Members of civil society organise demonstation
Socio-political activists, journalists and civil society representatives in Azerbaijan have recently announced a march to protest against the crimes, increasing violence and impunity against well-known public and political figures in Azerbaijan
10/May/22
1668
Vətəndaş cəmiyyətinin üzvləri etiraz yürüşü keçirir
Azərbaycanda ictimai-siyasi fəallar, jurnalistlər, vətəndaş cəmiyyəti nümayəndələri son zamanlar Azərbaycanda tanınmış ictimai-siyasi şəxslərə qarşı törədilmiş cinayətlərə, artan zorakılığa və cəzasızlığa etiraz məqsədilə yürüş elan edib.
Sözügedən cinayətlərə Tofiq Yaqublunun polis bölməsindən çıxarılaraq vəhşicəsinə döyülməsi, jurnalist Əvəz Hafizlinin xüsusi amansızlıqla qətlə yetirilməsi, Samir Aşurov və digər mühacirlərin ölkəyə deportasiya edildikdən sonra işgəncəyə məruz qalaraq həbs edilməsi, Bəxtiyar Hacıyevin oğurlanaraq insan ləyaqətini alçaldan rəftara məruz qalması, nəhayət, jurnalist Aytən Məmmədovanın soyuq silahla özünün və azyaşlı övladının ölümlə hədələnməsi və digər bir çox fəal şəxslərə qarşı ictimailəşməmiş təhdidlərin olması daxildir.
Bu haqda etiraz yürüşünün təşkilatçıları öz sosial şəbəkə hesablarında qeyd ediblər. Onlar həmçinin Feysbuk şəbəkəsində “Kriminal dövlət istəmirik!” adlı yürüş elanı veriblər.
Qeyd edək ki, sadalanan cinayətlər arasında yer alan jurnalist Əvəz Hafizlinin öldürülməsi hadisəsi həm də LGBTQ+ icmasına qarşı nifrət cinayətidir. Belə ki, Əvəz Hafizli transfob və homofob blogger Sevinc Hüseynovanın dəfələrlə icmaya və onun və ailəsinin ünvanına hədə-qorxu və təhqirlər səsləndirməsindən sonra hüquq-mühafizə orqanlarına müraciət etmiş, həyatının təhlükədə olduğunu bildirib, lakin bu müraciətlər nəticəsiz qalıb. Bu ilin 22 fevral tarixində isə Əvəz Hafizli öz qohumu tərəfindən qətlə yetirilib, onun cinsiyyət üzvü isə kəsilib.
Yürüşün təşkilat heyəti hesab edir ki, bu cinayətlər son deyil və cəmiyyət etiraz etməzsə, daha ağır cinayətlər, o cümlədən, siyasi qətllər baş verəcək.
Yürüşün 14 may, 2022-ci il tarixində, saat 15:00-da Fəvvarələr Meydanından başlayaraq Daxili İşlər Nazirliyinin qarşısına doğru həyata keçirilməsi planlaşdırılıb.
Powered by Froala Editor