Gəl Dənizlə Barışaq IV bölüm
Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur, Vay o qəlbə ki, boşdur! Hər üfüqdə bir həvəs, hər bucaqda bir umud, İnsanlar daha mə'sud
01/Sep/22
1206
Gəl Dənizlə Barışaq
Dördüncü Bölüm
Yenə o bağ olaydı, yenə o qumlu sahil,
Sular ötəydi dil-dil.
Saçın kimi qıvrılan, dalğalara dalaydım,
Dalıb ilham alaydım.
Əndamını həvəslə, qucaqlarkən dalğalar,
Qəlbimdə qasırğalar,
Fırtınalar coşaydı, qısqanclıqlar doğaydı,
Məni hirsim boğaydı.
Cumub alaydım səni dalğaların əlindəni,
Yapışaydım belindən.
Xəyalımız üzəydi, sevda dənizlərində,
Ləpələr üzərində,
İlhamımın yelkəni, zərrin saçın olaydı,
Sular xırçın olaydı.
Mikayıl Müşfiq. “Yenə o bağ olaydı”
Əvvəllər güzgüdə özümə baxmaqdan zəhləm gedirdisə, indi nifrət edirdim, amma bu, yenə də məni güzgüyə baxmaqdan saxlamırdı. Hər dəfə salondakı güzgünün qarşısından keçərkən üzümdə və bədənimdə nələrinsə dəyişmiş olduğuna ümid edərək ona yaxınlaşır, amma hər dəfə heç nəyin dəyişmədiyi həqiqəti məni elektrik kimi vururdu. Müxtəlif prizmalardan özümə baxırdım və bədənimlə bağlı xoşuma gələn bir şey tapmağa çalışırdım. Amma samanlıqda iynə axtarmaq kimi bir şey idi bu. Keçmişdə üzümdə hiss etdiyim sızanağı sıxmaq və ya saçımın kəsilməyə ehtiyacı varmı deyə yoxlamağa gərək duymayana qədər bu qəddar əşyaya yaxınlaşmazdım, amma son günlər az qala telefonumda bildirişləri yoxladığım qədər yaxınlaşırdım güzgüyə. Güzgü ilə barışdığımı düşünürdüm, amma son vaxtlar həyatımda baş verən dəyişikliklərdən sonra bunun əslində atəşkəs olduğunu anladım. Hər nə qədər bunu salonda heç kim olmayanda etməyə çalışsam da, güzgünün qarşısında keçirdiyim vaxt evdəkilərin də gözündən yayınmırdı. Anam görəndə “yaraşıqlı balam”, nənəm isə “tüf-tüf, göz dəyməsin” deyirdi. Hətta bir dəfə başıma duz dolandırıb, qoxusu bütün evi bürüyən üzərlikdən də yandırdı. Bundan sonra salondakı güzgüyə baxmaqdan əl çəkdim. Axırda evin bir küncündən salondakı güzgüdən kiçik, amma mənə işgəncə verən görüntümü rahatlıqla əks etdirəcək qədər böyük olan başqa bir güzgü tapdım və otağımdan asdım.
Geyimimə də fikir verməyə başlamışdım. Əvvəllər əynimə nə gəldi keçirib, sadəcə əynimdə paltar olsun deyə geyinərdim, amma indi başqa cür yanaşırdım bu işə. Google-da on yeddi yaşlı oğlanların nə geyindiyi ilə bağlı axtarışlar edir, yerli mağazaların saytlarına baxırdım. Ən sonda qarderobuma baxarkən heç də pis olmadığı qənaətinə gəlmişdim. Heç olmasa, bunda yaxşı idim. Çox güman ki, paltar alış-verişimi hələ də anam etdiyi və heç vaxt pis görünməyimizə icazə verməyəcəyi üçün idi. Tez-tez İnstaqram story-lərini bəzədiyimiz üçün bunun sözü belə gedə bilməzdi.
