“Bədənim belə istədi” - V hissə
Roman
Müəllif: Aylin Wise
Tərcümə etdi: Günel Mövlud
***
Valideynlərimin planlaşdırdığı kimi, üç yerdə toy elədik. Yəqin anamla atamın hər üç toyda camaatın gözünə kül üfürdüyünü, dəbdəbə nümayiş etdirmək üçün dəridən-qabıqdan çıxdığını deməyim artıq olar. Mənə hər toya ayrı-ayrı olmaqla, üç bahalı gəlinlik paltarı aldılar. Samirə üç fərqli kostyum seçdilər. Hər toy üçün bahalı maşınlar kirayələndi, toyun keçdiyi yer, masa, bəzəklər, müğənnilər ciddi-cəhdlə seçildi. Anam öz daş-qaşlarını bacılarının, gəlinlərin üstündən asdı, kənddəki bütün qohumlarımız üçün yeni paltarlar aldı ki, toyda gəlinin ailəsinə layiq şəkildə görünsünlər. Azərbaycanda keçən iki toydan sonra gecələr yatmağa anamın yanına gedirdim, çünki bizim Samirlə hansı toydan sonra yatağa girəcəyimizi də valideynlərimiz planlamışdılar. Üçüncü, axırıncı toydan sonra...
Beləliklə, ərimlə ancaq Moskvadakı, üçüncü toyumdan sonra yatağa girə bilmişdim. Və hər şey mənim gözləntilərimin əksinə olmuşdu..
Məyusluğum nə qədər dərin olursa-olsun, qərara gəldim ki, ruhdan düşməyim. Bir halda ki, yataqda belə uğursuz olmuşduq, onda ailəni, evi birinci yerə qoymaq qərarına gəldim. Evimizi tərtəmiz saxlayır, ərimin öz əllərimlə seçdiyim ağappaq köynəklərini ütüləyir, çeşid-çeşid yeməklər bişirirdim. Dadlı olması ilə yanaşı, sağlam qidalanmağımıza da fikir verir, şorbalar, salatlar, ev şirniyyatları hazırlayırdım. Zamanım o qədər çox olurdu ki, artıq özümü tort ustası elan edə bilərdim. Özümü mətbəxə verməklə, əslində tənhalıqdan qaçmağa, dəli olmamağa çalışırdım. Çünki ətraf aləmlə demək olar ki, bütün əlaqələrim qırılmışdı. Ərim gündüzlər heç vax evdə olmurdu. Ya hansısa dostunun hansısa problemini həll etməyə gedir, ya valideynlərinə baş çəkir, ya da anamın ona işlə bağlı çoxlu tapşırıqlar verdiyini əsas gətirərək, evdə tapılmırdı. Nəhayət, axşam evə gəlib çıxanda mənim minbir səy göstərərək, hazırladığım yeməkləri laqeydliklə yeyərək, keçib divanda oturur, saatlarla internetdə vaxt keçirirdi.
Günlər keçir, ailə qurmaq üçün seçdiyim adam məni daha çox məyus edirdi. Mən özümə belə ailə “xoşbəxtliyi” arzu etməmişdim axı. Ailəmin bahalı mebellərlə, əşyalarla doldurduğu geniş, gözəl mənzilimdə təkbaşına dolanır və tənhalıqdan öldüyümü hiss edirdim. Ailə qurana qədər də çox dostum yox idi, amma indi olan-qalan tanışlarımla da əlaqəni kəsmişdim. Samir mənim telefonla danışmağıma acıqlanır, evə kimsə gələndə qaşqabaq tökür, məni günlərlə dindirmirdi. Harasa gedə də bilməzdim, ərim mənim ancaq evdə oturmağımı tələb edirdi. Qohumlarımı qonaq çağırmırdım, hətta valideynlərim də bizə gec-gec gəlirdi, çünki Samir onların da gəlməyini istəmirdi.
