Eynicinsli pinqvin cütlüyü valideyn oldu

Nyu-York ştatındakı Rozamund Gifford zooparkında yaşayan erkək pinqvin cütlüyünün balası dünyaya gəlib və cütlük hazırda balanı birlikdə bəsləyir. 

Elmer və Lima adlı Humbolt pinqvinləri yanvarda iki dəfə ata olublar. Zooparkdan bildiriblər ki, Elmer və Lima cari çoxalma mövsümündə münasibətə başlayıb və yuvalarında şərait quraraq, “ərazilərini qoruyublar”.

Bu haqda zoopark öz Facebook səhifəsində məlumat verib. “Ögey valideynlər olan yetkin erkək pinqvinlər Elmer və Lima növbə ilə yumurtanın üstündə oturublar və o vaxtdan bəri cücənin isinməsi və yedirilməsində gözəl iş görürlər”. 

Zoopark bildirib ki, onlar bir pinqvin cütlüyünün yaxşı valideyn olub-olmamasını yoxlamaq üçün əvvəlcə cütlüyə yumurtanın maketini verir. “Bəzi cütlüklərə maneken yumurta veriləndə onlar onu bir kənara qoyurlar və üstündə oturmurlar, yaxud da kimin yumurtanı bəsləyəcəyi uğrunda savaşırlar”, - zooparkın direktoru Ted Foks bildirib. “Beləcə biz kimin yaxşı valideyn olduğunu qiymətləndiririk və Elmer və Lima yumurtaya qulluğun bütün mərhələlərində nümunəvi olublar.”

Odur ki, Pokita adlı dişi pinqvin və onun partnyoru Ventenin qoyduğu yumurta dekabrın 23-də onlardan götürülərək Elmer və Limaya verilib. 

Rozamund Gifford zooparkı əvvəllər də bu üsuldan istifadə etsələr də, eynicinsli cütlük onlar üçün ilkdir. 



Powered by Froala Editor