Təcili xəbər: Polisin LGBTQ+lara qarşı yeni hiyləsi
Azərbaycan polisi LGBTQİ+ların müxtəlif yollarla əldə olunmuş telefon nömrələri vasitəsilə onların dəqiq ünvanını müəyyənləşdirmək məqsədilə yeni hiylələrə əl atır
24/Feb/25
1285
Təcili xəbər: Polisin LGBTQ+lara qarşı yeni hiyləsi
Azərbaycan polisi LGBTQİ+ların müxtəlif yollarla əldə olunmuş telefon nömrələri vasitəsilə onların dəqiq ünvanını müəyyənləşdirmək məqsədilə yeni hiylələrə əl atır. Bu barədə icma üzvləri Minority Azərbaycana məlumat verib.
Bildirilir ki, polis əməkdaşları kuir şəxslərə zəng vurur və özlərini “Umico” və ya başqa firmaların nümayəndələri kimi təqdim edərək, “Sizə karqo gəlib”, “Siz hədiyyə/pulsuz məhsul udmusunuz” tipli yalan məlumatlar verirlər. Sonra isə bağlamanın çatdırılması adı ilə ünvanlarını əldə edirlər. Daha sonra həmin ünvanlara gələrək onları polis bölməsinə aparır və böyük məbləğlərdə rüşvət tələb edirlər.
Bundan başqa, birbaşa zəng vasitəsilə bölmələrə dəvət etmə, eləcə də Instagram sosial şəbəkəsi vasitəsilə tanışlıq bəhanəsi ilə görüş halları davam edir.
LGBTQİ+ icmasına qarşı bu cür məqsədyönlü fırıldaq üsulları insan hüquqlarının kobud şəkildə pozulmasıdır.
Minority Azərbaycana danışan şəxslər ümumilikdə 15 nəfərin aldadıcı zənglərə məruz qaldığını bildirib. Onların arasında kuir olmayanlar da var. Bəzi şəxslər ayıq-sayıq davranaraq zəngdən sonra öz mobil nömrələrini qırıb atdıqlarını deyiblər.
Təhlükəsizliyiniz üçün tövsiyələr:
Gələn zənglərlə bağlı DİQQƏTLİ olun:
Naməlum nömrələrdən gələn zənglərə cavab verərkən ehtiyatlı olun.
Əgər kimsə “hədiyyə qazandığınızı” və ya “bağlamanız olduğunu” deyirsə, şirkətin rəsmi nömrəsi və məlumatlarını yoxlayın.
Ünvanınızı heç kimlə paylaşmayın:
Heç bir halda polisin və ya naməlum şəxslərin təkidi ilə ev və ya iş ünvanınızı verməyin.
Əgər bağlama və ya hədiyyə göndərilməsi ilə bağlı zəng alırsınızsa, rəsmi ofisdən özünüzün götürmək istədiyinizi bildirin.
Hüquqi müdafiə:
Polis sizinlə əlaqə saxlayırsa, sizə zəng edən şəxsin tam adını, rütbəsini və hansı idarədən olduğunu öyrənməyə çalışın.
Heç bir halda vəkiliniz olmadan polis idarəsinə getməyin.
Sosial şəbəkələrdə ehtiyatlı olun:
Tanımadığınız şəxslərlə şəxsi məlumatlarınızı paylaşmayın.
Yeni tanışlıqlarda tələyə düşməmək üçün qarşı tərəfi əvvəlcədən araşdırın.
Hadisələri sənədləşdirin:
Əgər belə bir hadisə ilə qarşılaşmısınızsa, mümkün qədər sübut toplayın: zəngin vaxtı, nömrəni, danışıq məzmununu qeyd edin.
Qeyd edək ki, daha əvvəl də LGBTQİ+ icması polisin tanışlıq tətbiqləri vasitəsilə kuir ovuna çıxdığını bildirmişdi. Bu cür hadisələrin artması çox ciddi narahatlıq doğurur və LGBTQİ+ icmasının təhlükəsizliyini daha da risk altına atır.
Azərbaycan artıq 10 ildir LGBTQİ+ların hüquqlarının qorunması üzrə ILGA Avropa təşkilatının göy qurşağı reytinqində 49 ölkə arasında sonuncu yeri tutur. Ölkədə mütəmadi şəkildə icmaya qarşı zorakılıq və qətl hadisələri baş verir. Azərbaycan hökuməti bu cinayətlərin qarşısının alınması üçün heç bir tədbir görmür.
Powered by Froala Editor