Anama Samirin evdə qonaq istəmədiyini, hətta onların da gəlişindən xoşlanmadığını deyəndə, gözlədiyimin əksinə, anam bu məsələni sakit qarşıladı. “Düz deyir də, cavan ailəsiniz, bəlkə səninlə daha çox vaxt keçirmək istəyir… Bizim sizdə nə işimiz var, bir-birinizə isinişin, sonra gəlib-gedərik...” deyib, söhbəti dəyişdi. Anama demədim ki, ərim mənimlə deyil, internetdə vaxt keçirir.
Həyatımın donmuş, yerindən tərpənməyən bir nöqtədə ilişib, qaldığını düşündüyüm vaxtda, hamilə olduğumu öyrəndim. Toyumuzdan üç ay sonra...
Bu xəbərin mənə necə təsir etdiyinə izah verməkdə çətinlik çəkirəm. Bəli, mən ana olmaq istəyirdim, ailəmin tam olmasını arzu edirdim. Amma mən onu uşaq sevdiyimə görə, ya da atasını sevdiyimə görə doğmaq istəmirdim. Ona görə dünyaya uşaq gətirmək istəyirdim ki, belə lazımdı. Vaxtında uşaq doğmalı, tez böyütməli idim ki, sonra da işləməyə başlayım, karyera qurum. Hər nə qədər reallıqla bağım qopsa da, ümidimi itirməmişdim, nə vaxtsa özümə gələcəyimi, ərimlə aramızın düzələcəyini, işləməyə başlayacağımı düşünürdüm.
Mən hələ də hamilə qadınların, anlaqlı şəkildə hamilə qalan, uşaq istəyən və buna görə də bətnindəki uşağı sevən, onunla danışan anaları görəndə halım pisləşir. Hamilə olduğum o doqquz ay yadıma düşür və mən kədərdən, utancdan ölmək istəyirəm. Daha doğrusu, özümü bağışlaya bilmirəm. Mən uşağın da hisslərinin olduğunu, ona formal deyil, sevgi dolu bir ailənin lazım olduğunu düşünməmişdim. Xarici filmlərin sayəsində normal, romantik münasibətlərdən xəbər tutan qohumlarımızdan kimsə soruşanda ki, Samir də mənimlə doğuşa girəcəkmi, həmişə düşünürdüm ki, bu nə sualdı? Belə bir şeyi yersiz, lazımsız hesab edirdim. Həm də düşünürdüm ki, qadın bunu tək bacarmalıdır. Bir dəfə bir tanış qız dedi ki, əri də onunla birlikdə doğuşa girəcək. Bunu deyəndə onun gözləri gülürdü. O vaxt o qızı başa düşmürdüm. Mənə görə belə şeylər axmaqlıq idi.
Hamiləliyim çətin keçirdi. Məni tərk etməyən kədərim, ərimlə gərgin münasibətlərimiz, tənhalığımın verdiyi bədbəxtlik hissi öz təsirini göstərmişdi. Gündə səkkiz-doqquz dəfə qusur, ağrıyır, susuzluqdan əziyyət çəkirdim. Sonra qan təzyiqim yüksəlməyə başladı. İki dəfə halım ağırlaşdı və valideynlərim məni xəstəxanaya yerləşdirməli oldu. Həkim uşağın düşmə riskinin yüksək olduğunu deyir, mənə özümü hər şeydən qorumağı məsləhət görürdü. Bütün hamiləliyim yüksək risklə keçdi. Sanki bədənim bu körpəni qəbul etmir, onu özündən uzaqlaşdırmağa çalışırdı.
Hamiləliyim boyu daha bir problemlə üz-üzə qaldım. Uzun müddət heç kimlə danışmırdım deyə, hiss edirdim ki, dialoq qurmaq, ümumiyyətlə danışmaq qabiliyyətimi itirirəm. Səlis nitq demək, hətta normal cümlə qurmaq belə mənim üçün çətinləşmişdi. Hiss edirdim ki, beynim sürətlə kütləşir və bu, artıq məni əməlli-başlı qorxudurdu. Valideynlərimin evində olan bütün kitabları evimə gətirdim, xeyli bədii romanlar aldım və oxumağa başladım ki, beynim tamam çökməsin. Samir mənim kitab həvəsimə barmaqarası baxsa da, etiraz eləmədi, çünki kitab oxumaq üçün heç yana getmək, kiminləsə görüşmək lazım deyildi.
