Asia Kate Dillon – Late Night With Seth Meyers
Oynadığı rollarda və öz şəxsi həyatında qeyri-binar gender kimliyini qürurla təmsil edən Asia Kate Dillonun 38 yaşı var.
05/Jan/21
3859
Oynadığı rollarda və öz şəxsi həyatında qeyri-binar gender kimliyini qürurla təmsil edən Asia Kate Dillonun 38 yaşı var. İşlətdiyi əvəzliklər they/them/theirs – dir. “Billions” serialında oynadığı açıq şəkildə qeyri-binar olan Taylor Mason obrazı ilə məşhurdur. Bundan başqa “John Wick: Chapter 3” filmində canlandırdığı “The Adjudicator” obrazı da qeyri-binardır. “Orange Is The New Black” (OİTNB) serialında neo-nazi Brandy rolu da kifayət qədər məşhurdur. Həmin obrazın gender kimliyi isə serialda ümumiyyətlə müzakirə olunmamışdı.
Asia Kate Dillonun “Late Night With Seth Meyers” (14.03.2019 tarixində paylaşılıb) verilişindəki öyrədici intervyusu:
Seth: Xoş gəlmisən.
Asia: Dəvətiniz üçün təşəkkür edirəm.
Seth: Burda səninlə olmaq xoşdur. Deməli, mən eşitmişəm ki, həm sən, həm də canlandırdığın obraz Taylor, qeyri-binardır.
[tamaşaçılar qışqırır və alqışlayır]
Asia: Bəli!
Seth: Hələ rolu qəbul etməmişdən əvvəl obrazın təsvirini oxuyarkən bu sənə özünü daha yaxşı anlamağa kömək etmişdi. Düz söhbətdirmi bu?
Asia: Düzdür. Bəli.. Uhmm. Taylor obrazının izahını oxumamışdan əvvəl qeyri-binar, gender-non-comforming, transgender terminləri ilə tanış idim. Hətta özümü genderfluid deyə identifikasiya edirdim. Amma o vaxta qədər tanıdığım bütün transgender, gender-non-comforming və qeyri-binar şəxslər bütünlüklə öz kimliklərinə çata bilmək üçün hansısa tibbi addımlar atmışdılar. Bilirsiz, çox gənc yaşdan mən bilirdim ki, nə qız, nə də oğlan deyiləm, lakin nə bunu ifadə edəcək dili, sözləri bilirdim, nə də bədənində heç bir dəyişiklik etməmiş qeyri-binar bir şəxs tanıyırdım. Beləliklə, mən Taylor haqqında oxuyanda orda yazırdı : “dişi (female), qeyri-binar”. Və mən düşündüm ki, əgər qeyri-binarsansa, bu o demək deyil ki, sən dişi deyilsən? Mən sadəcə başa düşə bilmirdim ki, necə bu iki söz eyni vaxtda yanaşı mövcud ola bilər. Sonra həmişəki kimi bir az araşdırma elədim və başa düşdüm ki, dişi doğuş zamanı bizə təyin olunan cinsdir, qeyri-binar isə gender kimliyi. Və beləliklə, mənim üçün hər şey öz yerini tapdı. Hamımıza doğuş zamanı bir cins təyin edilib, gender kimliyi bir növ, ondan əlavə olaraq mövcuddur. Bir qeyri-binar və ya transgender şəxs olaraq əsaslı ola bilmək, ciddiyə alınmaq üçün bədənimi dəyişdirmək məcburiyyətində deyiləm. Və mən nəhayət ki, obraz barədə oxuyandan sonra öz kimliyimdə özümü azad hiss edə bildim.
[tamaşaçılar alqışlayır]
Seth: Əla.
Asia: Təşəkkürlər!