Hərdən günün sonunda özümdən soruşurdum: “Axı bütün bunları niyə edirəm?”. Həvəsdən düşürdüm o anlarda. Qaranlıq fikirlər axşamın düşməsiylə gələn qaranlıqdan daha zülmət olurdu. Axı hələ heç nə qəti şəkildə elan olunmamışdı aramızda. İndiyə kimi münasibətim olmadığı üçün təcrübəm də yox idi. Düzdür, İlkinlə danışırdıq, amma sadəcə danışırdıq. Bəlkə mən səhv yozurdum deyə, düşünməkdən özümü saxlaya bilmirdim. Bəlkə onun üçün bu, adi bir dostluqdan başqa bir şey deyildi? Bütün bunlara gün boyu özüm haqqında düşündüyüm neqativ fikirlər də əlavə olunandan sonra “İlkində də bu hisslər olsa belə, niyə mənim kimi biri ilə münasibət qursun ki” deyə düşünürdim.
Bütün bunların keçməsi üçün yazdığı bir mesaj və ya onu bir dəfə görməyim kifayət edirdi. Aramızda baş verənlər hər nə idisə, yenə də xoş gəlirdi mənə. Kola içmək kimi bir şey idi. Zərərli olduğunu, yada hər zaman içməmə şansınızın olduğunu bilirsiniz, amma yenədə özünüzü içməkdən saxlaya bilmirsiniz. Mən də onunla danışmaqdan özümü saxlaya bilmirdim. Tövlə tikintisini davam etdirərkən yanından ayrılmırdım. Bəzən aşağı mağazalarına düşür, onu orda tapırdım. Məni görəndə həmişə eyni dərəcədə sevinməyi qəribə gəlirdi. Çox vaxt insanları darıxdırıcılığım və maraqsızlığımla sıxmamış, özüm əhatələrindən ayrılardım, amma İlkinlə nədənsə belə etmədim.
İşarə dilində danışırdıq. Artıq getdikcə özünü not dəftəri ilə ifadə etməyinə ehtiyacı qalmırdı. Əlifbanı və gündəlik həyatda işlədilən sadə şeyləri öyrənmişdim. Əllərimlə cümlə qurub bunu başqa birinə başa sala bilməyimin açıqlaya bilmədiyim maraqlı bir tərəfi vardı. Yenə də açıqlamağa çalışsam, bu işin ən sevdiyim tərəfinin “bizim dilimizi” bir çox insanın bilmədiyinin verdiyi rahatlıq, üstünlük və fərqliliyin olduğunu deyə bilərəm.
Bir çox işarəni ondan öyrəndim. Bəzilərini bacısı başa saldı. Bunu edərkən səbrli və çox həvəsli görünürdü. Yəqin ki, çox sevdiyi qardaşının ona uyğun dost tapdığı üçün o da sevinirdi. Yeri gəlmişkən, bacısının adı Sevinc idi və indiyə kimi gördüyüm ən zarafatcıl, ən söyüşkən insanlardan biri idi. İlk gün süd almağa gələndə məni qarşılayan mülayim qızdan yaxşı mənada çox-çox fərqli biri idi. Adi şeylər düzüb-qoşub, elə mimika, elə jestlərlə deyirdi ki, gülməkdən dayana bilmirdim. Qəribə bir şəkildə danışarkən işlətdiyi ədəbsiz ifadələri belə sevir, həvəslə gözləyirdim. O da buna baxıb həvəslənir və sanki vecinə deyilmiş kimi sarkazmlı əhvalatlarına davam edərdi. Xərçəng xəstəsi idi və son analizlərinin cavabı yaxşı gəlmişdi. Bütün ailəsində bu xəbərin təsiri hiss olunurdu. Başında yenicə çıxmağa başlamış narın saçlarını evin içində gizlətməyə gərək duymadığı üçün ləçək taxmırdı. Qardaşıyla mənim yanımda rahat idi və hətta bir dəfə “Əl vurmaq istəyirsən?” deyərək başını uzatmışdı və mən də əsgər saçı uzunluğundakı saçlarına əlimi sürtmüşdüm. Bundan sonra “Xoşuna gəldi?” soruşmuşdu. Gülərək “hə” demişdim, o da qayıdıb cavab vermişdi ki: “Kaş bütün kişilər sənin kimi düşünəydi. Ər tapana kimi kimi bir az da uzatmalıyam. Aşağıda bundan uzundu.” Nə dediyini anlayanda qarnımı tutub gülmüşdüm. İlkin isə utancla üzünü bağlayıb, əl işarəsi ilə ondan susmağını istəmişdi.