Hamiləliyimin son aylarında baxdım ki, Samirin ad günü yaxınlaşır. Ailəmi, münasibətlərimizi xilas etmək ümidim hələ sönməmişdi. Onun üçün yaxşı bir şey eləmək istədim. Valideynlərimə dedim ki, ona çox bahalı, onun sevdiyi marka maşın alsınlar. Anam atamı razı saldı. Ərim üçün etmək istədiyim hər fədakarlıq, hər cəhdi anam çox müsbət qəbul edirdi. Həm də, Samir onların yanında işləyirdi axı. İtən yerə getmirdi.
Yenə də ərim üçün yaxşı həyat yoldaşı olmaq istəyirdim. Amma ona yarınmaq mümkün deyildi. O yenə özünü nəsə incimiş, haqqı verilməmiş kimi aparırdı, məni hər şeydə günahkar çıxarmağa çalışırdı. ən xırda söhbətdə belə mübahisə salır, haqlı çıxmağa çalışır, mənim onun bütün dediklərini təsdiqləməyimi tələb edirdi. Nə olur, olsun, onun rəyi mənimkindən üstün, vacib olmalı idi. Bu məni bərk hirsləndirirdi, çünki mən də özümü şəxsiyyət hesab edir, fikrimin ciddiyə alınmasını istəyirdim. İstənilən mübahisədə Samir arqumentlərə deyil, öz avtoritetinə güvənirdi və bu çox pis, naqolay görünürdü. Mən onun dedikləri ilə razılaşmayanda, əşyalarını yığıb, deyirdi ki, mən gedirəm, aramızda hər şey bitdi.
Bu səhnə məni çox qorxudurdu, getməməsi üçün ona yalvarır, nə olursa olsun, ərimi yanımda saxlamağa çalışırdım. Boşanmaq ehtimalı məni o qədər qorxudurdu ki, bu barədə düşünəndə ürəyim ağzıma gəlirdi. Anamın boşanmış qadınlara necə baxdığını bilirdim, mənim boşanmağım isə onun üçün rüsvayçılığa bərabər idi. Ərimə yanımda qalması üçün yalvarır, göz yaşları içində ona söz verirdim ki, bir daha heç vaxt onunla mübahisə etməyəcəm. Sevmədiyim ərimin yanımda qalması üçün hər şeyi edirdim.
Oğlum doğulanda mənə elə gəldi ki, əlimlə Tanrıya toxundum. Sanki bir an içində özümə, öz həyatıma kənardan baxdım və anladım ki, həyatım tamam başqa cür olmalıdır. O dünyaya gəldiyi anda palatada elə bir sakitlik vardı ki, körpəmin ölü doğulduğunu düşündüm. Amma o, ölü deyildi. Sakitcə mənə baxırdı. Onu doğular-doğulmaz qucağıma vermək əvəzinə, tez əskilərə büküb, bələk masasına uzatdılar. Mən səssiz-səmirsiz uzanıb, ona baxır və bir oğlum olduğuna inana bilmirdim.
Doğuşdan sonra bərk sarslmışdım. Tez-tez ağlayır, əzab çəkir və nə özümə, nə də ətrafdakılara bu hala düşməyimin səbəbini izah edə bilmirdim. Hamı elə bilirdi ki, mən kədərlənmək üçün özümə axmaq-axmaq səbəblər tapıram. Cəmi ik il sonra mən doğuşsonrası depressiya barədə məqalə oxuyanda düşdüyüm halların səbəbini özümə izah edə biləcəkdim: çətin doğuş, ailə ilə bağların zəif olması, analığa olan neqativ münasibətim… Doğuşdan on gün sonra məni “Təcili yardım”la xəstəxanaya çatdırdılar, uşaqlıq yolumda qalan qalıqlar zəhərlənmə verməyə başlamışdı və bir az daha geciksəydim, hər şey daha faciəvi ola bilərdi.
