LGBTQ+lərə qarşı zorakılığa dair bəyanat
Vətəndaş cəmiyyəti LGBTQ+lərə qarşı zorakılığa dair bəyanat yayıb
10/Jun/21
2666
Vətəndaş cəmiyyəti LGBTQ+lərə qarşı
zorakılığa dair bəyanat yayıb
Vətəndaş cəmiyyəti nümayəndələri son zamanlar LGBTQ+lərə qarşı artan zorakılıq və ayrı-seçkilik hallarına dair bəyanat yayıb. Bəyanatda deyilir:
Biz, Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri son vaxtlar ölkədə LGBTIQ+ vətəndaşlara qarşı zorakılığın, ayrı-seçkiliyin və digər hüquqa zidd halların artması və bu istiqamətdə dövlətin hərəkətsizliyindən ciddi narahatlığımızı ifadə edərək,
Bütün insanların irqinə, dilinə, milliyətinə, cinsi oriyentasiyasına, gender kimliyinə fərq qoymadan cəmiyyətdə təhlükəsiz və damğalanmadan azad və bərabərhüquqlu yaşamaq kimi yerli və beynəlxalq hüquqi sənədlərin tələblərini rəhbər tutaraq,
Azərbaycan Respublikasının Konstitusiyası və onun tərəf olduğu beynəlxalq insan hüquqları sənədlərin əsas tələbi kimi dövlətin zorakılığa və başqa qanun pozuntularına qarşı təsirli tədbirlər görmək öhdəliklərini xatırladaraq, Azərbaycan dövlət orqanlarından aşağıdakıları tələb edirik:
LGBTIQ+ vətəndaşlara qarşı zorakılıq halları ilə bağlı təxirəsalınmaz effektiv və şəffaf təhqiqatın aparılması təmin edilsin və təhqiqatın nəticələri ictimaiyyətə açıqlansın;
LGBTIQ+ vətəndaşlara münasibətdə nifrət çıxışlarına, həmçinin ictimai xidmətlər göstərən qurumlar (səhiyyə, sosial, hüquq mühafizə və.s) tərəfindən xidmətlərin göstərilməsindən imtina kimi müxtəlif ayrıseçkilik halları dərhal araşdırılsın və nəticəsi ictimaiyyətə açıqlansın;
Dövlət qurumlarında cinsi oriyentasiya və gender kimliyinə əsaslanan ayrıseçkiliyin qadağası haqqında məlumatlılığın artırılmasına dair tədbirlər görülsün;
Effektiv hüquqi təqib ilə nəticələnməyən cinsi oriyentasiya və gender əsaslı zorakılıq cinayətlərinin və digər ayrıseçkilik hallarının təkcə fərdi hüquq və azadlıqların kobud pozuntusu ilə məhdud olmayıb, cəmiyyətdə zorakılıq meyllərini artırdığını nəzərə alaraq, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi üçün konkret işlər görülsün. Bu məqsədlə Azərbaycan höküməti:
BMT-nin cinsi oriyentasiya və gender şəxsiyyətinə əsaslanan zorakılıq və ayrı-seçkilikdən müdafiə üzrə BMT-nin xüsusi mandatlı Müstəqil Mütəxəssisinin 15 aprel 2013-cü ildən Azərbaycana təqdim edilən və hələ də hökümət tərəfindən qəbul edilməyən açıq qalan dəvəti qəbul edilsin və BMT müstəqil mütəxəssisin Azərbaycanda LGBTIQ+ vətəndaşların hüquqları ilə bağlı vəziyyətin öyrənilməsinə şərait yaradılması təmin edilsin;
Beynəlxalq insan hüquqları sənədlərinin milli hüquqa münasibətdə üstün hüquqi qüvvəsinə baxmayaraq, müxtəlif milli qanunvericilik aktlarında ayrıseçkiliyin qadağasına dair müddəalarda nəzərdə tutulan ayrıseçkiliyin əsasları siyahısına şəxslərin cinsi oriyentasiyası və gender kimliyi ifadələri əlavə edilsin.
Gender haqqında qanun təkmilləşdirilsin və beynəlxalq standartlara uyğunlaşdırılsın.
Bəyanatı bir sıra ictimai-siyasi fəallar, hüquqşünaslar, jurnalistlər, incəsənət nümayəndələri və digər vətəndaşlar imzalayıb.
Bəyanat hazırda imzalanmaya açıqdır və vətəndaşlar bu paylaşımın şərh bölümündə öz ad, soyad və ixtisaslarını qeyd edərək, bəyanata qoşula bilər.
Powered by Froala Editor