Tək sevmədiyim insan anaları idi. Fatma xala. Adı qulağıma şallaq səsi kimi gəlirdi. Cahil və özündən əmin qadın idi ki, məncə, bir insanı bundan artıq təhlükəli edə biləcək bir şey yoxdur. Lakin ondan xoşum gəlməmə səbəbim təkcə bu deyildi. İnsan tanıma üzrə ekspert deyildim, amma o qadının hərəkətləri qeyri-səmimi gəlirdi mənə. Heç vaxt görüb danışmadığı halda hər görəndə valideynlərimin əhvalını xəbər alır, nə işlə məşğul olduqlarını, hətta qazanclarını belə soruşurdu. Çox mənfəətcil qadın idi. Amma bunun da əsas səbəb olduğunu deyə bilmərəm. Əsas səbəb İlkin idi. Uşaq vaxtı onun səhlənkarlığı üzündən İlkinə vurulmuş yanlış antibiotik nəticəsində uşağı ömürlük danışa bilmə bacarığından məhrum olmuşdu və belə görünürdü ki, Fatma xala özündə bir qram da olsa günah görmürdü. “Mən ona demişdim ki əynini qalın geyin. Geyinmədi. Axırı da belə oldu”, - demişdi. Bundan sonra hətta Sevinc belə baş qatacaq bir şey deyə bilməmişdi. Bu qəribə idi, çünki Sevincin daima deyəcək nəyisə olurdu. Sonradan anasının Sevinci də xəstə olduğuna görə günahlandırdığını anladım. Əvvəllər o qadından xoşum gəlmirdisə, o vaxt zəhləm getməyə başladı və bacardıqca o, evdə olanda onlara getmədim.
Həmin vaxtlar evimizdə hər kəsin əhva-ruhiyyəsi yaxşı idi. O günlərdə ailəlikcə on ildir ki, həyətin keşiyini çəkən itimiz Romanın öləcəyindən əmin idik – lakin Roma bundan sonra iki il də yaşadı və ancaq səhvən ona verilmiş toyuq sümüyünü çeynəyə bilməməkdən boğulub öldü. Ona görə də atam yaxın bir tanışından iki aylıq “ovçarka” balası alıb gətirdi. Adını “Licky” qoyduq, çünkü it ona toxunan hər kəsi yalamağa başlayırdı. Atam həyətdə it poxunu görmək istəmədiyini qəti bir şəkildə ifadə etdikdən sonra Likini gəzdirmək mənə qaldı. Bu yaxşı olmuşdu, çünki İlkingilə getməyə başqa bir səbəb qazanmışdım. İlkinin itlərdən yaxşı başı çıxırdı. Özünün saxladığı üç nəhəng çoban iti vardı ki, söhbətimiz zamanı onlarla fəxr etdiyini gözlərindəki parıltıdan hiss edirdim.
Bir gün Likini axşam gəzintisinə hazırlayıb, çölə çıxdım və aşağı mağazaya tərəf yola düşdüm.
İlkin mağazanın qapısında durub siqaret çəkirdi. Məni görən kimi siqareti tullayıb, əli ilə salamladı. Siqaret qoxusunu bəyənmədiyimi bildiyi üçün mənim yanımda siqareti ya heç çəkmir, ya da çəkərkən ən azı üç addım uzaqda durmağa çalışırdı.
Mən də işarə dilində qarşılıq verdim. “İti gəzməyə çıxarmışam”, - dedim.
“Hara gedirsən”, - soruşdu.
“Həmişəki yerə”, - dedim. Həmişəki yer deyim dəniz yoluna tərəf düşüb, Likinin ən sevimli bir neçə şalbanını qoxlayıb işəməsini izlədiyim, camaat arasında düz yol kimi tanınan yol idi. Buranı seçməyimin səbəbi insan çoxluğunun olmaması idi.
