Nəfəs LGBT Azərbaycan Alyansı, Minority Azərbaycan, AZAD LGBT Kollektivinin birgə Bəyanatı


Milyonlarla insan 17 May tarixini dünyada Homofobiya, Bifobiya vә Transfobiya, İnterseksizm Әleyhinә Gün kimi qeyd edir. Bu gün 2004-cü ildən bəri hər il dünyanın təxminən 130 ölkəsində LGBTİ-lərin qəbul olunması, onlar üçün təhlükəsiz mühitin yaradılması, hüquqlarının tanınması naminə müxtəlif tədbirlərlə müşaiyyət olunur.

Müstəqilliyin ilk günlərindən başlayaraq günümüzə qədər Azərbaycan siyasi diskursu LGBTİ mövzusunu təhqir ritorikasına çevrilib. Tərəflər bir-birilərini alçaltmaq, “milləti təmiz saxlamaq” və ya düşmənlə eyniləşdirmək üçün seksual oriyentasiyanı alət kimi istifadə edirlər. Bu cür hadisələrdən birini  14 may, 2020-ci il tarixində Facebook sosial şəbəkəsində görüntüləri yayılmış Demokratik Qüvvələrin Milli Şurası Koordinasiya Mərkəzinin Zoom platformasında təşkil etdiyi müzakirədə müşahidə etdik. 

Milli Şura iddia edir ki, sosial şəbəkələrə sızan video qurumun xəbəri olmadan yayılmış və kibercinayətdir. Kibercinayət ehtimalını istisna etməsək də, bu, həmin müzakirədə Milli Şura üzvləri Gültəkin Hacıbəyli və Rafiq Manaflının LGBTİ-ləri hədəfləyən və narahat edən nifrət nitqinə qarşı ictimai qınaq yükünü azaltmır. 

Yayılmış videoya əsasən, müzakirədə iştirak edən siyasətçilər öz aralarında olan danışıqlarda əvvəlcə jurnalist İsmayıl Cəlilovun şəxsi həyatı və ailəsi ilə bağlı müzakirələrin yaratdığı stress lağa qoyulur. Dəfələrlə jurnalistin eynicinsli evliliyi, həyat yoldaşı və yaşadıqları stress Gültəkin Hacıbəyli tərəfindən legitim olmayan və məsxərə obyekti ola biləcək bir məvhum kimi təqdim olunur və LGBTİ icması “üzdəniraq” adlandırılır. Müzakirənin davamında Rafiq Manaflı ( Vətəndaş Həmrəyliyi Partiyası Ali Məclisinin Sədri) Nasist Almaniyasının törətdiyi Holokosta haqq qazandıraraq: “Mən çox təəssüf edirəm ki, Hitler 41-45-də o geyləri qırıb-qurtarmadı”, - deyə əlavə edir. 

Məlumat üçün qeyd edək ki, homoseksuallara qarşı 20-ci əsrin ən şiddətli və repressiv siyasəti Üçüncü Reyx - Nasist Almaniyası tərəfindən 1938-1945-ci illər arasında olmuşdur. Həmin ərəfədə nasistlər cəmiyyətdə kişi dominantlığını təmin etmək üçün ‘maskulin’ seksual davranışların tənzimlənməsinə cəhd edirdilər. Homoseksual kişilərə qarşı tədbirlər ən sərt şəkildə həyata keçirilirdi. Hətta adi bir öpüş və ya qucaqlaşma belə cinayət hesab olunurdu. Mühafizə Heyətinin (Schutzstaffel) üzvlərindən kiminsə homoseksual olduğu aşkarlanardısa, həmin şəxsə ölüm hökmü istənilirdi. Mülki vətəndaşlar arasında homoseksuallıqda ittiham olunan fərdlər konsentrasiya düşərgələrinə göndərilirdi.

Biz onlayn Zoom görüşü zamanı (hətta qapalı olsa belə) insanların şəxsi həyatının müzakirə olunmasına, lağa qoyulmasına və məsxərə obyekti kimi təqdim olunmasına qarşı öz narahatlığımızı ifadə edir və siyasi partiyalar və qurumlardan LGBTİ-lərlə bağlı məsələləri özlərinin çirkin siyasət oyunlarına qatmamalarını, nifrət nitqi səsləndirməmələrini və nifrət cinayətinə səsləyən fikirləri ifadə etməmələrini tələb edirik! 

