Sosial işçi ölüm hədələri alır

Sosial işçi Sənubər Heydərova müdafiə etdiyi zərərçəkənin ailə üzvlərindən mütəmadi şəkildə ölüm hədələri alır. Bu haqda o, öz sosial media hesabında paylaşım edib.

Sənubər qeyd edir ki, sentyabrın 15-dən etibarən müdafiə etdiyi zərərçəkənin ailə üzvləri və qohumları tərəfindən mütəmadi şəkildə ölümlə təhdid olunur. Onlar Sənubərə zəng edərək və mesaj yazaraq onu “tapacaqlarını”, “məhv edəcəklərini” deyirlər. Sosial işçi məsələ ilə əlaqədar dəfələrlə polisə müraciət etsə də, müvafiq tədbirlər görülməyib. Bir dəfə isə Binəqədidə yerləşən 4-cü polis bölməsi Sənubəri onu hədələyən şəxslərlə üzləşdirməyə cəhd edib.

Dünən (1 oktyabr) gecə saatlarında isə zərərçəkənin digər bir qohumu ona mesaj yazaraq ünvanını bildiyini deyib. 

“Bu mesajı bu gecə almışam. Keçən həftə də əmisindən zəng almışam ki, onsuz da tapacağıq səni, ünvanını bilirik. Polisə deyirəm ki, siz niyə rayon polisinə də məlumat göndərmirsiniz, orda çağırsınlar bu adamları polisə, lazımi tədbiri görsünlər? Deyir, bununçün siz o rayonun polisinə ərizə yazmalısız, biz burdan daxili tələblə bunu edə bilmərik.”

Sənubər həmçinin bildirir ki, ona bu mesajı yazan şəxs keçmiş polisdir və zərərçəkənin hazırda polis qurumlarında işləyən polis qohumları da var. 


Powered by Froala Editor