“Bəlkə dənizə gedək?”
“Imm... Olar”, - dedim ən axırda.
Beləcə düz yolu ötüb, dənizə düşdük. İlk dəfə fərqli bir yerə gəlmiş Liki ipdən qurtulub, ətrafı kəşf etməyə can atırdı. Mənsə onun ipini bərk-bək tutub saxlamağa çalışarkən ətrafı gözdən keçirirdim. İlkin yanımda olmasaydı, bu qədər adamın olduğu yerə tək gəlməzdim. Səhv etmirəmsə, iyun ayının ilk ongünlüyündəydik və havalar istiləşməyə başlamışdı. Qumsalda və dənizdə kifayət qədər çox adam vardı.
“Gedək üzməyə” deyə işarə göstərdi mənə.
“Nə? Yox. Hava uyğundur ki?”
İlkin şəhadət və orta barmağını çənəsinə, ordanda alnına qoydu. “Bu yay” mənasına gəlirdi.
“Yay olduğunu bilirəm, amma məncə, su hələ isti deyil”
İlkin baş barmağını qarmaq şəklində salıb, alnında tər varmış kimi sildi. “Çox istidir” deyirdi.
“Bir az ağını çıxartdın, məncə”, - dedim.
Qaşları əyildi və “Xaiş edirəm” dedi əl hərəkətləriylə.
“Yaxşı sən gir mən sənə baxaram”, - dedim. Bundan daha yaxşı nə ola bilərdi ki?
Təkidlə bir yerdə üzmək istədiyini dedi.
“Mən heçdə yaxşı üzgüçü deyiləm”, - cavab verdim.
“Daha yaxşı. Öyrədərə bilərəm”, - göstərdi əlləri ilə.
Əslində az qala razı olmuşdum, amma bu qədər adamın arasında quruda belə güclə gəzərkən üzməyi öyrənə bilməzdim. Ona görə də: “Yox. Qalsın, məncə”, - dedim.
Məyus oldu, amma sonra üzündə ağlına yeni bir ideya gəlmiş kimi bir ifadə yarandı. İşarə dilində: “Bəs heç kəsin bizi görməyəcəyi bir yerdə üzsək?”, - dedi. Bu qədər uzun cümləni anlamağım üçün bir neçə dəfə təkrarlamalı və əlavə jestlər etməli olmuşdu.
“Hara olacaq ki?”, - soruşdum. “Bəs iti hara qoyacağıq?”, - deyə əlavə etdim. Axırıncısı çox sağlam bəhanə idi və fikrindən mütləq dönəcəyini düşündüm. Di gəl ki, yeni ideyası hər nə idisə, itin ona mane olmayacağını üzündən oxudum.
“Sən onu dərd etmə” göstərdi və məni tək qoyub getdi. Geri qayıdanda onu izləməyimi istədi. Mız-mız biri kimi görünmək istəmədiyim üçün qarşı çıxmadım. Ən azından sakit bir yerə getdiyimizi ümid edərək onu izlədim. Belə də oldu. İnsanların toplaşdığı yerləri keçib dənizin daha baxımsız və sakit olan tərəfinə gəldik. Bir az aralıda çoxlu maşın olsa da, bura daha çox parkinq üçün istifadə olunurdu. Köhnə bir xilasetmə müşahidə məntəqəsini keçdikdən sonra qarşıda taxtadan balıqçı köşkü gördüm. Çölündə nəhəng bir hörmüçəyin qurduğuna bənzər balıq torları asılmışdı. Köşkün taxta qapısının üstündə rəngi solmuş kirilcə hərflərlə “балыг” yazılmışdı. Pəncərədə dəmir çay qutusu ilə asılı dəfnə yarpağı gördüm. Sağında solğun nərə balığı təsvir olunmuşdu.