Nifrət nitqi müəyyən bir qrupa qarşı nifrət, ayrı-seçkilik və ya düşmənçilik yayan, təşviq edən və ya haqq qazandıran ictimai ifadələrdir. O, ümumi bir dözümsüzlük mühitinə töhfə verir və bu da öz növbəsində həmin qruplara qarşı hücumların çoxalma ehtimalını artırır. Görüş zamanı qeyd olunan dövrü, yəni Hitlerin Nasist Almaniyasını nümunə kimi götürsək, bu qruplara yəhudilər, Yahova şahidləri, siyasi məhbuslar və digərləri ilə yanaşı, homoseksuallar da daxil idi. 

Nifrət nitqi və cinayətləri LGBTİ-lərin sistemli və müntəzəm diskriminasiyasına və mənəvi və fiziki istismarına səbəb olur. Manaflının səsləndirdiyi “qırıb-qurtarmaq” ifadəsi Azərbaycan Respublikası Konstitusiyasının 27-ci maddəsi ilə tanınan “hər kəsin yaşamaq hüququnun” olmasına tamamilə qarşıdır. Təbii ki, eyni Konstitusiyanın insanlara söz və ifadə azadlığını tanıdığını qəbul edir və istənilən müzakirədə irqi, milli, dini, sosial, gender, seksual oriyentasiya və digər meyarlara əsaslanan nifrət nitqinin səslənməsinə, düşmənçilik və ədavətin təbliğatını pisləyirik. Söz və ifadə azadlığı milyonlarla insanın - yəhudi, Yahova şahidləri, siyasi məhbuslar, homoseksuallar və digərlərinin ölümünə səbəb olan bir ideologiyaya söykənən və ona haqq qazandıran fikirlərin səsləndirilməsini legitimləşdirə bilməz!

Biz Avroatlantik məkana inteqrasiya etməyi və bu yolda qanunun aliliyini üstün tutan Milli Şuranın qapalı iclasında və üzvlərinin kənarda istifadə etdiyi fobik ritorikasını, eyni zamanda, iqtidarın və müxalifətin istər açıq olsun, istərsə də qapalı şəkildə LGBTİ icmasından siyasi mübarizədə istifadə etməsini pisləyirik! LGBTİ-lərin həyatı və bədənləri siyasi oyunların meydançası deyil!  

İnsan hüquqları kimliyindən, fərqliliyindən və ya bənzərliyindən asılı olmayaraq bütün insanların sahib olduğu universal, bir-biri ilə əlaqəli, qarşılıqlı və bölünməz hüquqlardır. İnanırıq ki, iqtidar və ya müxalifət ayrı-seçkiliyi etmədən bu prinsiplərə təhlükə yaradan hər kəs, hər bir qurum tənqid edilməlidir.

 Çağırış:

  • Milli Şura, o cümlədən yuxarıda qeyd edilən fikirlərin müəlliflərinin LGBTİ-lərdən qeyri-şərtsiz üzr istəmələrini;

  • Azərbaycanın da qoşulduğu BMT-in kibercinayətkarlıqla mübarizə haqqında qətnamələrinə və yerli qanunvericiliyə əsaslanaraq, hüquq mühafizə orqanlarının həmin iclası qeydə alan və sosial media məkanına sızdıran şəxsin və ya şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini;

  • Azərbaycan Respublikasının Milli Məclisini Üçüncü Universal Dövri Baxış zamanı Azərbaycana edilmiş tövsiyələrə, eyni zamanda Avropa Şurasi Nazirlər Komitəsinin seksual oriyentasiya və ya gender kimliyinə görə ayrı-seçkiliklə mübarizə tədbirlərinə dair Nazirlər Komitəsinin CM/Rec (2010) 5 tövsiyəsinə uyğun olaraq, seksual oriyentasiya və gender kimliyi əsaslı ayrı-seçkiliyi, nifrət nitqi və cinayətlərini qadağan edən qanunvericilik aktlarını qəbul etməsini tələb edirik.

İmza atanlar:

Nəfəs  LGBT Azərbaycan Alyansı

Azad LGBT

Powered by Froala Editor