LGBTQİ+ qadağan olunmuş ölkələr - 1-ci hissə
(Xəbərdarlıq: ifrat homofobiya, zorakılıq)
Məqalədə istifadə olunan sözlərdən bəziləri haqda:
Cins dedikdə doğuş zamanı təyin edilmiş genderdən söhbət gedir və bundan sonra məqalədə qadın və kişi kimi nəzərdə tutulacaqdır. Qadağalar və qaydalar ikili (binar) sistem üzrə qurulduğu üçün tərcümələrin düzgün edilməsi səbəbilə bu sözlərdən və ifadələrdən istifadə olunmuşdur. Yazıçının digər gender özünüifadə, gender nonkonforminq, qeyri-binar, trans və s. fərdlərə qarşı heç bir qərəzli yanaşması yoxdur.
İl olub 2022, bəzi ölkələr gey evliliklərinə icazə verir, bəzi ölkələr qanunvericilikdə transların da hüququnu qorumaq üçün yeni maddələr əlavə edir. Bəzi yerlər güllük, çiçəklik, göy qurşağı görünür, amma hələ də LQBTQİ+ insanları cinayətkar hesab edən ölkələr də kifayət qədərdir. Human Dignity Trust səhifəsində paylaşılan məlumata əsasən bu ölkələr Asiya, Afrika, Karib dənizi əhatəsi, Şimali Amerika və Sakit okean adalarında yerləşir.
Elə Asiyada yerləşən qonşu dövlətlərdən başlayaq.
1. Türkmənistan - Bu ölkədə eyni cinsdən olan insanların bir yerdə olmağı qadağandır, həm də “sodomiya”nı (anal yolla cinsi əlaqə) əhatə edir. Maksimal iki il həbs cəzası nəzərdə tutulur. Qanunla yalnız kişilər cinayət məsuliyyətinə cəlb edilir.
“Qırğız İndiqo” və “ILGA Europe” tərəfindən hazırlanan hesabatlarda Türkmənistanda LQBTQİ+ların acınacaqlı vəziyyəti təsvir edilib. Bildirilib ki, LQBTQİ+lar gizli və daim təhlükə altında yaşamağa məcburdurlar. Stiqma yüksəkdir və ailənin həmin fərdlərdən imtinası halları baş verə bilər. Hesabatda vurğulanır ki, Türkmənistanda cəmiyyət son dərəcə qapalıdır, ifadə və mətbuat məhdudiyyətlərinə görə LQBTQİ+ insanların vəziyyəti ilə bağlı məlumat əldə etmək çətindir. 2017-ci ildə ölkəmizdə olduğu kimi Türkmənistanda da translara qarşı polis reydləri aparılmışdır. Mediada Aşqabad polisi tərəfindən yayımlanan bir videoda seks işçisi kimi çalışan transa qarşı təhqiramiz və alçaldıcı hərəkətlər açıq-aşkar görünürdü. Türkmənistan SSRİ-nin dağılmasından sonra bu qanunu qəbul etmiş ilk ölkədir.
2. İran - İran İslam Respublikası insan hüquqları pozuntularının ən çox qeydə alındığı ölkələrdən biridir. Burada LQBTQİ+ fərdlərin də vəziyyətinin heç də ürəkaçan olmadığı sirr deyil. Qadağalar, həbs cəzasından əlavə, icma üzvlərinə ölüm cəzası belə
verilir. Qadağa qadın və kişilərə şamil olunur. Qanundakı müddəalar İslam qaydalarından qaynaqlanır, şəriət prinsiplərinə əsaslanır. Son illərdə qanunun ciddi tətbiq olunduğuna dair əhəmiyyətli sübutlar var. LQBTQİ+ların tez-tez ayrı-seçkilik, zorakılıq və həbsə məruz qalması, o cümlədən qətl, hücum, təqib altında olması, əsas hüquqlarının və xidmətlərin əllərindən alınması ilə bağlı çoxsaylı hesabatlar var. 2020-ci ilin yanvar ayında 31 yaşlı geyin xalq qarşısında asılaraq edam edildiyi bildirilmişdi. 2017-ci ildə isə 17 yaşlı yeniyetmə qarşılıqlı razılaşma (consent) əsasında digər həmcinsi ilə cinsi əlaqədə olmasına baxmayaraq həmin gənc də asılaraq öldürülmüşdü.