İlkin cibindən açarı çıxarıb qapını açdı və içəri girdi. Aralı qalan qapıdan görə bildiyim köhnə televizorla üstünə qoyulmuş radio və altında olan şkaf oldu. Ləngimədən çölə çıxıb, məni də ardıyca çağırdı. Yan-yana qoyulmuş üç qayığın yanına getdik. İlkin birini çəkib sahilə sürüməyə başlayanda bir anlıq kömək etmək fikrinə düşsəm də, elə oradaca bu fikirdən daşındım. Qayığı bir qolu ilə az qala taxta parçası imiş kimi çəkirdi. Üstəgəl, hərəkətlərində hiss etdiyim profesionallıqdan bunu ilk dəfə etmədiyi də açıq görünürdü.
Nəhayət, qayığı suya salıb, kürəkləri yerləşdirdikdən sonra məni içəri dəvət etdi. Likini qaldırıb, qayığın içinə qoydum. Sonra özüm də şortumu islatmamağı bacararaq birtəhər qayığa mindim və İlkin avarları çəkməyə başlayaraq bizi uzaqlara apardı.
“Köşk sənindir?”, - soruşdum.
Avarları dayandırıb: “Arada balıq tutmağa çıxıram. Məndən başqa üç balıqçı da var”, - deyə başa saldı.
Dənizin dalağalı hissəsini keçib nisbətən durğun hissəsinə çatanda arxaya baxdım və sahildən xeyli uzaqda olduğumuzu gördüm. Qəribə hiss idi. Görə bildiyim yeganə şey sahil boyu yan-yana düzülmüş restoranlar və onun arxasınca davam edən kənd evləri idi. Bir az sağda hər şeyi qızıla boyayan günəş batmağa doğru gedirdi.
Başımın üstündə bir qağayı qıy vurdu. Liki buna sərt şəkildə qarşılıq verərək qağayı gözdən itənə kimi hürdü. Mənim gözlərim isə səmanın ovsunlayıcı mavisində bir az daha qaldı. Bu cür mənzərəni torpaq üstündə, ətrafında hündür binalar, qələbəlik var ikən hiss edə bilməzdin. Səma eyni səma ola bilərdi, amma dənizin ortasında yellənən qayığımızdan ona baxarkən ilk dəfə sonsuzluğu görmüş kimi hiss etdim: atmosferin ardında gizlənmiş ulduzları, qalaktikaları, ulduz tozlarını, dumanlıqları... Bunları kitabdan oxumuşdum, amma ilk dəfə o gün orda həqiqətən oxuduqlarımın fərqinə vararaq gerçək ola biləcəklərini düşündüm. Birdən-birə ciyərlərim təkcə təmiz hava, duzlu dəniz suyu və yosunla deyil, həyat eşqi deyəcəyim bir şeylə dolmağa başladı. Ağlımdan heç gözləmədiyim düşüncələr keçməyə başladı. İnsanlar ölərkən ora gedirdilər? Bir gün ordan yerə, indi olduğum yerə baxacağımı xəyal etdim. Bu fikirlər niyə gəlirdi, hardan gəlirdi, bilmirəm, amma ilk dəfə kainatın qarşısında özümü toz parçası kimi hiss etməyə başlayarkən buna mane olmaq istədiyim ən son şey idi. Qəribə də olsa, özümü toz kimi dəyərsiz deyil, əksinə, möhtəşəm böyüklüyün bir parçası kimi hiss edirdim. Qulaqlarımda xoş bir uğultu vardı.
“Çox gözəldir”, - dedim.
İlkin səssiz şəkildə qarşılıq verdi. Avar çəkməyi dayandırdı. Köynəyini çıxarıb, ayağa qalxdı. Vücudunun şəkli qarşısında mənim verə biləcəyim reaksiya ancaq ağzı açıq heyranlıq dolu baxışlar oldu.
Mənə göz vurduqdan sonra özünü suya atdı. Liki quyruğunu yelləyərək əllərini qayığın kənarına qoyub ardıyca hürməyə başladı. Çaşbaş bir vəziyyətdə mən də qayığın kənarına söykənərək tullandığı yerdəki köpüklü suya baxdım. Hər şey dəlicəsinə, qeyri-adi, öyrəşmədiyim bir axarla, gözlənilməzliklə baş verirdi və bu, çox xoşuma gəlirdi. Hansısa romandakı qəlbimə toxunan ən yaxşı hissəni oxuyur, hansısa musiqidəki ən gözəl nəqarəti dinləyirdim sanki.