Xəstəxanada qaldığım bir həftə məni həyata qaytardı. Palata yoldaşlarım iki cavan qadın idi, onlar mənim yorğun, üzgün vəziyyətimi o dəqiqə başa düşdülər. Bir həftə ərzində məni darıxmağa qoymadılar, deyib-güldülər, yemək vaxtı iştahım olmasa da, zorla məni süfrəyə çəkib, yeməyə həvəsləndirdilər. Danlaqdan, qaraqabaq, zəhmli valideynlərdən, ərdən uzaqda, qayğısız, şən keçirdiyim bu bir həftə məni həyata qaytardı. Xəstəxanadan çıxanda özümü daha güclü hiss edirdim, dincəlmiş, özümə gəlmişdim. Samir məni xəstəxanadan götürməyə gəlməmişdi, dostunun toyuna getmişdi. Amma bu, daha məni marqlandırmırdı.
Hamilə vaxtı düşünürdüm ki, uşaq doğulandan sonra həyatımız dəyişəcək. Daha doğrusu, ərimin mənə, ailəmizə münasibəti dəyişəcək. Uşaq onun qəlbini isidəcək, mənə bağlayacaq. Amma heç nə, heç nə dəyişmədi. Samir yenə özünü əvvəlki kimi aparırdı. Yenə həmin kobud adam idi, yenə nə mənimlə, nə də uşaqla maraqlanır, əlini ağdan-qaraya vurmurdu. Məni vurmağından da qalmırdı. Hətta hamilə vaxtı məni vurmağa ürək etmirdi deyə, o vaxtdan yığılıb qalanları indi çıxarır, məni daha çox döyürdü. Onun mənə qarşı bu münasibətini anlaya bilmirdim. Axı ona nə etmişdim? Niyə mənə belə nifrət edirdi? Düşünürdüm ki, atamla anamın əlinin altında işləməyi Samirin qürurunu yaralayır. Bəlkə onlara olan acığını məndən çıxırdı? Bunları düşünüb, ona yalvarırdım ki, özünə başqa iş tapsın, valideynlərimin yanında işləməsin. Amma o deyirdi ki, işlə bağlı problemi yoxdu, maaşdan da, işindən də razıdır.
Bütün qəddarlığına, kobudluğuna baxmayaraq, bu xasiyyətləri Samirin natəmizliyinin, pintiliyinin yanında heç nə idi. Görüşdüyümüz vaxtlarda o özünə bir az baxırdı deyə, həm də biz fiziki olaraq çox yaxın olmamışdıq deyə, Samirin pintiliyini hiss etməmişdim. Evləndikdən bir müddət sonra, ərim təbii halına qayıtmışdı. Təbii halı isə iki, üç həftə boyu çimməyən, həftədə bir dəfə dişlərini yuyan, qoxusu baş çatladan bir adam idi. Həftə boyu dəyişmədiyi alt paltarları iylənir, köynəklərinin qoltuğu saralır, corablarının qoxusu evi bürüyürdü. Onunla əvvəl bu barədə danışmağa çalışdım, sonra etiraz elədim, amma heç bir nəticəsi olmadı. Bir dəfə gölə çimməyə getdi. Qayıdanda dedim ki, duşa girsin. Amma o necə gəlmişdisə, eləcə də yatağa uzanıb yatdı. Bütün yataq, mələfələr, yastıq üzləri qumla doldu. Hirsləndim, deyindim, nə qədər desəm də, o duşa girmədi...
Təmizliklə bağlı mübahisələrdən sonra da, o məni döyürdü. Artıq başa düşürdüm ki, Samirin mənə əl qaldırmağı onun öz avtoritetini sübut etmə vasitəsidir. O məni vuranda birinci başımdan vururdu ki, müvazinətimi itirim və cavab qaytara bilməyim. Məni döyəndən sonra əşyalarını yığıb, valideynlərinin evinə gedirdi.
