16-cı Əsr Kuir Zülmkar - Fyodor Basmanov

Fyodor Basmanov haqqında Instaqramda bir rəssam sayəsində öyrəndim. Həmin rəssamın səhifəsinin adı masslowart-dır. Bu iki post həmin tarixi şəxsiyyətə həsr olunub, onunla rus çarı İvan Qroznının modern versiyasını hazırlayıb. 

Fyodor Basmanovun adı ilk dəfə 1562-ci il Tatarların hücumunun qarşısının alınması ilə bağlı şahzadə Andrey Mixailoviç Kurbskinin pamfletində çəkilir.  Ondan əvvəl Fyodorun çarın cangüdəni olduğu ilə bağlı şayiələr var. O, atası Boyar Alekseyi Basmanovla birgə Tatar qoşunlarının dəf edilməsində iştirak etmiş və bu şücaətinə görə mükafatlandırılmışdı. Elə bu hadisədən sonra o, çar ilə yaxınlaşmağa başlayır. 1565-ci ildə atası ilə opriçniklərə (Rus imperiya polisi) qoşulur. Fyodor tezliklə Rusiyanın cənubundakı opriçniklərin baş komandanı seçilir. O, döyüş sənətlərindəki istedadı ilə seçilirdi. Mənbələrə görə, çar Fyodoru ən qanlı və qəddar missiyalarına yollayırdı. 

Filmin adı: “Çar Ivan Vasilyeviç” (1991). Filmdə Fyodor obrazını yaraşıqlı aktyor Dmitri Pisarenko canlandırıb.

İvan Qroznı ilə Fyodor arasındakı romantik və seksual əlaqələr tarixçilər tərəfindən dəfələrlə qeyd edilib. Bu barədə alman əsilzadəsi Albert Schlichting, alman macəraçısı Heinrich von Staden, Polşadan olan italyan cəngavər Alexander Gwagninus-un da qeydləri var. Aleksander həm də, Fyodorun çar üçün orgiyalar təşkil etdiyini də iddia edirdi.

Deyilənə görə, Fyodor çara ilk həyat yoldası Anastasiyanı xatırladırdı. Rus tarixində Fyodor Basmanov həddindən artıq gözəl, feminin üz quruluşuna sahib biri kimi təsvir edilir. O vaxtdan qalma yazı və rəsm əsərlərinə inansaq, Fyodor don geyinməyi, başına güldən taclar qoymağı, bahalı zinət əşyaları taxmağı çox sevirdi. Bəziləri inanır ki, onun çar ilə münasibəti hələ general seçilməmişdən də əvvəl başlayıb. O, saraya ilk gələndə 20 yaşlarında olub. O vaxtın adətlərinin əksinə uzun saçları, zərifliyi və qeyri-adi gözəlliyi ilə çarın diqqətini çəkmişdi.

Gözəlliyindən əlavə, Fyodor həm də qəddarlığı ilə seçilirdi. Çarın ən zalım generalı olmağı ilə yanaşı o, saraydakılar üçün də real təhlükə idi. Qeydlərə əsasən inanılır ki, Fyodor sarayda xoşuna gəlməyən hər şey və hər kəslə bağlı çara şikayət edir və onları cəzalandırırdı. Onun çox təkəbbürlü və amansız olduğu deyilirdi. 

Çar ilə olan münasibətindən əlavə, Fyodor şahzadə Varvara Sitskaya ilə evli idi. Ən azı iki oğlunun olduğu məlumdur. 

1570-ci ildə Fyodor və atası Aleksey çara qarşı planlar qurmaqla günahlandırıldı. Çara söz çatmışdı ki, onlar şimaldakı şəhərləri, Novqorod və Pskovu Rusiyanın tabeçiliyindən çıxarıb, Polşaya birləşdirmək istəyirlər. Bu söhbət Novqorodda regional soyqırıma getirib çıxardı. Fyodor və atasının başına tam olaraq nə gəldiyi dəqiq deyil. Amma tarixçilər inanır ki, Aleksey edam edildi, Fyodor isə ya ömrünün axırına qədər həbsdə saxlanıldı, ya da sürgün edildi. Bəzi mənbələr onun Beloozeroda sürgündə xəstəlikdən öldüyünü, bəziləri isə işgəncə ilə öldürüldüyünü deyir. 

Həmin dövrlə bağlı bir (bəlkə də daha çox) sovet filmi çəkilib. Filmin adı: “Çar Ivan Vasilyeviç” (1991). Filmdə Fyodor obrazını yaraşıqlı aktyor Dmitri Pisarenko canlandırıb. 


Powered by Froala Editor