Birdən düz qarşımda suyun içindən çıxıb, əllərini əllərimin üstünə qoyaraq müvazinətini saxladı. Üzümə sıçrayan sudan gözlərimi qıyıb, sonra yavaşca ona baxmağa geri qayıtdım. Dərindən alıb-verdiyi nəfəsləri getdikcə sakitləşdi, amma mən onları yanaqlarımda, burnumda, göz qapaqlarımda hiss etməyə davam etdim. Dodaqlarımız arasında nə qədər məsafə vardı? Gözlərimiz arasında bəs? Günəşin son şəfəqləri altında daha da bürüncləşən bədəni, ən dəyərli hisslərinizi yazmaq istəyəcəyimiz köhnə, nahamar papirus kimi qarşımda ikən daha nə qədər belə dayana bilərdim? Bu qədəri kifayət deyildi?
Geri çəkildi, amma üzündəki o yaramaz gülüş qalmağa davam etdi. Başıyla gəlməyimi istədi.
Dərin bir nəfəs alıb T-shirt-ümü çıxarıb qayığın içinə atdım. Nə dərinliyi, nə suyun soyuqluğunu düşündüm. Heç nədən qorxmadan suya baş vuracaqdım. Anın sehrini pozmamağa çalışdım, amma qayığın yellənməsi bütün cəsarətimi də oynatmağa başladı. Müvazinətimi saxlamağa çalışarkən birdən-birə gülməyə başladım. “Gələ bilmirəm”, - dedim şikayətlənərək.
İlkin səsli bir şəkildə gülüb, qabağa gəldi və əlini uzatdı.
Əlini tutdum. Hələ də əmin deyildim.
Başını əyərək bir də çağırdı.
Əlindən aldığım dəstəklə birtəhər suya tullandım. Əslində buna “özümü suya saldım” demək daha doğru olardı. Lakin o dəqiqələrdə məni suya atletik bir möhtəşəmliklə enə bilməməyimdən daha çox narahat edən bir şey vardı: soyuq. Su çox sərin idi. Az qala nəfəsim kəsiləcək dərəcədə nəfəs alıb, “ohohoho” dey-deyə qışqırıb, çırpınmağa başladım. İndiyə qədər ilk dəfə özümü bu qədər ucadan ifadə edirdim.
İlkin qollarımdan yapışıb, “şşşş” edərək məni sakitləşdirməyə çalışdı.
Gözlərim gözləriylə kəsişəndə sakitləşməyə başladım. Getdikcə aldığım dərin nəfəslər durğunlaşdı və titrəməyim azaldı. Birdən məni suya çəkdiyini hiss etdim. Hələ də tam olaraq suya girməmişdim.
“Yox, eləmə”, - dedim.
Mənə inan deyən baxışlarla gözlərini qırpdı. Bir neçə saniyə tərəddüdlə düşündüm, amma sonra gözlərimi yumdum. Ona inanmağı seçərək başımı yellədim və məni aşağı çəkməsinə icazə verdim. Göz açıb-yumunca keçən bir zaman dilimində məni suya salıb, sonra geri çəkdi. Sudan çıxan kimi özümü dənizin bir parçası olaraq hiss etdim. Titrəmə yox idi, ancaq yeni yaşadığım bu təcrübənin xoş həyəcanı vardı içimdə. Başımı silkələyib, üzümə tökülən suyu atarkən gülməyə başladım.
Oda “Gördün? Heçnə yoxdu” deyirmiş kimi mənə qarşılıq verdi.
“Su dərin deyilmiş ki”, - dedim. Boğazıma qədər batanda ayaqlarımın quma dəydiyini hiss edirdim. Halbuki, suya girməmişdən əvvəl dərinliyin on metrdən çox olduğunu düşünmüşdüm nədənsə.
Bir müddət qayığın ətrafında üzməyə başladıq. Çox uzağa gedə bilmir, batmağa başladığımı hiss edən kimi qayığa yanaşıb, kənarından tuturdum. Liki bu vaxt fürsəti əldən verməyərək hürmələrini dayandırıb, əlimi yalamağa başlayırdı.
