Jurnalist özünü prokurorluq binasına zəncirləyib
LGBTİ+ icma üzvü, jurnalist Əvəz Hafizli bu gün, sentyabrın 8-də özünü Baş Prokurorluğun inzibati binasının dəmir hasarına zəncirləyib
08/Sep/21
3006
Əvəz Hafizli özünü
Baş prokurorluğun binasına zəncirləyib
LGBTİ+ icma üzvü, jurnalist Əvəz Hafizli bu gün, sentyabrın 8-də özünü Baş Prokurorluğun inzibati binasının dəmir hasarına zəncirləyib.
Jurnalist deyib ki, transfob və homofob blogger Sevinc Hüseynova onun və ailəsinin ünvanına hədə-qorxu və təhqirlər səsləndirib. Əvəz Hafizlinin məsələ ilə bağlı prokurorluğa həm rəsmi müraciət etməsinə, həm də şifahi olaraq, görüşdə öz şikayətlərini bildirməsinə baxmayaraq, hər hansı tədbirlər görülməyib.
Buna etiraz olaraq, özünü Baş Prokurorluğun darvazasına zəncirləyən jurnalist bildirib ki: “Bu ölkədə prokurorluq orqanlarının fəaliyyəti yarıtmazdır.”
Etirazçının sözlərinə görə, zəncir simvolik məna daşıyır və müvafiq qurumlar onlara şikayət edən vətəndaşların “boynuna zəncir keçirərək, fırladır”.
Əvəz Hafizli başına gələcək hər bir hadisəyə görə Sevinc Hüseynovanın və prokurorluq orqanlarının məsuliyyət daşıdığını qeyd edib.
Etiraz aksiyası zamanı Baş Prokurorluğun sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi Eldar Sultanov Əvəz Hafizliyə yaxınlaşıb. Bu zaman jurnalist emosiyalarına hakim ola bilməyərək, həyatının təhlükədə olduğunu, itirəcək heç nəyinin qalmadığını bəyan edib. Onun tək istəyi Sevinc Hüseynova barəsində ən azından araşdırılma başladılması barədə məlumat almaq olub.
Eldar Sultanov çəkiliş edən jurnalistlərə açıqlamasında bildirib ki, Əvəz Hafizlinin şikayəti araşdırılmaq üçün Nəsimi Rayon Prokurorluğuna göndərilib. Etirazçı isə qeyd edib ki, Nəsimi Rayon Prokurorluğu məzuniyyətdədir və ondan şikayət ərizəsi alınmayıb.
Əvəz Hafizli həmçinin əlavə edib ki, onun prokurorluğa şikayətindən heç kimin xəbəri olmasa da, Sevinc Hüseynova hansısa yollarla bu haqda öyrənib və öz təhdidlərinə davam edib.
Daha sonra prokurorluğun əməkdaşları zənciri açaraq, Əvəz Hafizlini qəbul otağına aparıblar.
Xatırladaq ki, jurnalist Əvəz Hafizli Sevinc Hüseynovann hədə-qorxularından sonra sentyabrın 4-dən 5-nə keçən gecə intihara cəhd edib.
Blogger Sevinc Hüseynova bu ilin iyul ayından başlayaraq, öz İnstaqram hesabında davamlı şəkildə ölkənin trans icmasını hədəf göstərən paylaşımlar və canlı yayımlar edib. O, ayrı-ayrı fərdlərə və ümumilikdə LGBTİ+ icmasına qarşı şərəf və ləyaqəti alçaldan ifadələr işlədib və insanları onları öldürməyə səsləyib.
Powered by Froala Editor