Minority Azərbaycan universitet tələbələri arasında sorğu başlayır
LGBTQİ+ tələbələr ayrı-seçkilik və qısnama ilə üzləşirmi?
11/Sep/26
27
Minority Azərbaycan universitet tələbələri arasında sorğu başlayır
LGBTQİ+ tələbələr ayrı-seçkilik və qısnama ilə üzləşirmi?
Azərbaycan universitetlərində LGBTQİ+ tələbələr üçün yer varmı? yazımızda dörd Azərbaycan universitetinin rəsmi ayrı-seçkiliyə qarşı və inklüzivlik sənədlərini müqayisə etmişdik. Yazı geniş diqqət çəkdi. Bəzi universitetlərin sənədlərində "seksual oriyentasiya" və "gender kimliyi" açıq mətnlə qeyd olunsa da, başqalarında bu ifadələr tamamilə çıxarılmışdı. Lakin kağız üzərindəki sənəd tək başına heç nəyi sübut etmir. Sual açıq qalırdı. Bu sənədlər real tələbə həyatında nəyə çevrilir?
Bu sualın cavabını tapmaq üçün Minority Azərbaycan bu gündən etibarən adı çəkilən dörd universitetdə (hazırda və ya son bir neçə ildə) təhsil almış LGBTQİ+ tələbələr arasında anonim sorğu başladır.
Sorğu tələbələrin seksual oriyentasiya, gender kimliyi, gender ifadəsi və ya cins xüsusiyyətlərinə görə universitetdə yaşadığı təcrübəni araşdırır. Sözlü təhqirdən tutmuş akademik ədalətsizliyə, "outing"dən kiber-zorbalığa qədər müxtəlif halları, bu hadisələrin bildirilib-bildirilmədiyini və bildirilmirsə səbəbini, eləcə də tələbələrin universitetdən nə gözlədiyini bilmək və bunu sənədləşdirmək istəyirik.
Sorğu tamamilə anonim və könüllüdür. Ad, e-poçt, tələbə ID-si və ya digər şəxsi identifikasiya məlumatı toplanmır. İstənilən sualı boş buraxmaq və ya sorğunu istənilən anda tərk etmək mümkündür. Cavablar yalnız ümumiləşdirilmiş şəkildə təhlil olunacaq.
UNEC, Bakı Dövlət Universiteti, ADNSU və ya Azərbaycan Tibb Universitetində (digər ali təhsil mərkəzləri də ola bilər) hazırda təhsil alan, yaxud son iki ildə (2023–2026) təhsil almış, özünü LGBTQİ+ icmasının hər hansı hissəsi hesab edən hər kəs sorğuda iştirak edə bilər.
Toplanan məlumatlar əsasında hesabat hazırlayacaq və universitetlərdə LGBTQİ+lara qarşı münasibət haqqında olan araşdırmamızın davamı kimi dərc edəcəyik. Məqsəd sadəcə problemi sənədləşdirmək deyil, eyni zamanda universitetlərin mövcud siyasətlərinin kağız üzərində qaldığı yerləri, real boşluqları göstərmək və dəyişiklik üçün konkret əsas yaratmaqdır.
Sorğuya buradan qoşula bilərsiniz.
Powered by Froala Editor