Ümidsiz məktublar

Lisa... Mənim əziz sevgilim, gözəl qızım, günəbaxanım. O qədər darıxıram ki. Dedim, bir məktub yazım, halını soruşum, necəsən? Təsəvvür elə, indi üstümdə cəmi iki manat pul var, acam, üstəlik, kirayə haqqının vaxtı çatıb, ödəməsəm, bu gecə çıxmalıyam və harda qalacağımı bilmirəm. Amma sənə məktub yazıram. Yox, bunu üzünə çəkməyim kimi düşünmə, qətiyyən. Bunu nəzərədə tutmurdum. Sadəcə sevgimi təsvir etmək istəyirdim. Təsəvvür edirsən?.. Daş başıma, yenə bacarmadım. Məni heç özüm də sevməzdim. Gör bir cümlə qura bilirəmmi? Eh, yaxşı edib atdın məni... Amma atmadın. Sözdür də, deyirəm. Məni sevmədiyini ki deyirdin. Deyirdin, Leyla, sevmirəm səni. Sevə bilmirəm. Onu unuda bilmirəm. Hətta təsdiq etməkçün illərdir unuda bilmədiyin o qızın şəkillərini də göstərirdin. Gülümsəyib deyirdim, gözəldir. Gözəl idi, Lisa, məndən gözəl idi. Yaxşı edib sevirdin onu, yaxşı edib unuda bilmirdin, elə xoşuma gəlirdi ki unutmamağın. Kaş məni də... Boş ver.

Yaz görüm, sevgilin necədir? Qayğına mən qədər qala bilirmi? Corab alır sənə? Sən gedəndən hər gün bir corab alıram. 125-i var artıq. Gəlsəydin, özünə verərdim.

Bu ay pul göndərə bilmədim. Bağışla. 

Amma iş axtarıram, söz verirəm. Ay sonuna göndərəcəyəm. Yaz görüm, ac qalmırsan ki? Arıqlamısan? Siqaret çəkirsən? Bilirsən, Lisa, guya sənə siqareti tərgitdirmək istəyirdim. Sən gedəndən qoxunu hiss etməkçün, unutmamaqçün siqaretin sayını artırmışam. Sevdiyin şərabdan da içirəm. Içib adını sayıqlayıram küçə-küçə. Məhv olmuşam, Lisa. Amma yox. Baxma gileylənməyimə. Yaxşıdır hər şey. Əsas odur, arzuladığın şəhərə qovuşdurmuşam səni, əsas odur... Hə, əzizim. Onun yanındasan. Sevdiyinin. Məni axmaq hesab edirsən. Olsun. Sənin hiss etdiklərinin önəmi yoxdur ki indi. Məni maraqlandıran mənim hisslərimdir. Tanrıya hər gün təşəkkür edirəm. Bu yetim, kimsəsiz qıza sən kimi yaşama səbəbi verdiyi üçün. Lisa... Adını sevdiyim Lisa...

Çox axmağam. Çox mənasızam. Buna görə sevmədin məni. Bu yazdıqlarıma bax bir. Bəlkə də oxuyub lağ edəcəksən mənə. Bəlkə də söyəcəksən. Heç eybi yoxdur. Heç eybi yox. Amma təvəqqem var. Tək oxu bu məktubu, rica edirəm. Sevgilinin yanında oxuma. Oxutdurma. Mən təkcə sənin qabağında sınmışam. Sınmaq istəmişəm. Heç kim bu cür tanımır məni. 

İşdən çıxdığımı heç kim bilmir, məsələn. Bir aydır ki, hər gün iş adıyla səliqəlicə geyinib evdən çıxıram. Gedib şəhəri sülənib iş bitən vaxtı evə qayıdıram. Pozmuram da əhvalımı. Hamıya lağ, rişxənd edirəm.

Belə. Boş ver. Çox uzatdım. 

Gedim bir yer tapım, qalım. Amma qətiyyən nigaran qalma, yaxşı? Özünü qoru. Hamıdan qoru. Küləkdən, soyuqdan qorumasan da olar. Adamlardan qorun, qızım. Gözəl qızım, günəbaxanım... Muğayat ol.


Müəllif: Leyla