Avropanın yeni interseks hüquqları öhdəliyi
7 oktyabr 2025-ci ildə Avropa Şurasının Nazirlər Komitəsi İnterseks şəxslərin bərabər hüquqları haqqında Tövsiyəni (CM/Rec(2025)7) qəbul edib
20/Oct/25
64
Avropanın yeni interseks hüquqları öhdəliyi
7 oktyabr 2025-ci ildə Avropa Şurasının Nazirlər Komitəsi İnterseks şəxslərin bərabər hüquqları haqqında Tövsiyəni (CM/Rec(2025)7) qəbul edib — bu sənəd interseks insanların bədən toxunulmazlığına, bərabərliyinə və ləyaqətinə dair ilk hərtərəfli Avropa standartıdır.
46 üzv dövlət, o cümlədən Azərbaycan tərəfindən yekdilliklə qəbul olunan sənəd dövlətlər üçün konkret öhdəliklər müəyyən edir:
Şəxsin azad, əvvəlcədən və məlumatlı razılığı olmadan cinsi xüsusiyyətlərinə tibbi müdaxilələrə son qoymaq;
Cinsi xüsusiyyətlərə əsaslanan ayrı-seçkilik, nifrət nitqi və zorakılıqdan qorumaq;
Səhiyyə, təhsil, məşğulluq və idmanda bərabər imkanlar təmin etmək.
Avropada LGBTQI+ hüquqları üzrə ən pis ölkə kimi ILGA-Avropanın 2025-ci il Göyqurşağı Xəritəsində sonuncu yerdə qərarlaşan Azərbaycan üçün bu sənəd həm ümid, həm də siyasi iradə sınağıdır.
Avropa Şurasının üzvü kimi Azərbaycan bu öhdəlikləri yerinə yetirmək üçün aşağıdakı addımları atmalıdır:
Cinsi xüsusiyyətlərə razılıqsız tibbi müdaxilələri qadağan edən qanun qəbul etmək;
Bərabərlik və cinayət qanunvericiliyinə “cinsi xüsusiyyətlər”i mühafizə olunan əsas kimi daxil etmək;
Zərərli və razılıqsız tibbi prosedurlardan zərər çəkmiş şəxslər üçün ədalətə çıxış, kompensasiya və reabilitasiya təmin etmək.
Hər bir insan öz bədəni üzərində qərar vermək haqqına malikdir.
İnterseks hüquqları insan hüquqlarıdır — və Azərbaycan üçün hərəkət vaxtıdır.
Avropa Şurasının CM/Rec(2025)7 Tövsiyəsi ilə tanış olun.
İnterseks nədir və CM/Rec(2025)7 nəyi nəzərdə tutur?
İnterseks kimdir?
İnterseks insanlar — cinsiyyət orqanları, xromosomları, hormonları və ya reproduktiv anatomiyası “kişi” və ya “qadın” anlayışına tam uyğun gəlməyən şəxslərdir. Bu təbii bioloji müxtəliflikdir, xəstəlik deyil. Dünyada təxminən hər 100 nəfərdən biri interseks doğulur.
Problem nədədir?
İnterseks uşaqlar və böyüklər çox vaxt razılıqları olmadan tibbi və ya cərrahi müdaxilələrə məruz qalırlar. Bu əməliyyatlar bədən toxunulmazlığını pozur, psixoloji travma və uzunmüddətli sağlamlıq problemləri yaradır.
Avropa Şurasının CM/Rec(2025)7 Tövsiyəsi nədir?
7 oktyabr 2025-ci ildə qəbul edilən bu sənəd, Avropada interseks insanların hüquqlarını qoruyan ilk hərtərəfli çərçivədir.
Tövsiyə üzv dövlətlərdən tələb edir ki:
Razılıqsız tibbi müdaxilələri qadağan etsinlər;
Cinsi xüsusiyyətlərə əsaslanan ayrı-seçkiliyə və nifrət nitqinə son qoysunlar;
Bərabər imkanları və ədalətə çıxışı təmin etsinlər.
Azərbaycan da bu sənədi dəstəkləyib və indi bu prinsipləri qanunvericiliyə və praktiki siyasətə daxil etmək öhdəliyinə malikdir.
Powered by Froala Editor