Seth: Aydındır ki, təkcə rolu oynamaq yox, həm də ekranda belə təmsil oluna bilmək sənin üçün çox önəmlidir. Eləcə də başqa hamı üçün. Çünki, bilirsən, düşünürəm ki, sənin əvvəllər terminləri tam yaxşı başa düşə bilmədiyin kimi, səndən başqa da bu məsələləri anlamamış, heç bəlkə bu barədə heç düşünməmiş insanlar var. Düşünürsənmi ki, indi insanlar sənə gəlib bu barədə sual verəndə, onlar bununla maraqlanırlar və çalışırlar ki, onlar da bu məsələni sənin gəlib çata bildiyin səviyyədə qavraya bilsinlər?
Asia: Aha. Belə bir mövzu olanda mən bunu yüksək qiymətləndirirəm. Nə vaxt ki, mənə öz kimliyim haqqında danışmaq fürsəti verilir, onda bir kommunikasiya başlayır. Həm də təkcə öz kimliyim, bunu necə anladığım barədə danışmaqla qalmıram, bu, həm də mənə digər insanlara öz kimlikləri ilə bağlı suallar verməyə şans qazandırır. Onlar da mənə öz təcrübələrini danışa bilirlər, fərqi yoxdur, o şəxs cisgenderdir, yoxsa transgender. Bilirsiniz, istənilən bir şeyin anlaşılmasına gedən yol kommunikasiyadan keçir. Yəni mən həqiqətən istənilən bir fürsət üçün minnətdaram. Bu söhbət də daxil olmaqla!
Seth: Mən də eynilə! Biz səhnə arxasında danışırdıq. Mən o serialın yaradıcıları David və Brianı tanıyıram. Sən setə gəlməmişdən əvvəl onlar kömək edə bilmək üçün hamı ilə bir görüş keçirmişdilər. Bu çox yaxşıdı, çünki məlumatlandırmanın yükü təkcə sənin boynunda qalmadı.
Asia: Bəli, bu, müttəfiq (ally) olmaq üçün əla bir yoldu. Mən Showtime ilə işləməyi bu şansa nail olmamışdan hələ çox əvvəllərdən istəyirdim. Onlar çox inanılmazdırlar. Onlar prodüserlərlə, digər aktyorlarla, bir sözlə, hamı ilə görüşdülər ki: “Bizə yeni bir aktyor gəlir. Bu, onun istifadə etdiyi əvəzliklərdir. Onun oynayacağı obraz da həmçinin bu əvəzliklərdən istifadə edir”. Və bu, mənə özümü çox rahat, təhlükəsiz hiss etdirdi. Bundan sonra da hamımız bu sənət layihəsi olan sevimli “Billions” serialı üzərində fokuslandıq.
Seth: Və bu, əla bir serialdır. Mən soruşmaq istəyirəm. Sən riyaziyyat dahisi olan bir obrazı oynayırsan.
Asia: Mm-hmm.
Seth: Poker geniusu. Bu sənin haqqında da düzdü?
Asia: Yox, yox, yox. Yox.
Seth: Anladım.
[tamaşaçılar gülürlər]
Asia: Mən şadam deməyə ki, riyaziyyatda bərbadam. Lakin, illərdir, xidmət sektorunda işlədiyimə görə həmişə qalıq pulu dəqiqliklə sayıb sənə qaytara bilərəm.
Seth: Hə. Mən xoşbəxtəm deməyə ki, mən də pulun qalığını hesablamaqda çox yaxşıyam, həmin illərimə görə.
Asia: Aha, bəli.
Seth: Və sən həm də “Orange is The New Black” (OİTNB – Narinci yeni qaradır) serialında da varsan. Seriallarının ikisinin də eyni vaxtda yayınlandığı dövrdə yəqin ki, insanlar sənə küçədə yaxınlaşırdılar. Başa düşə bilirdinmi, sənə hansı roluna görə yaxınlaşırdılar?
Asia: Aha, sən “Billions”-un ikinci, “OİTNB”-in beşinci mövsümünün eyni vaxtda çıxdığı dövrdən danışırsan. Bilirsən, insanlar gəlirdilər, yaxınlaşıb deyirdilər ki, “səni serialda çox sevirik”, amma mən də soruşmaq istəmirdim ki, “bəs hansı birində?”.