3. Özbəkistan - Özbəkistanda eynicinsli cinsi əlaqədə olanlar üçün qanunla maksimum 3 ilədək həbs cəzası nəzərdə tutulub. Qaydalar yalnız kişilərə şamil olunur. Qanunuvericiliyin 120-ci maddəsində eynilə aşağıdakı kimi yazılır:
“İki kişinin könüllü cinsi əlaqəyə girməsi” üç ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.”
Hətta bunun üçün xüsusi ad belə var: “besoqolbozlik”.
2017-ci ilin sentyabr ayında bir qrup kişinin gey olduğundan şübhələndikləri şəxsi soyundurduqları, döydükləri və təhqir etdiyi videonun sosial şəbəkədə yayılmasından sonra həmin şəxslərin polis tərəfindən tutulduğu bildirilsə də, hadisənin gedişatı haqda detallı məlumat alınmamışdır. 2019-da bir nəfər sosial şəbəkədə gey olduğunu açıqladıqdan bir neçə gün sonra ölü olaraq tapılmışdı. Onun boyun və qollarından bir neçə bıçaq xəsarəti aldığı bildirilib və iki nəfər qətldə ittiham olunub. Mart ayında özbək hüquq müdafiəçisi və demokratiya tərəfdarı bir neçə şəxs tərəfindən şiddətli hücuma məruz qaldıqdan sonra xəstəxanaya yerləşdirilmişdi. Hücumun aktivistin eynicinsli cinsi fəaliyyətin dekriminallaşdırılmasına dəstək verməsi ilə əlaqəli olduğu düşünülür. Ona qarşı olan hücum kənara qoyularaq, aktivistin özü böhtan və ictimai təhqir maddələri ilə ittiham olunaraq xəstəxanadan ev dustaqlığına buraxıldı. 2022-ci ilin yanvarında üç il müddətinə azadlıqdan məhrum edildi.
Afrika:
4. Nigeriya və Mavritaniya: Bu ölkələrdə LQBTQİ+ fərdlərin cinsi əlaqədə olmasının və
özlərini ifadə etməsinin qanunla maksimum cəzasının daşlanaraq edam edilməkdir. Bundan başqa, şəriət qanunları ilə dövlət səviyyəsində cinayət sayılan belə hərəkətlərin on dörd il müddətinə azadlıqdan məhrum etmə kimi cəzaları da var. Qanunla həm kişilər, həm də qadınlar cinayət məsuliyyətinə cəlb edilir. Trans insanlar da şəriət qanunlarına əsasən təqib oluna bilər. Buna dövlət səviyyəsində icazə var. “Təbiət qaydalarına qarşı gəlmə” və “böyük əxlaqsızlıq” adı altında eynicinsli fəaliyyət ingilislər tərəfindən cinayət hesab olunurdu. Bu qaydalar Nigeriyanın müstəmləkə olduğu dövrdə ingilislərdən miras qalmışdır. Nigeriya müstəqillik əldə etdikdən sonra bu qaydaları saxladı.
Mavritaniya islam qaydaları ilə idarə olunur. Burda da vəziyyət qətiyyən ürəkaçan deyil, Nigeriya kimi oxşar qaydalar kişilərin və qadınların bir-biriləri ilə hər hansı seksual və ya romatik əlaqəsini cinayət hesab edir. 2013-cü ildə Kanada İmmiqrasiya Məhkəməsi ölkədə xüsusi adlı qruplaşmanın yaradıldığı haqda hesabatlar paylaşmışdı. Həmin hesabatda qrupun mottosunun “homoseksuallar və fahişəlik şəbəkələrinin kökünü kəsmək” olduğu bildirilmişdi.
Məqalənin ikinici hissəsində LQBTQİ+ qanunla qadağa olunduğu digər ölkələrdəki vəziyyət haqda danışacam.
Müəllif: Rahima
Powered by Froala Editor