Mənim döyülməyim artıq evdə bir qaydaya çevrilmişdi. Bununla barışa bilmirdim. Ağlayır, qəzəblənir, bütün dünyaya nifrət edirdim. Artıq bütün həyatım boğazımda böyük bir qəzəb düyününə çevrilmişdi. Bütün gəncliyim boyu düşünmüşdüm ki, mənim taleyim, ailəm anamınkı kimi olmayacaq, həyat yoldaşım heç vaxt mənə əl qaldırmayacaq. Amma indi mən də döyülürdüm. Mənə əl qaldıran adamın cavabını verə bilmirdim. Həmişə düşünürdüm ki, fiziki olaraq, güclüyəm, kimin lazımdı, cavabını verə bilərəm. Amma indi görürdüm ki, elə deyil. Mən fiziki olaraq ondan gücsüzəm. Bu fakt məni dəli edirdi. Təbiətin mənim əleyhimə çevrilməsi olduqca ağrılı idi.
Özümü tamamilə bədbəxt hiss edirdim. Artıq hər kəsdən qopmuşdum. Valideynlərim, qohumlar, tanışlarla bütün bağları kəsmişdim. Heç yana çıxmırdıq, çünki Samir məni heç yerə aparmaq istəmirdi. Ailəliklə gəzintiyə çıxmırdıq. O, uşaqla gəzmək istəmirdi. Mən isə ancaq uşaqla parka çıxa bilirdim ki, oğlum hava ala bilsin. Bütün gəncliyim dörd divar arasında, tənhalıqda keçirdi. Mən bu divarlar arasında oğlumun qayğısına qalarkən, Samir kefindən, əyləncəsindən qalmır, yenə evə gecələr gəlir, evda qaldığı vaxtı isə məni döyməyə sərf edirdi.
Tez-tez intihar barədə düşünürdüm. Damarlarımı necə kəsdiyimi, pəncərədən özümü necə atdığımı bütün xırdalıqları ilə təsəvvür edirdim. Bu düşüncələr elə gerçək olurdu ki, bəzən son anda gözümü açır, ya əlimdə bıçaq görür, ya özümü açıq pəncərənin kənarında tapırdım. İntihar mənə düşdüyüm bu çıxılmazlığın içində bir ümid, bir işıq kimi görünürdü. Hər dəfə son anda məni özümə qaytaran, ağlımı başıma gətirən şey oğlum olurdu. Dərk edirdim ki, oğluma qarşı bunu etməyə haqqım yoxdu. Təkcə həyatda qalmağı deyil, artıq hər şeyi təkcə oğlum üçün edirdim. Onun üçün evi təmizləyir, onun üçün yemək bişirir, hətta onun üçün yemək yeyirdim. Axı ona ana südü verirdim, süd olması üçün isə mən yeməli idim. Özümdə hiss etdiyim bütün həyat əlamətləri, hər hərəkətim ancaq və ancaq oğluma görə idi.
Oğlumu bu münasibətlərin əsirinə çevirdiyim üçün çox pis olurdum, amma daha heç nəyi düzəltmək mümkün deyildi. Pisi o idi ki, mən övladıma sevgi dolu başqa analar kimi qəlbimi, hisslərimi verə bilmirdim. O, mənim üçün sanki tərcümeyi-halımda bir xal idi. Onu sevdiyim kişidən uşaq doğmaq istədiyimə, ümumiyyətlə, öz xoşumla övlad istədiyimə görə deyil, insanların uşaqlıq borusu olan bütün qadınlardan uşaq tələb etdiklərinə görə doğmuşdum və buna görə indi də təəssüf edirəm. Bu hiss o vaxtdan mənə əziyyət verirdi.
Bəzən özümdə cəsarət tapıb, valideynlərimdən kömək istəyirdim. Onlar bütün qapılarını üzümə bağlamışdılar. Anama Samirin məni döydüyünü deyəndə, o sakitcə qulaq asıb, deyirdi ki, “onu özün seçmisən, hamının əri döyür, döz, otur...”
