanın sözlərinə görə, hər il 8 mart gününün özünə aid mövzusu olur. Məsələn, zorakılığın ləğvi, qadın birliyi, cəzasızlığa son və s.
Azərbaycanda da artıq 3-cü ildir ki, feministlər yürüş təşkil edir. 2019-cu ildə yürüşün əsas sloqanı "Zorakılığa qarşı get", 2020-ci ildə “Bizimdir hürr küçələr” olub. Bu il də ənənəvi olaraq feministlər 8 Marş Yürüşü keçirəcək. Yürüşün sloqanı “Haqlarımız uğrunda”-dır.
Yürüş 8 mart 2021 tarixində saat 15:00-da Nizami küçəsi, Mc.Donaldsın qarşısından başlayacaq, Azərbaycan prospekti ilə davam edəcək və “Sevil” pyesindən ilhamlanaraq hazırlanan “Azad qadın” heykəlinin qarşısında başa çatacaq.
Yürüş iştirakçılarının əsas tələbləri aşağıdakılardır:
İstanbul Konvensiyasının qəbul edilməsi,
Qadınlara qarşı baş verən cinayətlərin qanunauyğun və ədalətli şəkildə araşdırılması və cinayətkarların məsuliyyətə cəlb olunması,
Qadınlara qarşı zorakılıq və qətllərin qarşısını almaq üçün effektiv tədbirlərin həyata keçirilməsi,
Qadınların şəbəkələşməsi, birləşməsi və mübarizəsi üçün bütün maneələrin aradan qaldırılması.
Powered by Froala Editor