İlkin üçün üzmək də ayaq üstə dayanmaq da çox asan idi. Su qarnından bir az yuxarıda qalır, tüklü sinəsini açıqda saxlayırdı. Bir müddət sonra İlkin gözlərini yumub, özünü suya buraxdı. Bədəni suyun üstünə qalxıb, xilasetmə şarı kimi suyun üstündə dayandı. Bunun üçün heç bir əlavə səy göstərməmişdi. Tamamilə sakit və hüzurlu görünürdü. Anı pozmayıb, onun bu vəziyyətini beynimə yazmağa çalışdım. Dodaqlarının kənarı gülümsəyirmiş kimi yuxarı qıvrılmışdı. Saçlarının yarısı suda dalğalanırdı, digər yarısı isə su üstündə günəşin son dəqiqələrinin varlığını əks etdirirdi. Qaşları suyun təsiri ilə bir-birinə yapışıb həmişəkindən daha fərqli bir əyridə durmuşdu və bu onun üzünə məsumluq verirdi. Bir anlıq o bədənə toxunmaq, nəticəsi hər nə olur olsun, öpmək istədim.
“Necə edirsən onu”, - dedim.
Gözlərini açıb, mənə baxdı. Ayaqlarını aşağı endirib, ayaq üstə dayandı və əlini mənə uzatdı.
“Gəl sənə də öyrədim”, - dedi.
Bir daha əlimi tutduqdan sonra məni özünə çəkdi. İşarə dilində “burax”, həm də “təslim ol” mənasına gələn işarəni göstərdi. Bədənlərimiz bir-birinə toxunarkən bunu bacarmağım mümkün deyildi. Yenidən nəfəsimin kəsildiyini hiss edirdim, amma bu dəfə başqa səbəbə görə. Udqundum.
Təslim ol
Dediyini yarı anlayıb, yarı anlamayaraq etməyə çalışdım. Amma suyun üzündə qalmağa çabalamağı dayandıran kimi batmağa başlayırdım. Ayaqlarımın ondakı kimi suyun üstünə qalxmağından söhbət belə gedə bilməzdi.
“Alınmır”, - dedim axırda.
Başıyla tərpətdi, sonra gözləmədiyim bir şəkildə məni qollarına alıb, suyun üzünə qaldırdı. O qədər gözlənilməz olmuşdu ki, şortumun altında sərtləşmiş hissəmi gizlətməyə macal tapmamışdım. Ayaqlarımın arsında kiçik bir təpəcik kimi görünürdü. Çox utanmışdım. Bunu görüb-görmədiyini bilmədim. Görmədiyini umaraq suyun altına girməyə çalışdım, amma qoymadı. Həm suyun, həm də qollarının sayəsində suyun üstündə qalmağa davam etdim. Əlimi uzadıb, qabarıqlığı gizlətməyə çalışmağıma da mane oldu.
“Üzür istəyirəm”, - dedim gözlərinin içinə baxaraq.
Bir şey demədən məni gözdən keçirməyə başladı.
Nə edirdik? O nə edirdi? Bu da suyun üstündə qalma təliminin bir parçası idi?
Sağ əlini kürəyimdən götürüb, qarnımda, sonra sinəmdə gəzdirməyə başlayanda elə olmadığından əmin oldum. Qəfil bir nəfəs alıb, titrəyərək geri verdim. Əlinin bədənimdəki səyahəti boynumda qurtardı. Sonra digər əli hərəkətə keçərək ayaqlarımın arasına gəldi. İstər-istəməz kiçik bir inilti çıxdı boğazımdan. Qollarımı boynuna, ayaqlarımı isə belinə dolayaraq qarşısına keçdim. Sonrakı saniyələrdə dənizin duzluluğunu dodaqlarından hiss etməyə başladım.
Ardı var…
Gəl Dənizlə Barışaq - 1-ci bölüm
Gəl Dənizlə Barışaq - 2-ci bölüm
Gəl Dənizlə Barışaq - 3-cü bölüm
Powered by Froala Editor