Samirlə seks həyatımız tamamilə bitmişdi. Mənə elə gəlir ki, o, aramızdakı yaxınlıqdan həzz almadığımı anlamışdı. Necə, bilmirəm, axı mən hər dəfə imitasiya edir, onun qürurunu xilas etməyə çalışırdım. Sonra onun mənə həzz yaşatmaq kimi bir dərdinin olmadığını görəndə tamam soyumuşdum və daha uzaq olmağa çalışırdım.
Həyatımın hər anı, hər sahəsi uğursuz idi. Ailə həyatım, seks həyatım, analığım – hamısı yarımçıq, uğursuz olmuşdu. Daha öz üstümdən, gələcəyimin üstündən qalın bir xətt çəkmişdim. Düşünürdüm ki, bir gün ya valideynlərim rəhmə gəlib məni Samirdən qurtarana qədər, ya da intihar edənə qədər belə olacaq və daha bununla barışmışdım. Daha heç nə gözləmir, heç nəyə ümid etmirdim...
Bu ümidsiz günlərin birində mənə zəng gəldi. Zəng edən tanış qız idi, Nataliya, onu universitet vaxtından tanıyırdım. Mən ailə, uşaq dalınca qaçdığım vaxtda o karyera qurmaq barədə düşünmüşdü və indi də yaradıcı bir layihənin rəhbəri kimi zəng etmişdi. Söhbəti qısa oldu, Nataliya dedi ki, fransız dilində komikslər var və onları ruscaya tərcümə edəcək, yaradıcı təxəyyülü olan birinə ehtiyac var. Mənim fransızcam yaxşı idi və Nataliya da bunu bilirdi. Dedi ki, yaxşı qonorar var, ödəməni mənə uyğun şəkildə edəcək.
Leyla, yadındadı, universitetdə deyirdin ki, sənin komikslərə həmişə marağın olub. Buna görə məhz sənə zəng elədim. İstəyirsən, götür, bax, başla. Xoşuna gəlməsə, ya da görsən ki, alınmır, başqa adam taparıq. Amma nəsə mənə elə gəlir ki, sənin xoşuna gələcək...
Nataliya məni çox dilə tutası olmadı, razılaşdım. Rahat iş idi, evdən çıxmaq lazım deyildi, axır ki, özüm pul qazana biləcək, nə valideynlərimdən, nə də Samirdən asılı olmayacaqdım.
İşin birinci hissəsini götürdüm və faylı açanda komikslərin lezbiyan sevgisi barədə olduğunu gördüm. Əvvəl çox təəccübləndim. Amma bu iş idi, ona görə də komikslərə diqqətlə baxmağa başladım. Bu sevgi hekayətlərində bir-birini sevən qızlar arasındakı incə, romantik münasibətlərdən bəhs edilirdi. Komikslərə baxdıqca hiss edirdim ki, onlar məni heç də qıcıqlandırmır. Daha sonra lezbiyanlar arasındakı seksual münasibətlər barədə komikslər gəldi. Onlara baxmaq mənə daha çətin idi. Daxilimdə ziddiyyətli hisslər baş qaldırmışdı. Bir tərəfdən. qapalı, ənənəvi bir ailədə böymüş bir qız olaraq özümü naqolay hiss edirdim, qızarır, hətta çətin nəfəs alırdım. Digər tərəfdən də bu səhnələrin məni ehtirasa gətirdiyini hiss edirdim. Bu, çox qəribə idi. Sanki bədənim uzun illərdən bəri ilk dəfə idi ki oyanmışdı. Hərdən uşaqlığımdan gələn, unutmaq istədiyim, amma bacarmadığım səhnələr, Ramilənin hərəkətləri yadıma düşürdü, amma indi hiss etdiklərim o qədər xoş idi ki, o dumanlı və xoşagəlməz xatirələr tez dağılıb gedirdi.