Seth: “Axı mən çox serialda varam!”
Asia: Bəli, yəni “nə barədə danışdığınızı ayırd belə edə bilmirəm” (dramatik şəkildə).
Amma yenə də, “OİTNB”-də oynadığım obraz, hansı ki, özünü neo-nazi adlandıran ağ supermasistdir, düşünürəm ki, insanlar belə bir obraza küçədə yaxınlaşmaqdan çəkinərlər. Amma çəkinən şəxslər yəqin ki, ayırmırlar ki, mən bir aktyoram və o sadəcə bir rol idi. Təbii ki, Brandy (aktyorun “OİTNB”dəki rolu) və mənim ortaq heç bir özəlliyimiz yoxdur.
Seth: Bəli, bəli.
Asia: Amma “Taylor” olaraq insanların məni tanıması məni çox məmnun edir. Hər cürə insanlar yaxınlaşırlar. Məsələn, biznes geyimindəki şəxslər gəlir ki: “Biz Taylorun ofisdəki performansını sevirik”, hansı ki, möhtəşəmdi. Ya da hərdən valideynlər yaxınlaşır, deyirlər ki, onların uşaqları da qeyri-binardır, “Billions” serialından və həmin obrazdan sonra bunu daha yaxşı anlaya bilirlər və uşaqlarına dəstək olurlar. Bu, mənə çox böyük həzz verir.
[tamaşaçılar əl çalır]
Seth: Elə başlanğıcdan o serial əla idi. Təbii ki, birinci mövsümdən sonra mən təxmin edə bilməzdim ki, bu, həm də valideynlər üçün öyrədici bir alətə çevriləcək. Bu, həm də göstərir ki, onlar bu serialla necə möhtəşəm bir iş çıxarıblar, serialı həmişə fərqli, proqressiv və inkişafda saxlamaqla.
Uzun müddət Nyu-Yorkda yaşayan insanların uğur əldə edəndən sonra şəhər ətrafında öz bilbordlarını görməyi məni çox xoşbəxt edir. Bu şəkildə özünü metroda çəkmisən. Xoşuna gəlmişdi?
Asia: Hə, posterləri ətrafda görmək məni çox şad edir. Mən gəlib-getməklə 18 ildir ki, Nyu-Yorkdayam. Çox metronun yaxınlığında yaşamışam, istifadə etmişəm metrodan. İndi çox əyləncəlidir demək ki, “mən bu stansiyadan çox istifadə etmişəm, burda bir poster var”, “burdan istifadə edirdim ən çox, burda da bir poster”.
Seth: Həm də, korlanmamış birini tapmaq! Təbriklər!
Asia: Aha! Keçən il kimsə Taylorun tək posterlərindən birini korlamışdı. Amma etdikləri elə ona dodaq boyası və gözünə kölgə əlavə etmək idi.
Seth: Vou!
Asia: Bu, mənə çox xoşdu əslində.
Seth: Burda xüsusi bir şəkil də var. Bu şəklin arxasındakı mənanı izah edə bilərsən?
Asia: Deməli burdakı bilbord birbaşa Showtime ofislərinin qarşısında yerləşir. Həm də vaxtilə çalışdığım ən bərbad iş yerlərimdən birinin yerləşdiyi binanın düz üstündədi. 19 yaşım var idi, məktəbdə 4-cü semesterdə idim, səhər saat 9-dan axşam 5-ə qədər ofisdə işləyirdim. Belə bir şey üçün yararlı deyiləm mən. Emaillər yazmaq, telefonlara cavab vermək. Dediyim kimi, indiyə qədərki uən bərbad işim olub. Buna görə də, oranın üstündə yerləşən bilbordı görmək xüsusilə məmnunedicidir.
Seth: Ümid edirəm ki, ordakı köhnə iş yoldaşların üçün də bu məmnunedici olmuş olar ki: “O bacardı!”
Tərcümə: Sam
Powered by Froala Editor