Vəkil: Translara qarşı “atılan neqativ addım cinayət sayılır”
Vəkil Emil Aslanov mövcud qanunvericiliyin transların da bərabər hüquqlarını təmin etdiyini bildirib
28/Sep/25
234
Vəkil: Translara qarşı “atılan neqativ addım cinayət sayılır”
Yeni Sabah saytında yayımlanan materialda vəkil Emil Aslanov transların hüquqları ilə bağlı ayrıca qanuna ehtiyac olmadığını, mövcud qanunvericiliyin onların da bərabər hüquqlarını təmin etdiyini bildirib.
Aslanovun sözlərinə görə, translar da digər vətəndaşlar kimi hüquqi müdafiəyə malikdirlər və onlara qarşı atılan hər hansı neqativ addım cinayət sayılmalıdır:
“Transgenderlər də şəxsiyyətdir, insandır. Hamının bərabərlik hüququna uyğun olaraq, onlara qarşı atılan addım, neqativ hərəkət də cinayət sayılır. Belə şəxslərlə bağlı xüsusi bir qanunun qəbul edilməsinə nə zərurət var ki? Bizim qanunvericilikdə transgenderlərin ayrıca cins kimi qəbul olunması nəzərdə tutulmur. Vətəndaş əgər cinsiyyətini dəyişdiribsə, misal üçün, vaxtilə qadın olub, daha sonra əməliyyatla kişi cinsiyyəti qəbul edibsə, məhkəmə qaydasında şəxsiyyət vəsiqəsini dəyişdirmə hüququna malikdir.”
Vəkil qeyd edib ki, qanunvericilik çərçivəsində transların hüquqları təmin olunsa da, cəmiyyətdə transfobiya və zorakılıq halları hələ də müşahidə olunur. Yaxın günlərdə Bakının Günəşli qəsəbəsində bir qrup gəncin trans qadına daş ataraq onu təhqir etməsi də bu zorakılığın real nümunəsidir.
Hadisə ilə bağlı Qıy Vaar, QueeRadar, Minority Azərbaycan, Transvisionary, Q Collective və Femkulis birgə bəyanat yayıblar. Bəyanatda qeyd olunub ki, bu hadisə təkcə bir fərdin deyil, bütün LGBTİQ+ vətəndaşların həyat və təhlükəsizlik hüquqlarına açıq təhdiddir:
“Bu zorakılıq halları təsadüfi deyil, cəmiyyətə dərin kök salmış transfobiyanın, dövlətin passiv mövqeyinin və cəzasızlıq mühitinin nəticəsidir.”
Təşkilatlar hücumu törədənlərin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsini, araşdırmanın şəffaf aparılmasını və dövlətin LGBTİQ+ vətəndaşlara qarşı nifrət zəminində törədilən zorakılıqları açıq şəkildə pisləməsini tələb ediblər.
Bəyanatda həmçinin Azərbaycan hökuməti çağırılıb ki, “cinsi oriyentasiya” və “gender kimliyi” ifadələrini ayrı-seçkiliyin qadağası haqqında milli qanunvericiliyə daxil etsin və beynəlxalq öhdəliklərə əməl etsin.
“Dövlətin susqunluğu nifrət cinayətlərini təşviq edir və zorakılığın miqyasını böyüdür.”
Powered by Froala Editor