Tərcümə işi ilə əsasən gecələr, ərimlə oğlum yatandan sonra məşğul olurdum. Ya da gündüzlər, oğlum günorta yuxusuna gedəndə bir az vaxt tapır, tez kompüterin arxasına keçib, işləyirdim. Komikslər olduqca xoşuma gəlir, mənə çox yaxşı təsir edirdi. Bu yarıgülməli, yarıromantik şəkillər sanki qarşımda yeni bir dünya açmışdı. Yeni, başqa bir sevginin olduğu dünyanı. O sevgini ki, mənim böyüdüyüm ailə onun barəsində danışmaq qadağan idi, o sevgini ki, yaxınlarım onun barəsində nifrətlə, qorxu ilə danışırdılar. Amma mənim gördüyüm səhnələrdə, dialoqlarda qorxulu olan heç nə yox idi. Hiss edirdim ki, eynicinsli sevgiyə münasibətim sürətlə dəyişir, əvvəlki fikirlərim artıq mənə məntiqsiz, haqsız gəlirdi, bu sevginin doğru olmadığını düşündüyüm üçün, bu mövzuda heç nə bilmədən konkret münasibətə sahib olduğum üçün indi özümü naqolay hiss edirdim. Mən daha belə sevgini pis, yanlış, utanılası, ya da qadağan edilməli bir şey hesab etmirdim.
Beynimdə sürətlə dəyişən təkcə bu fikirlər deyildi. İşləməyə başlayandan bəri qəfil bədənimə gələn bir enerji var idi. Bu enerji sanki beynimin tutulmuş dəliklərini də açmışdı və mən hər gün özümlə, öz həyatımla bağlı nələrsə hiss edir, qənaətə gəlirdim. Hiss edirdim ki, Samirlə olmaq istəmirəm, indi olduğum yerdə olmaq istəmirəm. Əgər əvvəllər ancaq ailəmi qorumaq barədə düşünürdümsə, indi başa düşürdüm ki, əslində, mənim ailəm yoxdur, əlimdə olan bu yalançı, saxta şeyi də uzatmağa dəyməz. Bu vaxta qədər hesab edirdim ki, mənim boşanmağa haqqım yoxdur, axı valideynlərimin kədərdən və utancdan ölə biləcəyini, insanların məni lağa qoyacağını, özümə hörmətimi itirəcəyimi düşünürdüm. İndi anlayırdım ki, mən sadəcə öz daxili hökmlərimin və gələcəyimdən gözləntilərimin əsarətinə düşmüşəm.
Samir əvvəlki kimi, boşanmaqla məni təhdid edirdi. Ən xırda mübahisə zamanı paltarlarını yığıb, deyirdi ki, mən gedirəm. Əvvəl o belə edəndə, onu saxlamaq üçün dəridən-qabıqdan çıxırdım, yalvarırdım, deyirdim ki, biz bir ailəyik, getməsin, ailəsini buraxmasın. İndi başa düşürəm ki, əslində mən onu deyil, özümü saxlamağa çalışırmışam. O mübahisə edib, gedir, bir-iki gün keçəndən sonra heç nə olmamış kimi qayıdıb gəlirdi.
Bir gün növbəti dəfə dalaşdıq. Bu dəfə özümü saxlamadım, ürəyimdən keçənlərin hamısını dedim. Samir yenə əşyalarını yığdı. Bir kəlmə demədən, sakitcə onun hərəkətlərini izlədim. Bir neçə ay əvvəl onun tələm-tələsik əşyalarını yığması, üst paltarlarını geyinməsinə sanki bütün həyatım bu hərəkətlərdən imiş kimi baxırdım. İndisə, onun saxta qətiyyəti, getmək həvəsi mənə olduqca gülməli gəlirdi. Ərimin böyük təəccübünə rəğmən, ona yalvarmadım, saxlamağa çalışmadım. Samir getdi. Maraqlıdır, nə ağlamağım gəlir, nə də qorxurdum. İçimdə heç bir təəssüf hissi yox idi. Hiss etdiyim tək şey dərin bir yüngüllük hissi idi, sanki çiyinlərimdən, ürəyimdən bir yük qalxmışdı və mən buna görə özümü çox yaxşı hiss edirdim. Fərqinə vardığım daha bir yenilik isə bu idi: bu gedişin sonuncu olması...
Powered by Froala Editor